Rəbbin möcüzəli peyğəmbərləri - İsa Məsih

Rəbbin möcüzəli peyğəmbərləri - İsa Məsih
 

Kafirin küfrünü qırmaq, möminin imanını qüvvətləndirmək üçün Rəbbin sonsuz möcuzələrindən biri də, bəzi səxslərin partenogezlə (mayalanmadan) doğulmasıdır. Bəzi klassik məxəzlərə görə, dünya zəkasının korifeyləri olan Pifaqor, Platon və Roma imperatoru Avqust atasız doğulan belə müstəsna şəxsiyyətlərdən olublar. Allahın peyğəmbərlik və kitab verdiyi, ibrət dərsi və aləmlərə möcüzə etdiyi Məryəm oğlu İsanın doğuluşu da, Onun qüdrətindən doğan ilahi bir nemətdir. Hələ körpə ikən Allahın verdiyi nitqlə Onun birlik və varlığına, anası Məryəmin ismətli olmasına şəhadət verən və öz ümmətinə sevgi, məhəbbət aşılayan müqəddəs bir bəşərin dünyaya Rəbb sözü ilə gəlməsi, Yaradanın sonsuz hikmətindən bir nümunədir.

Bu hadisəni Quran belə bəyan edir: "(Məryəm doğduğu) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin"... "(Məryəm: Özü ilə danışın - deyə) ona (uşağa) işarə etdi". Onlar: "Beşikdə olan uşaqla necə danışaq?" - dedilər. Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: "Mən həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi..." (Məryəm 27-30).

İsa (ə)-nin təbliğindən qorxuya düşən o dövrün hökmdarı 1 İrod isə onun öldürülməsi məqsədilə 2 yaşa qədər olan oğlan uşaqlarının hamısının məhv edilməsini əmr etdi. Göründüyü kimi, dünya öz ədalətsiz prinsipinə sadiq qalaraq, növbəti peyğəmbəri də hələ körpə ikən ölüm və işgəncə hökmü ilə qarşıladı. Fəqət bu, hələ bütün dünya deyildi...

 

İsa (ə)-nin doğum tarixi

 

Vətəndaş və kilsə cəmiyyəti bizim eranın başlanğıcını İsa (ə)-nin anadan olması günündən qəbul edib. Miladi təqvimin VI əsrdə monax Dionis tərəfindən tamamilə səhv tərtib edilməsinə baxmayaraq, planetin əksər hissəsi indi də bu yanlış təqvimdən istifadə edir. Dionis belə hesab edirdi ki, Məsih 25 dekabr 753-cü ildə, yəni Roma şəhərinin əsası qoyulduqdan 753 il sonra doğulub və 754-cü il yeni eranın 1-ci ilidir. Bunun əksinə olaraq, tarixi mənbələrin əksəriyyəti peyğəmbərin doğum ilinin b.e.ə. 7 və ya 6-cı il olduğunu göstərir. Rəvayətə görə isə İsa (ə) 30 və ya 33 yaşında pasxa günlərində- 25 martla 6 aprel arasında vəfat edib. Qədim dövrdə insanların əsasən ölüm tarixi qeyd edildiyi üçün, peyğəmbərin anadan olma günü kahinlərin sehirli metodları ilə müəyyən edilib. Yəhudi-xristian dini qaynaqlarda belə bir fikir var ki, müstəsna şəxslərin ölüm günü bilinərsə, onun doğum günü ölüm günündən dəqiq doqquz ay sonra olmalıdır. Bu prinsipə görə, Məsihin anadan olma günü 25 dekabr və ya 6 yanvara uyğun gəlir. Lakin hər iki tarix bu günə kimi bir-biri ilə dini-siyasi mübarizə aparan Şərq və Qərb kilsələri tərəfindən uzun müddət mübahisəyə səbəb olduğundan, bu hadisə Qərbdə 25 dekabr, Şərqdə isə 6 yanvar günündə qeyd edilir. Yeni ilin Qərb kilsəsində 25 dekabrdan 1 yanvara və Şərq kilsəsində yanvarın 6-dan 13-ə kimi bayram edilməsi ona görə qeyd edilir ki, bu günlərdə Məsih camaata göstərilib.

Haşiyə: Pravoslav (Şərq) kilsəsi İsgəndəriyyə astronomu Sozigen tərəfindən hazırlanan təqvimdən istifadə edir. İmperator Yuli Sezarın adını daşıyan bu təqvim Yulian təqvimi adlanır (köhnə stil). Orta Yulian ili 365,25 gündür ki, bu da astronomik ildən (365,2422) 0,0078 gün uzundur. Həm bu amil, həm də Şərq kilsəsinin istifadə etdiyi təqvimdən imtina məqsədilə papa Qriqoriy 1582-ci ildə yeni Qriqorian təqvimi tərtib etdi (yeni stil). Hazırda köhnə stil (Yulian) ilə yeni stil (Qriqorian) arasındakı günlərin fərqi 13 gündür. Bu fərq 2100-cı ildə 14 gün olacaq.

