Avtomobil ehtiyat hissələrinin qiymətində kəskin artım – Gömrük Komitəsinə ittiham

Avtomobil ehtiyat hissələrinin qiymətində kəskin artım – Gömrük Komitəsinə ittiham
 

“Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir. Amma tək ərzağın qiyməti bahalaşmır, avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən-həftəyə kəskin bahalaşır”.  Paralel.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə 1 ay əvvəl 15 manat olan maşın ehtiyatlarından biri indi 25 manat olub: “Ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum. Adam az qaldı ağlasın. Gömrük Komitəsini “ən xoş” sözlərlə yada saldı. Qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi, yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı”.

Dünən Gömrük Komitəsinin “gömrük könüllülərinə” sertifikat payladığını vurğulayan ekspert bu addımı absurd adlandırıb: “Gömrük könüllüləri nə deməkdir axı?! Könüllülər xəstəxanalarda olar və əngəlli insanlara qulluq, qocalara yardım edər. Gömrükdə nə könüllü?! Yoxsa eyni kənddən olan Gömrük rəhbərliyi bu adla öz “trol” qrupunu yaradır ki, onlar sosial şəbəkələrdə tənqidçilərinin üzərinə gəlsinlər?!”, deyə Natiq Cəfərli əlavə edib.

Mahir

0.016433000564575