Peyğəmbər(ə)-nin meraci
Meracın 2-ci hissəsini Peyğəmbər(ə)-nin Qüdsdən
göyün yeddinci qatına qədərki səyahəti təşkil edir
Meracın lüğəti mənası "yüksəlmə vasitəsi, aləti" deməkdir. Həmin səbəbdən, ona mənəvi nərdivan da deyilir. Merac, həm də "İsra" adlanır. İsra isə "gecə vaxtı getmək və yola çıxmaq" felinin məsdəridir. Merac Peyğəmbər(ə)-nin Məkkədən Qüdsə, oradan da əbədi bir aləmə gedib, yenidən geri qayıtmasıdır.
Həzrəti Məhəmmədin Məkkədən Qüdsə aparılması Quran ayəsilə təsbit olunub. "Bəzi ayə-lərimizi göstərmək üçün bəndəsini (Peyğəmbər Əleyhissələmı) bir gecə (Məkkədəki) Məscidülharamdan ətrafını mübarək etdiyimiz Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir" (İsra,1). Meracın bu hissəsinə İsra deyilir. Meracın 2-ci hissəsini isə Peyğəmbər(ə)-nin Qüdsdən 7-ci göyə qədərki səyahəti təşkil edir və bunu həz.Məhəmmədin aşağıdakı kəlamları təsdiqləyir. 1) "Merac gecəsi bir tərəfdə gözəl yeməklər süfrəsi, digər tərəfdə isə leş gördüm. Camaatın bir qismi halal təamları yox, leşi yeyirdi. Cəbrail(ə)-dən soruşdum: "Leş yeyənlər kimlərdir?". O dedi: "Onlar halal malı var ikən haramı yeyənlərdir"; 2) "Merac vaxtı Cənnətdə uca köşklər gördüm. "Bunlar kimin üçündür" - sualına, Cəbrail(ə) cavab verdi: "Bu köşklər qəzəbini udan və insanları əfv edənlər üçündür".
Meracın həqiqəti
"Meracın həqiqəti nədir" - sualına XX əsr İslam öndəri S.Nursi (1877-1960) belə cavab ve-rib: "Merac, həz.Məhəmmədin kəmalət mərtəbələrində seyrindən ibarətdir". Çağdaş Quran təfsirçilərindən professor A.Bəşara görə: "Meracda məqsəd, zaman və məkandan münəzzəh olan Allahın seçdiyi Rəsulu(ə) ilə görüşüb, onu mənəvi kamilliyə çatdırmasıdır". Şübhəsiz ki, Rəsulu Əkrəm(ə) Yerdə ikən də Allahı "Göylərin və Yerin Rəbbi" kimi tanıyırdı və bunu təbliğ də edirdi. Lakin o, Qalaktika və sonsuz sayda Dumanlı qalaktikalardakı aləmlərdən felən xəbərsiz idi. Peyğəmbər(ə) həmin sonsuz aləmləri seyr edib gördükdən sonra praktik olaraq əmin oldu ki, "Bütün aləmlərin Rəbbi Allahdır". Və sözsüz ki, o, Meraca sahib olmadan "bütün aləmlərə göndərilən rəhmət və Peyğəmbərlərin möhrü ola bilməzdi". Başqa sözlə, Allah heç bir Peyğəmbərinə vermədiyi xüsusi lütf və ehsanını Məhəmməd Mustafa(ə) üçün saxlamışdı.
Musa(ə)-nin istəyi
Məlumdur ki, İbrahim, Yaqub, Musa və İsa həzrətləri də ilahi seyranlara layiq bilinən pey-ğəmbərlər olublar. Lakin həz.Məhəmmədin Meracı hərtərəfli fərqlənən, ülviyyət və qüdsiyyətlə dolu təkrarolunmaz ilahi bir möcüzədir. Belə ki, Allahı görmək arzusunda olan həz.Musaya Rəbb buyurdu: "Sən Məni görə bilməzsən". Bəli, Rəbb Musa(ə)-yə: "Mən görünməzəm" yox, "sən Məni görə bilməzsən" dedi. Fəqət Musa (ə)-nin xahişini nəzərə alan Rəbb, öz təcəllisini dağa əks etdirdi. Dağın bir anda parçalanmasından heyrət və dəhşətə gələn həz.Musa özündən getdi və təbii ki, Allahı görə bilmədi və bilməzdi də. Çünki Musa(ə) bu xahişini zaman və məkanın hökm sürdüyü fani dünyada reallaşdırmaq istəyirdi. Həmin səbəbdən, Allah öz camalını və qüdrətinə dəlalət edən qəribəlik və əcaiblikləri seçdiyi son Peyğəmbər(ə)-yə göstərmək üçün, onu zaman və məkan xaricindən kənar etdi. Məhz Peyğəmbər(ə) hələ sağlığında ikən Merac vasitəsilə əbədi və sonsuz aləmə daxil oldu və oradakı ilahi nizamı gördü. Əgər həz.Peyğəmbərin Meracı zaman və məkan daxilində (Dünyada) olsaydı və Allah camalını həmin şəraitdə ona göstərsəydi, şübhəsiz ki, ya Musa(ə) ilə baş verən hadisə təkrar olunardı, ya da Rəbbin təcəllisi dünyanı məhv edərdi.
