Könüllü məcburetmə

Könüllü məcburetmə
 

Azərbaycanda vaksinasiya

Dünyanın başbəlasına çevrilən koronavirus pandemiyası, artıq son günlərini yaşayır. Bir neçə aydan sonra biz koronavirus haqqında ancaq lətifələr danışacağıq. Çünki yaddaşlarda bu virusun "tuğyan" etdiyi dövrdən yalnız xoşagəlməz xatirələr qalacaq. Canım Azərbaycanın isə bu lətifələr seriyasında özünün xüsusi yeri olacaq.

Məsələn, nə üçün Azərbaycanda Səhiyyə Nazirliyi kimi möhtəşəm bir qurum mövcud olduğu halda, koronavirusa qarşı mübarizə üçün TƏBİB və Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı? Bilirsiniz ki, dünaynın heç bir yerində (Azərbaycan kimi ölkələr istisna olmaqla) bu virusa qarşı mübarizə üçün xüsusi qurumlar yaradılmayıb. Məsələn, Türkiyədə bu virusa qarşı mübarizənin başında Səhiyyə naziri özü durur.

Başqa bir lətifə polislərimiz barədə olar yəqin ki... Nə üçün dünyanın hər yerində polislər əhaliyə pulsuz maska payladıqları halda, Azərbaycan polisi maskasız vətəndaşları "ovlayıb" cərimələməklə dövlət büdcəsinə (məhz dövlət büdcəsinə) 23 milyon manatdan çox pul köçürüblər? Hələ öz ciblərinə nə qədər gedib, Azərbaycanda belə şeyləri müzakirə etmək təhlükəli olduğundun, susuram.

Digər bir lətifə isə heç şübhəsiz ki, nəqliyyatın fəaliyyəti ilə bağlı olacaq. Taksi mafiyasının təsiri altına düşən TƏBİB və Operativ Qərargah hər həftəsonu nəqliyyatın fəaliyyətinə qadağalar qoymaqla, sözün bütün mənalarında, taksi mafiyasının büdcəsini doldurmuş oldular, özlərinə nə qədər çatdı, yuxarıda dedim də...

Bu da başqa bir məsələdir ki, metronu koronavirusa yoluxma təhlükəsi adı ilə qapayanlar,  avtobuslarda insanların göz-gözə, üz-üzə getmələrini görməzdən gəldilər. Guya metronun fəaliyyətinə icazə verilsəydi, nəqliyyat həftəsonu işləsəydi virusa yoluxma halları dəfələrlə çox olardı. Absurddur! Necə ki, bu gün TƏBİB və Operativ Qərargah elan edir ki, ölkədə peyvənd olunmaq könüllüdür, o da elə...

Bir şeyi yaddan çıxarmayın ki, Azərbaycanda könüllü heç nə olmur. YALNIZ KASIBLAR VƏTƏN TORPAQLARINI QORUMAĞA KÖNÜLLÜ GE-DİR BU MƏMLƏKƏTDƏ, VƏSSALAM! 

Azərbaycanda könüllü məcburetmə (urus demişkən, dobrovolno prinuditelno) daha çox dəbdədir.Yadınıza salın, 90-cı illərin sonunda hamını könüllü YAPlaşdırırdılar. İndi də məlum olur ki, onların hamısı rüşvətxor, korrupsioner, talançı və quldurdurlar.

Sadəcə, bunu açıq etiraf etməkdən qorxurlar, Azərbaycan xalqından yox ey, beynəlxalq qınaqdan, -beynəlxalq təşkilatlardan, onların rəylərindən. Xalqın rəyi ilə hesablaşan kimdir bu məmləkətdə?

Bir məmur, bir deputat göstərin ki, xalqın onun haqqında nə deyəcəyin düşünsün. Onu ancaq kreslo düşündürür, ona görə də zəli kimi yapışıb, əl çəkmək istəmir ki, sadə vətəndaş olmasınlar. Çünki bu məmləkətdə sadə vətəndaş olmağın nə olduğunu çox gözəl bilirlər. Ax kreslo, kreslo!

Əlqərəz, keçək könüllülük məsələsinə və onun imtiyazlarına. Bu mənim üçün çox maraqlıdır.  Adam var ki, pandemiya dövründə öz səhlənkarlığından, sağlamlığına biganəliyindən 1, hətta 2 dəfə yoluxub. Dövlət onun sağlamlığı üçün xeyli vəsait xərcləyib, maddi yardım göstərib, koronaya yoluxmuş şəxs kimi peyvənd olunub və s.

Başqa bir vətəndaş isə dövlətin tələb etdiyi bütün qaydalara əməl edib. Sağlam olduğu üçün öz vəzifələrini də yerinə yetirib, bu müddət ərzində dövləti də bir manat xərcə salmayıb. Bu səbəbdən peyvəndə də ehtiyac duymur. Rəsmi açıqlamalarda elan olunur ki, peyvənd olunmaq könüllüdür. Amma daha sonra bəyan edirlər ki, "korona pasportu", yaxud "immun sertifikatı" olmayanlar idman zallarına, toy mərasimlərinə və digər kütləvi tədbirlərə buraxılmır, avtobuslara və digər nəqliyyat vasitələrinə bletlər satılmır və s. və i.

Həmçinin, belə bir informasiya da yayılıb ki, peyvənd olunan şəxslərin başqaları qarşısında müəyyən imtiyazları da olacaq. Bax, bunu heç cür anlaya bilmirəm. Nə üçün xəstə, dövlətin vəsaiti hesabına müalicə alan, peyvənd olunan bir insan, sağlam, dövləti bir manat belə xərcə salmayan insandan daha böyük imtiyazlara sahib olmalıdır? Bunun anlamı və məntiqi nədir?

Əsla belə düşünməyin ki, mən dövlətin xəstə insanlara diqqət və qayğı göstərməsinin əleyhinəyəm. Yox, yox və yenə də yox! Amma, sağlam insanı da xəstələrin siyahısına salıb, könüllü məcburetmə yolu ilə peyvənd edilməsinin də əleyhinəyəm.

Eyni zamanda, insanlardan hər hansı bir yerdə (ümumvətəndaş pasportu istisna olmaqla) hər hansı bir sənədin tələb olunmasını qəbul etmirəm. Çünki bu, tam olaraq insan hüquq və azadlığına zidd addımdır. Bu barədə düşünün cənablar, düşünün!

 Yusif Seyid

0.0193030834198