Kasıbların qənimi
Koronanın ömrü niyə uzandı?
Son zamanlar koronavirus haqqındı o qədər əcaib- qəraib sözlər danışırlar ki, bilmirsən nə edəsən. Biri deyir ki, korona ilə birgə yaşamağı öyrənmək lazımdır. Qardışım, indiki zamanda adam halal arvadı ilə yaşamağı doğru-dürüst öyrənə bilmir. Evlənib üç gün keçməmiş, deyir ki, boşanıram. Korona isə öz ölüm xofu ilə hamını rəncidə etdiyi bir zamanda onunla birgə yaşamağı necə öyrənək? Bir başqası deyir ki, korona heç də deyildiyi qədər təhlükəli deyil.
Belədirsə, dünyanın ağıllı başları nə üçün bu bəlanın təhlükəsizliyi barədə qərar qəbul etmirlər?
Əlqərəz, hərə bir söz danışır, millət zillət çəkir, korona da öz işində.
Məlumdur ki, 2020-ci ilin fevralında ölkəmizdə koronavirus infeksiyasının mövcud olduğu rəsmi şəkildə təsdiqləndi və mart ayında sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Heç şübhəsiz ki, bu vaxta qədər, artıq bir çox insanlar bu virusa yoluxmuşdular və onu adi qrip kimi keçirərək özləri müalicə olunmuşdular. Koronavirus pandemiya halını alanda isə bu bəla həmin insanlardan yan keçdi. Bunun əsas səbəbini isə həmin insanların immun sisteminin güclü olması ilə əlaqələndirdilər. Yəni o dövrdə bu virusdan ölənləri də, adi ölüm kimi qəbul etdilər. Bu, o vaxta qədər davam etdi ki, ölkədə rəsmi şəkildə pandemiya elan olundu. Daha sonra hər kəsin ağzından bir avaz gəldi. Biri dedi, bu virus az bir zaman kəsiyində yox olub gedəcək, havaların qızmağını gözləmək lazımdır. Bir başqası bəyan etdi ki, bu çox təhlükəli virusdur sərt karantin rejimi tətbiq olunmasa, onunla mübarizə aparmaq çətin olacaq. Bu sayaq fikirlər də, insanları çaşqın vəziyyətə saldı və bir çoxları virusun mövcudluğuna əhəmiyyət vermədən öz həyatlarını davam etdirdi. Çünki heç kim koronavirus pandemiyasının bu qədər davamlı olacağını gözləmirdi. Keçən ilin may ayında yoluxma hallarının 2 rəqəmli həddə düşməsi də, insanlarda bir arxayınçılıq yaratdı ki, artıq koronanın sonudur. Bu səbəbdən də görülən tədbirlərə, tələb olunan qaydalara biganə yanaşmağa başladılar. Bu biganəlik heç də müsbət nəticələrə səbəb olmadı və yay aylarında yoluxma halları sürətlə artmağa başladı. İkinci Vətən Müharibəsi və ondan sonrakı dövrlərdə də artım tempi aşabı düşmədi, daha da sürətlənərək kritik həddə çatdı. Bununla belə, insanlar bu virusu ciddiyə almaq istəmədilər, hər kəs öz işində, gücündə oldu. Bu da əsas etibarı ilə insanların sosial durumları ilə bağlı idi. Çünki virusun yaratdığı təhlükəyə baxmayaraq, insan həm də öz yaşamını təmin etmək zorunda idi. Məhz buna görə də, görülən bütün tədbirlərə, aparılan təbliğat kampaniyalarına və maarifləndirmə işlərinə baxmayaraq, insanlar tətbiq olunan qadağaları pozmaqda davam etdilər və bu da son nəticədə koronavirusun ömrünün üzanmasını xidmət etdi. Onu da yaddan çıxarmayaq ki, koronavirusla mübarizənin iki nəticəsi olur; insan bütün imkanlarından və tətbiq olunan qaydalardan istifadə edərək koronavirusa qalab gəlir, yaxud da heç bir qadağaya məhəl qoymur və koronavirusa uduzur- ölür, üçüncü yol yox...