Merac haqqında mübahisələr
Meracın nə zaman olduğu mübahisəlidir. Mübahisələrin əsas səbəbini hadisələrin həm əsra-rəngliyi, həm əzəməti, həm onun baş verdiyi dövrdə müsəlmanların dağınıq və azsaylı olması, həm də hadisəni bilavasitə nəql edən əksəriyyətin kiçik yaşda və ya hələ anadan olmaması ilə izah etmək olar. Bəziləri Meracın hicrətdən (622 il) 3, digərləri isə 1,5 il əvvəl baş verdiyini söyləyiblər. Meracın haradan başlandığı da mübahisəlidir. Təfsirçilərin bir hissəsi onun Peyğəmbər(ə)-nin evində, digərləri Məscidi Şərifdə (həz.Məhəmmədin Mədinədə inşa etdiyi məscid), üçüncü qrup isə Əbu Talibin qızı Ümmüxanın evində olduğunu iddia edib. Meracın Peyğəmbər(ə)-nin ruhu və ya bədənilə, oyaq və ya yuxuda olduğu zaman həyata keçdiyi də mübahisəlidir. Hətta bəziləri Meracın bir neçə dəfə baş verdiyini də qəbul edib, İsra və Meracın bir-birindən ayrı olduğunu vurğulayıblar. Klassik şərhçilərin müəyyən hissəsi Peyğəmbər(ə)-nin Məkkədən Qüdsə aparılmasının (İsra) onun cismilə, Qüdsdən göylərə aparılmasının isə ruhu ilə olduğunu söyləyiblər. Lakin əksəriyyət qəbul edib ki, Merac, Peyğəmbər(ə) oyaq ikən cismi və ruhu ilə olub. Onlara görə, bu hadisə Rəcəb ayının 27-ci gecəsi baş verib.
Meracın zahiri və batini
Merac bəşər idrakının fövqündə olan bir hadisədir. Orada zaman və məkan yox olur, maddi qanunlar işləmir. Kainata hakim olan Rəbb, bu gecədə Peyğəmbər(ə)-yə cənnətləri, cəhənnəmləri və Özünü göstərib. Fəqət bu görmə dünyadakı görmə ilə yox, axirət görməsilə mümkün olub. Başqa sözlə, həz.Məhəmmədin Meracı, onun dünyadan zaman və məkanın yox olduğu əbədi bir varlığa getməsi, oradan da yenidən dünyaya qayıdışıdır. Rəbbin Peyğəmbər(ə)-yə məxsusi lütf etdiyi bu olayı S.Nursi belə şərh edib: "Merac, vilayəti həz.Əhmədiyənin kəraməti kübrası, mərtəbəi ulyasıdır". Yəni Merac, Peyğəmbər(ə)-nin vilayətinin (hakimiyyətinin) ən böyük möcüzəsi və ən uca mərtəbəsidir. Merac və oradakı qəribəliklər, həm də Məhəmməd Mustafa(ə)-nin bütün vilayətlərin fövqündə duran vilayətinin təntənəsidir. Meracdan qayıdış isə, onun Rəbbdən bilavasitə aldığı əmrlər məcmuəsi olan risalətidir. Deməli, "Meracın batini xalqın (həz.Məhəmmədin) Xaliqdən aldığı ilahi vilayət, zahiri isə Xaliqdən xalqa (bəşərə) gətirilən risalətdir".
