“Azərsu” ASC-dəki yeyintilərin əsas müəllifi olan Etibar Məmmədov – Maxinasiyaların ilginc sxemi

“Azərsu” ASC-dəki yeyintilərin əsas müəllifi olan Etibar Məmmədov – Maxinasiyaların ilginc sxemi
 

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun rəhbərliyi altında uzun illər ərzində həyata keçirilmiş yeyinti və maliyyə maxinasiyaları ilə bağlı araşdırmalara başlanıb.

Sfera.az xəbər verir ki, ortaya ciddi faktların çıxacağı araşdırmaların artıq ilk qurbanları da var. Belə ki, bu günlərdə Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri sayılan Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxsin saxlanması belə düşünməyə əsas verir.

Əldə etdiyimiz məlumatlarda isə "Azərsu”da daha bir neçə şəxsin istintaqa cəlb ediləcəyi gözlənilir. Onlardan biri isə "Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun "sağ əli” kimi tanınmış, "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur.

Bu həmin Etibar Məmmədovdur ki, uzun illər "Azərsu” ASC-nin həyata keçirdiyi əksər "çörəkli” layihələrin baş rol ifaçısı olub. Tikinti-təmir işlərindən tutmuş, yeni su xətlərinin çəkilişinə qədər bütün layihələrdən küllü miqdarda vəsaitlərin "yoxa çıxması” isə bu məsələlərdə iştirakı şübhə doğurmayan Etibar Məmmədovu diqqət mərkəzinə gətirir. Əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsində yol verilmiş nöqsanların miqyası isə o qədər böyükdür ki, Etibar Məmmədovun canını rahatlıqla qurtaracağı inandırıcı görünmür.

Qorxmaz Hüseynovla Etibar Məmmədovun işbirliyi nəticəsində çoxsaylı mənimsəmə faktları var. Onlardan ən diqqətçəkənlərdən biri isə Gəncə şəhərinin su təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilmiş layihəni qazanc mənbəyinə çevirməkləridir.

Xəbər verdiyimiz kimi "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov və "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun adları təmsil etdikləri qurumdakı korrupsiya və yeyintilərlə bağlı hallandırılır. Dövlət əmlakının mənimsənilməsi, rüşvət hallarının olması ilə bağlı adıçəkilən qurumda sözügedən şəxslərlə bağlı araşdırmalar gedir. 

Maraqlıdır, böyük məbləğləri mənimsədikləri deyilən Qorxmaz Hüseynovun və Etibar Məmmədov barədə korrupsiya faktı təsdiqini tapdığı halda onları nə gözləyir? 

Məsələ ətrafında Sfera.az-a danışan "REAL”ın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli "Azərsu" ASC-in fəaliyyətinin son illər ərzində xüsusilə bərbad olduğunu bildirib:

"Adıçəkilən şəxslərin adının korrupsiya halında olması ilə bağlı məhkəmənin qərarı olmalıdır. Lakin onların dövründə qurumun fəaliyyətinə qiymət vermək olar. "Azərsu" ASC ölkədə korrupsiyaya uğramaq ehtimalı ən çox olan, qeyri-effektiv işləyən təşkilatdır. Bu qurum hər il böyük həcmdə subsidiyalar almasına baxmayaraq, ziyanla işlədiyini açıqlayırdı. Orqan dövlət büdcəsinin vəsaitləri, xarici kreditlər hesabına böyük layihələr həyata keçirdiyini desə də, layihələrin keyfiyyət və qiyməti şübhə doğururdu. Bakı-Tbilisi-Oğuz su kəmər layihəsində 241 km-lik heç bir nasos stansiyası qurulmadan adicə boruların çəkilməsi az qala  milyard dollara başa gəlmişdi. Bu da narahatlıq yaradırdı ki, bu layihə belə qiymətə başa gəlməməliydi". 

Natiq Cəfərli xarici kreditlərin də "Azərsu” rəhbərliyi tərəfindən mənimsənildiyini bildirib: "Dünya bankı və digər beynəlxalq strukturlar tərəfindən ölkədə kollektorların tikilməsi, kanalizasiya sularının təmizlənməsi ilə bağlı 100 milyon dollarla bağlı kredit ayrılmışdı. Həmin pulların necə xərclənməsi ilə bağlı "Azərsu" ASC ictimaiyyətə açıqlama və hesabat verməyib. Zaman-zaman insanlar tərəfindən şikayətlərin edilməsi qurumun fəaliyyətində ciddi nöqsanların olmasına dəlalət edir. Qiymətlərin şişirdilməsi, rentabelliklə bağlı problemlərin nəticəsində həm dövlət büdcəsi ziyan görüb həm də əhali. Bu istiqamətdə suallara aydınlıq gətirilməsi üçün hüquq-mühafizə orqanları əlindən gələni edəcək".

Xatırladaq ki, br neçə il qabaq Gəncənin su təminatını yaxşılaşdırmaq məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlə Şəmkirdə yeni salınan su anbarından Gəncəyə 1400 mm qalınlığı olan polad borularla su çəkilmişdi. Həmin boru istifadəyə veriləndən sonra Gəncənin su təsərrüfatı xeyli yaxşılaşmışdı. Amma necə deyərlər, sən saydığını say, gör Qorxmaz Hüseynovla Etibar Məmmədov nə sayır...

Bu həmin ərəfələr idi ki, hazırda həbsdə olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov balıq biznesi, daha doğrusu Şəmkirdə Forel təsərrüfatı qurmaq qərarına gəlmişdi. Aydın məsələdir ki, belə bir təsərrüfatı davamlı su mənbəyi olmadan reallaşdırmaq mümkün deyildi. Elə bu anda Alimpaşanın yardımına "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov çatır. Belə ki, Gəncəyə getməli olan su tədricən borulardan balıq təsərrüfatına yönəldilməyə başlayır.

Böyük ehtimalla Alimpaşa Məmmədovun istintaqı zamanı bir çox digər məqamlarla bağlı bu məsələ də araşdırılacaq. Bu zaman isə izlər Etibar Məmmədovun üzərinə gətirdiyindən onun işin içindən salamat çıxacağı şübhə doğurur.

"Azərsu” ASC sədrinin müavini isə təkcə bu qanunsuzluqla yetinməyib. Onun müəllifliyi ilə həyata keçirilmiş digər yeyinti və mənimsəmə faktları ilə bağlı da məlumat verməyə çalışacağıq.

Mənbə Sfera.az

0.02091908454895