Burada biz kiçik bir statistik araşdırma aparsaq, belə bir nəticəyə gələ bilərik ki, sosial vəziyyəti ağır olan kasıb insanlar arasında ölüm halları, varlı, imkanlı insanlarla müqayisədə 80-ın, 20-yə nisbətindədir. Yəni hər 100 kasıbdan 80 nəfəri, hər 100 imkanlıdan isə 20 nəfəri koronanın qurbanı olur. Onu da yaddan çıxarmayaq ki, bu virusa yoluxanların da böyük əksəriyyəti kasıblardır. O kasıblar ki, avtobuslarda biri-birinin belində işə gedib-gəlir, o kasıblar ki, normal qidalana bilmir, o kasıblar ki, imkansızlıqları üzündən həkimlərə müraciət etmir və s. Belə bir statistikanı yəqin ki, dövlət qurumları, o cümlədən Operativ Qərargah və TƏBİB aparmır. Çünki belə bir statistika, ümumilikdə ölkədə mövcud olan sosial ədalətsizliyin təsdiq demək olardı. Bütün bunlara baxmayaraq, yüksək çinli məmurlar, deputatlar və dövləti təmsil edən digər şəxslər minimum əmək haqqının 250 manat, minimum əmək pensiyasının 200 manat olduğu bir məmləkətdə insanların həyat səviyyəsinin və rifahının yüksək olduğunu iddia etməkdən utanmırlar. Bu necə rifahdır ki, insan aldığının- fərq etməz pensiya, yaxud maaş- böyük qismini kommunal xərclərə və dərmanlara xərcləyir. Belə bir insanın koronavirus dönəmində işləmədən evdə oturması mümkündürmü?
Kolronavirusun uzunömürlülüyünün bir səbəbi də, ölkədə güclü təbəqələşmənin, insanlar arasında ayrı-seçkiliyin ən yüksək həddə çatmasıdır. Bunun əyani sübutu özünü imkansızlara 190 manat yardım verilərkən göstərdi. İddia olundu ki, bu yardımdan 600 min insan yararlanıb. Amma heç kim soruşmadı ki, ölkədə bu yardıma ehtiyacı olan 1,5-2 milyondan çox insan olduğu halda, nə üçün cəmi 600 min nəfər bu şərəfə nail olub? Belə faktlar da var ki, kasıb qonşunun varlı qonşusu bu yardımı alıb, kasıba isə verməyiblər ki, "sənin həyətində 2 velosiped var". Bax belə... Soruşuram, dövlətdən heç bir yardım almayan 100 minlərlə insanın bütün bu müddət ərzində öz yaşamını necə təmin etdiyini soruşan olubmu, bu məımləkətdə? Olmayıb! Burası məmurlar ölkəsidir, burada kasıbları düşünən yoxdur!
Amma qoyulan qadağaları pozmaq məcburiyyətində qalan bu imkansız insanların cərimələnməsi faktları olub (Həm də nə az, nə çox 23 milyon manat). Dövlət bununla da insanların kasıb qismini polislə üz-üzə qoydu: "tazıya tut, dövşana qaç",- deməklə.
Son zamanlar isə koronavirusun ömrünün sona çatması, yaxud da, ümumiyyətlə koronavirusun öldürücü təsirinin olmaması barədə fikirlər gündəmə buraxılır. Mənə belə gəlir ki, bütün bunlar korona dönəminin bitməsi barədə çağırışa bir hazırlıq mərhələsidir. Çünki bu bəlanın davam etməsi haqqında iddialar daha bir müddət davam edərsə, bu həm dövlətlərin iqtisadi vəziyyətinin ağırlaşmasına, həm də bəzi dövlətlərdə qarşısıalınmaz sosial partlayışlara səbəb ola bilər. Məhz bu səbəbdən də, virusun mövcudluğu iddiasından milyardlar qazanan Ümumdünya Səhiyyə Təşkilatı, virusun zəiflədiyini etiraf etmək zorunda qalıb.