Merac hədis kitablarında
Mənbələrə görə, Meracdan əvvəl Cəbrail(ə) bəzi mələklərlə yerə enərək, həz.Məhəmmədin sinəsini açıb, zəm-zəm suyu ilə yuduqdan sonra oranı hikmət, iman və digər mənəvi dəyərlərlə daha da zənginləşdirib. Peyğəmbər(ə)-nin sinəsinin açılması digər ilahi nemətlərlə yanaşı, bəlkə də Rəbbin onu Merac vaxtı bəşər orqanizminin tab gətirməyəcəyi temperatur, təzyiq, çəkisizlik şəraiti və s. amillərə hazırlaması idi. "Şərhi sadr" adlanan bu hadisənin təfərrüatı "İnşirah" surəsinin təfsirində verilib. Merac haqqında Buxari (v.e.870) və Müslimin (v.e.875) Peyğəmbər(ə)-nin müasiri Əbu Zərin rəvayətinə söykənən məlumatları ən etibarlı mənbələrdir. Həmin qaynaqların xülasəsi belədir: "Şərhi sadrdan sonra həz.Məhəmməd Cəbrail(ə)-nin gətirdiyi Buraqa (ildırım sürətli cənnət minik heyvanı - V.J.) minib Qüdsə gedib, orada namaz qılıb. Sonra o, Cəbrail(ə) ilə 1-ci göyə qalxıb orada həz.Adəm, 2-ci göydə həz.Yəhya və həz.İsa, 3-cü göydə həz.Yusif, 4-cü göydə həz.İdris, 5-ci göydə həz.Harun, 6-cı göydə həz.Musa ilə görüşüb. Peyğəmbər(ə) 7-ci göydə həz.İbrahimlə salamlaşıb. İbrahim(ə) kürəyini Beytil-məmura (Beytil-məmur, 3, 4 və ya 7-ci göydə yerləşir. O, mələklərin qibləsidir. Beytil-məmurun yerdəki nümunəsi müsəlmanların qibləsi Kəbədir - V.J.) söykəmişdi. Sonra Peyğəmbər və Cəbrail həzrətləri Rəbbin hüzuruna gəliblər. Burada həz.Məhəmməd Allahla tək qalıb, heç bir vasitəçi olmadan Ondan 3 ərmağan alıb. Və nəha-yət, Cəbrail(ə) həz.Peyğəmbəri ağıl və idrakın dayandığı son həddə - Sidrəi Muntahana (cənnətləri əhatə edən ulu varlıq ağacı - V.J.) apararaq, orada ona cənnətləri göstərib".
Meracın hədiyyələri
Meracdakı ilahi təbliğat İslam dininin mehvərini təşkil edir. Belə ki, Meracın birinci hissə-sində (İsrada) Rəbb Peyğəmbər(ə)-yə 12 əmr vəhy edib: "1. Allaha şərik qoşmayın. 2. Vali-deynlərinizə yaxşılıq və mərhəmət edin. 3. Haqq sahiblərinə haqlarını verin. 4. İsraf etməyin. 5. Nə əldən çox bərk olun, nə də əlinizi tamamilə açıb, israfçılıq edin; yoxsa həm qınanar, həm də peşiman olarsınız. 6. Övladlarınızı öldürməyin (Bu əmri müasir dövrdə "abort etdirməyin" kimi də şərh etmək olar - V.J.) 7. Zinaya yaxınlaşmayın. 8. Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. 9. Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın düşməyin. 10. Ölçünüz, tərəziniz düzgün olsun. 11. Bilmədiyiniz bir şeyin ardınca getməyin. 12. Yer üzərində təkəbbürlə gəzməyin" (İsra 22-37). Yeri gəlmişkən, bu 12 əmr həz.Musaya verilən 10 əmrin təkmilləşmiş formasıdır. Meracın 2-ci hissəsində Peyğəmbər(ə)-nin bilavasitə Rəbbdən aldığı 3 ərmağan isə bunlardır: 1. Bəqara surəsinin son 3 ayəsi; 2. Şirkdən uzaq olan ümmətin Cənnətlə mücdələnməsi; 3. 5 vaxtı namaz.
Meracda dilin başa sala bilmədiyi, ağlın dərk etmədiyi şeylərin Peyğəmbər(ə)-yə göstəril-məsi, Nəcm surəsində də təsbit olunub. Lakin o dövrün əksər insanları, xüsusən bədəvi ərəblər Merac hadisəsinə inanmadılar. Quranın əzəmət, fəsahət və bəlağəti qarşısında aciz qalan Məkkə müşrikləri isə həz.Məhəmmədə belə dedilər: "Əgər oxumaq üçün bizə (səmadan) bir kitab endirməsən, göyə qalxmağına əsla inanmayacağıq" (İsra 93). Halbuki, Peyğəmbər(ə)-yə həm səmadan kitab nazil edilmişdi, həm də o, göylərə qalxmışdı. Hər şeyi məhdud ağılları ilə ölçən müşriklər Allahın qüdrət vüsətindən xəbərsiz idilər. Onlar varlığı maddi aləmə bağlayıb, sonsuz kainat və onun içindəkilərinə yox, yalnız gördükləri və bildikləri əşya və proseslərə inanırdılar.