 

İncilyandıran papa

 

İsa (ə)-nin həyat və təliminə həsr edilimş 4 İncil, minlərlə məqalə, kitab, dissertasiya və filmlərin olmasına baxmayaraq, təəssüf ki, onlar peyğəmbərin təbiət, təlim və kəlamlarının obyektivliyini tam əhatə etmir. Çünki Quran ayələrini yazdıran Məhəmməd (ə)-dən fərqli olaraq, həqiqi İncilin ayələrini İsa (ə) nə özü yazıb, nə də başqasına yazdırıb. Xristian mənbələrinə görə, Papa I Gelasiy (492-496) dövründə müəyyən əlavə və düzəlişlər edilmiş 4 İncildən başqa kilsə xadimlərinin mənafeyinə uyğun gəlməyən bütün incillər yandırılıb. Həmin incillərin məhv edilməsinin əsas səbəbi İsa (ə)-nın özündən sonra bir peyğəmbərin - həz.Məhəmmədin gəlməsi barədə müjdə verməsidir. Yəhudilər Musa (ə)-dən sonra İsa (ə)-ni qəbul etməyib onun ölümünə hökm verdikləri kimi, ilkin xristianlar da həz. İsadan sonra Məhəmməd (ə)-nin peyğəmbərliyini qəbul etmirdilər.

1903 və 1945-ci illərdə Misirin Oksirinx (indiki Haqq Hammədi) şəhərində aparılan arxeoloji qazıntılar da təsdiq etdi ki, doğrudan da incillər çox imiş və bu gün təbliğ olunan təhrifli 4 İncil şifahi deyimlər, rəvayətlər əsasında, həz. İsanın vəfatından çox sonra - 90-180-ci illərdə yazılıb. Bunu Əhdi-Cədidi (Yeni Əhd) təşkil edən incillərdən asanlıqla sezmək olar. Belə ki, 4 İncil "İncil Mattaya, Marka, Lukaya və Yəhyaya görə" kimi təqdim edilir. Yəni incillər, İsa (ə)-in müasiri olmayan şəxslərin hadisələri eşitdiklərinə görə qələmə almasıdır. Başqa sözlə, hadisələr həmin müəlliflərə görə o cür cərayan edib. Bu saxtakarlığa dözə bilməyən xristian müqəddəs İustin hələ 130-cu ildə təkidlə bəyan edirdi ki, "Təbliğ edilən incillər təhrifə məruz qaldıqları üçün, onlar Allah və Məsih kəlamlarını düzgün əks etdirmir". Elə bu etiraza görə o, 163-cü ildə qərəzli kilsə tərəfindən edam edildi.

Beləliklə, hətta xristian qaynaqları da təsdiq edir ki, din ierarxiyasının yüksək mərtəbəsində olan əksər kilsə xadimləri incillər üzərində şəxsi "düzəliş və əlavələrini" nə az, nə də çox, İsa (ə)-nin vəfatından sonra düz 467 il davam etdiriblər. İsaşünas xristian E. Renan demişkən: "O vaxtkı xristianlığın bir-birini təkzib edən iki vicdanı olub".

 

İsa (ə)-nin vəfatı

 

Təhrifli və bəzən də bir-birinə zidd olan incillərlə Quranın müxalif tezislərindən biri də Məsihin məhz harada ölməsi məsələsidir. İncillər peyğəmbərin vəfatını çarmıxda təsvir edir. Quran isə onun Allah tərəfindən (səmaya qaldırılıb) canının alınmasını bəyan edir.

Əvvala, mənbələrə görə, Məsihin müasirləri olan bir sıra xristian cəmiyyətləri, II-III əsrlərin tarixçiləri, xüsusən Vasilid, qeyd ediblər ki, "çarmıxa çəkilən Məsih deyil, tamamilə başqa adam olub". İkincisi, çarmıxa çəkilmə epizodunun "dəqiq yeri" Konstantin vaxtında, yəni 326-cı ildən tez olmayaraq (peyğəmbərin vəfatından 293 il sonra!) "kəşf" edilib ki, bunda da əsas məqsəd həmin ərazini xristianlaşdırmaq olub. Üçüncüsü, Roma imperiyasının qanunlarına görə, çarmıxa ancaq üsyan etmiş qullar, azad olmayan şəxslər çəkilərdi. Halbuki Məsih qul yox, azad insan idi. Çarmıxa çəkilmə yəhudi qanunlarına görə də edilə bilməzdi. Çünki həmin qanunlara əsasən ölümə məhkum olunan şəxsi ya daş-qalaq edərdilər, ya da boynunu vuraradılar. Dördüncüsü, Tövratdakı "Edam edilən hər bir şəxs Allah qarşısında lənətlidir," - ifadəsi, gəlişigözəl söz olmayıb, Musa (ə)-nin Rəbbə istinadən peyğəmbər sözüdür. Deməli, Rəbb digər amillərlə yanaşı bu kəlama görə də seçdiyi peyğəmbərini heç vaxt lənətləməz. Beşinci dəlil isə, Quranın "Onlar İsanı nə öldürdülər nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı." - ayəsidir (Nisə 157).

Göründüyü kimi, nə tarix, nə o dövrün dini-dünyəvi qanunları, nə də Tövrat məntiqi və Quran İsa (ə)-nin çarmıxda vəfat etməsini təsdiq etmir.

 

İsa (ə) kimdir? İnsan ya...

 

2000 ildir ki, bilərəkdən və ya zənnə uymaqla İsa (ə)-ni ilahiləşdirənlərə hətta təhrifli İncil təbil vurub bəyan edir: "Ey İsrail ərləri! İsa, onun vasitəsilə Allahın aranızda yaratdığı möcüzələr, xarüqələr və əlamətlərlə sizə Allah tərəfindən təsdiq edilmiş bir adam idi" (bax. İncil, Həvarilərin işləri, II-22). Quran isə İncilin bu ayəsini "İsa ancaq peyğəmbərlik verdiyimz bir bəndədir" (Zuxruf, 53) kəlamı ilə təsdiq edir. Bəli, o, adam, bəndə idi. Haşə, Allah oğlu yox!

Xristianlıq dövlət dini kimi IV əsrin əvvəlində Roma imperiyasında yaranıb. Onun dini rəmzi isə 381-ci ildə Konstantinopolda (indiki İstanbulda) II Ümumdünya Kilsə Məclisində təsdiq edilib. Həmin rəmzə görə, üç üqnum ata allah (dünyanın xaliqi), oğul allah (İsa Məsih) və müqəddəs ruh allahdan ibarətdir. Lakin ilkin xristianlıqdan bu günə qədər təvhid prinsipinə (monoteizmə) xələl gətirmədən "oğul allahın" - Məsihin (həz.İsanın) statusunun təyin edilməsi rəsmi xristian dairələri üçün həmişə problem yaradıb. Belə ki, "Allahın tək və şəriksiz, yeməyən, işməyən, görünməyən və ölməyən olmasını Məsihin yeyən, içən, görünən və ölməsinə rəğmən "allahlaşdırılmasını" necə əlaqələndirilməli?", "üç üqnum"da "Məsihin yeri və fizioloji təbiəti, "Adəmin günahına görə Məsihin qurban verilməsi", Məsihin allah olmaqla yanaşı, onun aciz bir insan kimi edam edilməsi", "allah oğlu olan Məsihin iki təbiətə (Allah və insan), bir iradəyə malik olması" və c. və i. kimi primitiv, məntiq, elm və imandan uzaq, təvhidə zidd tezislər həmin problemlərdəndir. İlkin və orta əsr xristianlığında kilsə xadimlərinin cavab tapa bilmədikləri bu suallar azmiş kimi, rəsmi Vatikanın 1854-cü ildə Məryəm ananın "Məsih allahın anası olaraq ilahiləşdirilməsi", 1950-ci ildə isə "Məryəmin oğlu Məsih kimi göyə çəkilməsi" ehkamını rəsmən qəbul etməsi sözügedən problemləri daha da dərinləşdirib.

 

Xristianlığı Məsih statusu parçaladı

 

Tarix sübut edir ki, Məsih statusunun müzakirəsi həmişə xristian aləminin parçalanmasına səbəb olub. Belə ki, bu məsələnin Yunanıstanın Xolkidon şəhərində çağırılan Ümumdünya Kilsə Məclisində müzakirəsi (451-ci il) xristianlığı üç hissəyə parçaladı. 500 yepiskopun iştirak etdiyi həmin toplantıda çoxluq təşkil edən diofizitlər Məsihi həm Allah (haşə!), həm də insan kimi qəbul etdilər. Əslində çoxluğun bu qərarı, yaradan Allahı bəndə səviyyəsinə endirmək, yaradılan bəndəni isə Allah səviyyəsinə qaldırmaq idi. Azlıqda qalan ikinci tərəfin rəhbəri Konstantinopol patriarxı Nestoriy idi. Onlara (nestorianlara) görə, Məsih insan kimi doğulub. Onun (Məsihin) allahlığı müqəddəs fəaliyyətilə bağlıdır və Məsih sonradan allah oğlu olub. 5-6 nəfərdən ibarət üçüncü tərəf isə monofizitlər idi. Onlar hesab edirdilər ki, Məsihin yalnız bir təbiəti (monofizit) - Allah təbiəti var və onun insan təbiəti Allah təbiyyətinin içindədir. Məclis azlıqda qalan hər iki qurumun əqidəsini küfr hesab edib, onları toplantıdan qovdu. Nestorianlar XIII əsrə kimi fəaliyyətdə olsalar da, bu gün onların fəaliyyəti İran, İraq və Suriyadakı kiçik qruplar istisna olmaqla, yox dərəcəsindədir. Monofizitlər isə dünyanın müxtəlif ölkələrində məskunlaşdılar. Xristianlığın monofizit məzhəbinə qulluq edən xalqlardan biri də, özləri kimi dini inancları da saxta olan ermənilərdir. Çoxluqda qalan məzhəb sonradan - 1054-cü ildə pravoslavlara (doğru yol) və katoliklərə (ümumdünya) ayrıldılar. Katoliklərə görə, "müqəddəs ruh" ata allahla bərabər oğul allahdan da zühr edə bilər. Pravoslavlar isə bu iddianı qəbul etmirlər. XVI əsrdə katolisizmdən protestantlıq (etiraz edənlər) məzhəbi yarandı. Protestantlar kilsənin insanlarla Allah arasında vasitəçi olması hüququnu rədd edirlər. Onlara görə, hər bir şəxs öz imanı vasitəsilə Allahla əlaqə qura və günahlarını yuya bilər. Protestantlar ikona və müqəddəslərə pərəstişi qəbul etmirlər. Beləliklə, müasir dövrdə xristianlığın beş əsas cərəyanı var: pravoslavlar, katoliklər, protestantlar, monofizitlər və nestorianlar. Mövcud olan çoxsaylı təriqətlər adıçıkilən məzhəblərdən törəniblər.

Bu gün bəşəriyyətə təqdim edilən ikinci elə bir kitab yoxdur ki, tərcümə və çap olunan nüsxələrin sayına görə Bibliya ilə müqayisə edilsin. 800 milyon nüsxə ilə düyanın 140-dan artıq ölkəsində 2009 dil və şivədə təbliğ olunan bu kitabların 70 faizi, Azərbaycan da daxil olmaqla, qeyri-xristian ölkələrində əsasən pulsuz-hədiyyə kimi yayılır (müqayisə üçün qeyd edək ki, hədiyyə məqsədilə çap olunan Quran isə çox vaxt pulla satılır). İsa(ə) təlimindən fərqli olan bu təbliğlərin nə qədər yanlış və bəzən də ziyanlı olduğunu XX əsrin alman teoloq və filosofu (qeyd edək ki, o, xristian idi) Klinqer V.M. belə ifadə edirdi: "Əgər Məsih indi Romaya gəlib öz təlimini o vaxtkı kimi ilahi kəlamla təbliğ edərsə, onu fikirləşmədən kafir kimi həbsxanaya göndərərlər".

Bu baxımdan, etiqad məsələlərində tərəddüd edən şəxs bilməlidir ki, o, təqdim və təbliğ edilən hər hansı dinin mahiyyəti, qayəsi və batinini dərk etdikdən sonra ruhunu oxşayan dini seçməlidir.

Kamil insanın, məhz bundan sonra "dində məcburiyyət yoxdur" ilahi kəlamını iqrar etməyə mənəvi haqqı var.

P.S. Həz.İsanın kəlamlarından bir nümunə: "İki nəfər dua etmək üçün məbədə girdi: biri fərisey (Tövrata ciddi riayət edən adam - V.C.), digəri isə vergiyığan. Fərisey özündən razı vəziyyətdə belə dua edirdi: "Ya Allah! Mən başqaları kimi soyğunçu, haqsız, zinəkar və yaxud da bu vergiyığan kimi olmadığım üçün Sənə minnətdaram. Həftədə iki dəfə oruc tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm". Vergiyığan isə qapı ağzında durub, gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi; fəqət sinəsinə döyə-döyə deyirdi: "Ya Allah! Mən günahkara mərhəmət et!" Sizə deyirəm ki, fərisey yox, bu adam evinə saleh olaraq qayıtdı. Zira özünü yüksəldən hər kəs alçalacaq, fəqət özünü alçaldan yüksələcəkdir". (İncil, Luka XVIII: 10-14).

Həz.Məhəmmədə və bütün peyğəmbərlərə, o cümlədən həz. İsaya iman gətirən Azərbaycan şairi mərhum Şəhriyar bu həssas təvazö məqamı nə gözəl ifadə edib.

Hamı yatmış, bir mən oyaq, bir də İlahi,
Yox bir kimsə məndən aşaği, Ondan yuxari.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.017563819885254