Ümumdünya Səhiyyə Təşkilatı dedim, maraqı bir məqam yadıma düşdü. Onu da sizinlə bölüşmək istəyirəm. Son zamanlar səhiyyə qurumlarına tez-tez baş çəkmək zorundayam və bu səbəbdən bir çox mətləbləri araşdırmaq mənə daha asan olur. Həkimlər jurnalistlərlə açıq danışmaq istəməsələr də, xəstə ilə, yaxud xəstənin yaxınları ilə danışmaqdan çəkinmirlər. Çünki dolanışıqları xəstədən çıxır.
Bir məsələyə diqqət edin, hazırda dünya səhiyyəsini idarə etdiyini iddia edən ÜST, əslində, formakologiya və səhiyyə mafiyasının ilhamvericisi funksiyasını yerinə yetirir.
Apardığım araşdırmalar zamanı Azərbaycan səhiyyəsində və formakologiyasında (dərman satışı və istehsalı müəssisəsi, Apteklər şəbəkəsi) gördüklərimin, eşitdiklərimin ancaq Azərbaycanda mövcud olduğunu düşünürdüm. Fəqət, sonradan Azərbaycanın bu bataqlığın yalnız bir qətrəsi olduğu düşüncəsinə gəldim. Çünki Azərbaycan səhiyyəsində və formakalogiyasında baş verənlər sadəcə, azərbaycanlı həkimlərinin və formosevtlərinin icad etdikləri deyil. Burada böyük bir şəbəkə fəaliyyət göstərir ki, Azərbaycanın bu şəbəkədən kənarda fəaliyyəti əsla mümkün deyil. Azərbaycan səhiyyəsində mövcud olan rüşvət əmsalı onları sadəcə daha ağır cinayətlərdən sığortalayır. Azərbaycanda hansısa həkim hələ ki, ölüm faktında ittiham olunaraq həbs edilməyib. Ən ağır halda rüşvət, vəssalam! Azərbaycanda isə rüşvəti yalnız o kəslər almır ki, ona vermirlər. Keçək əsas məsələyə:
Bu gün dünya insanlarının (bəşər övladının) sağlamlığı, əslində səhiyyə və formakalogiya mafiyasının əlindədir. Bu iki qurum yaranmış vəziyyətdən istifadə eldərək hər il milyardlarla dollar pul əldə edir. Lakin onlar insanların sağlamlığında, əsla maraqlı deyillər. Buna görə, bizim ölkəmizdə də xəstəxanaların, klinikaların və digər "sağlamlıq"
mərkəzlərinin sayı gündən-günə artsa da, sağalan insanlara rast gəlmək çətinldəşib. Məhz bu səbəbdən də, istər xəstəxanalarda, istər poliklinikalarda xəstə əlindən tərpənmək olur.
Koronavirus kimi epidemiyaların yayılmasının əsas səbəblərindən biri də, müxtəlif xəstəlikləri olan insanların bir məkanda (xəstəxana və klinikalarda) kütləvi şəkildə toplanmalarıdır. Biz bu gün insanların açıq havada belə, bir yerdə olmalarını, maskasız gəzmələrini qadağan edirik. Sağlam insanların toy, yas mərasimlərində iştirakına qadabağ qoyuruq, amma xəstəxana və klinikalarda xəstə insanlar biri-birinin ağzına girir və bunu görməzdən gəlirik, nə üçün?
Dünya Səhiyyə mafiyasının üzvü olan Azərbaycan səhiyyəsinin başbilənləri, görəsən bu suala cavab verə bilərlərmi? İnanmıram, çünki savab versələr belə, dedikləri yalan olacaq. Ona görə ki, son 20-30 ildə bu məmləkətdə reallığı olduğu kimi söyləyən bir məmura rast gəlmədim. Biz yalan içində səadət axtaran bir topluma çevrilmişik. Nə qədər ki, bu yalanlara inanacağıq, nicat tapmağımız mümkün deyil.
Yusif Seyid