Merac elmin və dini tolerantlığın zirvəsidir
Müasir elmi nailiyyətlər həm İsranı, həm də Meracı qəbul edir. Belə ki, kompüter texnikası, kvant fizikası, astrofizika, enerci dalğaları, şəkil və səsin başqa planetlərə verilib oradan qəbul olunması, Ayda "Allah" sözünün eşidilməsi və s. elmi kəşflər VII əsrdə baş verən bu əsrarəngiz hadisəni şübhə altına salmır. Hal belə ikən, dünyanın nuru və ilahi feyzin kamalında olan həz.Məhəmmədin Məkkədən Qüdsə aparılması və oradan Rəbb dərgahına qaldırılması hər şeyə qadir olan Allah üçün çətin olardımı (Haşə!)?! Əsla yox!
Merac, Məhəmməd(ə)-nin sonsuz varlığın bütövlüyü və vəhdətini ruhu ilə hiss edib, bəsirət gözü ilə görməsidir. Peyğəmbər (ə) Merac vasitəsilə zamanın sonuna qədər baş verəcək bütün hadisələri görüb. Onun Meracda kitab və suhuf sahibləri olan peyğəmbərlərlə salamlaşıb görüşməsi, müxtəlif dinlər və onların nümayəndələrinin qarşılıqlı hörmət və əməkdaşlığının vacibliyindən xəbər verir.
Namaz möminin meracıdır
Meracın ən böyük hədiyyəsi namazdır. Həmin səbəbdən namaz, Meracda olduğu kimi, insa-nın ruh və cismilə Rəbbə yaxınlaşması üçün bir mənəvi nərdivandır. Kamil iman, elm, təqva və saleh əməl isə o nərdivanın pillələridir. Lakin "namaz möminin meracıdır" Peyğəmbər(ə) kəlamını hər namaz qılana şamil etmək olmaz. Çünki qılınan namazın aşağıdakı dərəcə və mərtəbələri var: a) Borc olaraq qılınan namaz. Bu, Allah əmr etdiyi üçün vərdiş edilən namazdır. Namaz qılmamaqla müqayisədə, əlbəttə, o da bir mərtəbədir. Fəqət belə namaz sahibini ilahi feyzlərə tam çatdıra bilmir; b) Pis şeylərdən qoruyan namaz. Belə mərtəbəyə çatan insanlar üçün buyurulub: "Namaz bəndənin qalxanıdır". həz.Peyğəmbər bu təbəqəyə daxil olanları "gündə 5 dəfə çimən insanlar" təşbihilə xarakterizə edib. v) Meraca bərabər namaz. Bu, hər dəqiqəsi illərin feyzinə bərabər olan namazdır. Belə xoşbəxt bəndələr həmin anda dünyəvi iş və fikirlərdən azad olub, Rəhmət qapısında boynu bükük səcdə edərək, Rəbbilə bilavasitə təmasda olanlardır...
Merac gecəsində namaz qılmaq məsləhət görülür. Kim bilir, bəlkə də həmin gecədə qılınan və fərz olmayan bu namaz, bəndənin Rəbbilə bilavasitə təması, onun meracıdır. Belə namaza nail olan bəndə, nəinki 1,5 mlrd. müsəlmana, hətta 6,5 mlrd. bəşərə imamlıq edən səviyyəyə qalxır... Merac gecəsi Allaha dua və yaxşı işlərə niyyət etmək, pis işlərdən əl çəkmək və tövbə üçün bir fürsətdir.
Merac, həm də hər bir fərd və millətin mənəvi tərəqqisidir. Rüşvət, korrupsiya, zina, böhtan, sifarişlə adam öldürmə və həbs etmə Allahla yox, Şeytanla təmasda olanların "meracı"dır. Bu "merac"ın Cəhənnəmlə mücdələnməsi Allah vədidir. Namazında meraca nail olmayan əməlisaleh bəndələr isə hər şeyi Allah naminə etdikləri üçün, Allah da onlarladır. Bu, həm Quran, həm də Peyğəmbər(ə) kəlamları ilə təsbit olunub. Zira deyilib: "Bir gün ədalətlə iş görmək 60 ilin ibadətindən üstündür"; "Biliyilə xalqı faydalandıran alim, 70 il ibadət edən adamdan xeyirlidir"; "Cənnətin qapıları qılıncların kölgəsi altındadır" və s. və i.
Din, Vətən, Millət, Bayraq vəhdətinin reallaşması üçün Merac gecəsində iqtidarın hər işini qara rəngdə görən kor müxalifətin görməsi və müxalifəti acından öldürməkdən belə çəkinməyən kar iqtidarın eşitməsi duası ilə.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru