ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR
 

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

 (əvvəli ötən saylarımızda)

 Ayədəki “müttəqilər üçün hidayətdir” (“hudən lil-muttəqin”) ifadəsini hidayətə qovuşanlar üçün təqva qaynağıdır kimi anlamamalıyıq: “... İfadədə hidayət təqvanın deyil, təqva hidayətin alt yapısı (əsası, bünövrəsi) olaraq təqdim edilir, yəni təqva hidayətin səbəbi, hidayət təqvanın nəticəsidir... Hidayətdən öncəki təqva “məsuliyyət əxlaqı”dır. “Məsuliyyətli davranış” anlamına gələn saleh əməl də məhz belə bir əxlaqdan doğular”.

BEYDAVİ yazır ki, Qurani-Kərim hidayəti müttəqilərə (təqva sahiblərinə) xas qılmışdır (aid etmişdir). Bunun səbəbi var: təqva sahibləri bu rəhbərlikdən istifadə etmiş, uca Allahın ayələrindən yararlanmışlar. Əslində, Qurani-Kərimin yol göstərməsi insanların hamısına aiddir: “O, insanlara bir rəhbərdir” (2/185). Quran hidayətindən özəlliklə təqva əhlinin istifadə etməsi bunu da göstərir: “Ondan ağlından doğru istifadə edənlər, düşünənlər faydalana bilər, çünki Quran sağlamlığı qorumaq üçün zəruri olan faydalı qida kimidir. Bədən sağlam deyilsə, o faydalı qidalar işə yaramaz...”.

“HÜDA” / “HİDAYƏT” yol göstərmək, doğru yola yönəltmək, maarifləndirmək, uca Allahın razı olduğu həyat tərzində, iman, ibadət, əxlaq yolunda ilahi rəhbərlik etməkdir. İlahi kitablar müttəqilərə (təqvalı olanlara) doğru yolu göstərmək üçün nazil edildi, bu kitablar qorunanlara ilahi rəhbərlikdir. Hüda/hidayət açıq olan, doğru yolu tapan, göstərən dəlildir. Elə bir dəlildir ki, insanı doğru yola qovuşdurur. Əl-Hüda insanı arzuladığı məqsədə qovuşdurar, o, nurdur, qaranlıqları yox edər, o, bələdçidir, insanı azmaqdan qoruyar.

3-cü ayənin şərhi (Bəqərə, 2/185)

  1. a) Qurani-Kərim insanlığa rəhbərdir – hidayətdir

QURANİ-KƏRİM hidayətdir, hidayətin qaynağıdır, hidayət Onunla mümkündür. Hüda qəlbə yerləşən imandır, qul onu istəyər, uca Allah da yaradar.

ZƏMƏXŞƏRİ deyir ki, ayədə “müttəqilərə hidayət rəhbəridir” deyilir. Müttəqilər hidayətə qovuşmuş insanlardır. O halda, ayə niyə bu biçimdə nazil olmuşdur? (Yəni hidayətdə olanlara hidayət istəməyin anlamı nədir?): “Bu, sənin hörmətli bir insana: “Allah səni əziz qılsın, sənə güc və qüvvət versin, sənə ikram etsin”, - tərzindəki cümlənə bənzəyir. Sən bu cümlənlə o insanda var olan şeyin sabit olmasını, artmasını, davam etməsini istəyirsən. Eyni ölçü Fatihə surəsinin bu ayəsində də var: “Bizi doğru yola yönəlt!” (Doğru yolda olanlar doğru yol istəyirlər – doğru yolda olmaq önəmli, onu qorumaq daha önəmlidir)”.

HİDAYƏTDƏ şüurlu, iradəli, hədəfli tələb/yönəlmə var. Hidayət arzu edilən şeylərə qovuşduran vasitələri qəti/dəqiq göstərmək, doğru yolu tanıtmaq, yol işarələrinin anlamını izah etməkdir, yəni maarifləndirmə işidir, həqiqəti açıqlamaqdır, elm, öyrənmə, oxuma, düşünmə yoxdursa, hidayət də yoxdur. Hidayətin ziddi dəlalətdir (azmadır).

“HİDAYƏT” sözü ilə eyni kökdən olan sözlərdən biri də “hədy”dir, “həyat tərzi”, “hal”, “gediş” anlamları var. Allah Rəsulu buyurur: “Sözün ən doğrusu Allahın kitabıdır, yolların ən gözəli də Məhəmmədin yoludur (hədyu Muhamməd)”.

Qurani-Kərimdə hüda/hidayət ilə vəhy arasında sıx bağ var: “Ey insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir” (10/57).

“Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün öz elçisini hidayət və haqq dinlə göndərən Odur...” (9/33).

Böyük İslam alimi RAĞIB ƏL-İSFAHANİYƏ görə uca Allahın insanı hidayətə yönəltməsi dörd mərhələdə gerçəkləşir:

- hidayət insana yol göstərən ağıl və biliyi ifadə edir. Bu hidayət insana verilmişdir: “(Musa): “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir”, - dedi” (20/50).

- uca Allah Qurani-Kərimi nazil edərək, Elçi seçərək insanları hidayətə dəvət etmişdir: “Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik” (21/73).

- hidayət uca Allahın insana lütfüdür: “İman gətirib yaxşı işlər görənlərin Rəbbi (onları)... hidayətə qovuşdurar” (10/9). “Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər” (64/11).

- uca Allah hidayətə qovuşanları axirətdə cənnətə qoyar: “Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar deyərlər: “Bizi buraya gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişlər!” Onlara: “Etdiyiniz əməllərə görə varis olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir” (7/43).

ALİMİN DEDİYİ BUDUR: uca Allah insanın hidayətə qovuşması üçün ona AĞIL vermiş, KİTABLAR, ELÇİLƏR göndərmiş, lütf etmiş, bu imkanlardan doğru yararlananları da cənnətlə müjdələmişdir. ALLAH RƏSULU nur və hidayət olan Qurani-Kərimə sımsıx sarılmağı tövsiyə etmiş, Ona sarılanın nicat tapacağını, Ondan ayrılanın da dəlalətə düşəcəyini vurğulamışdır. O, uca Allahdan hidayət istəmişdir: “Allahım, məni bağışla, mənə mərhəmət et, mənə hidayət, afiyət, ruzi ver!” “Allahım, hidayət etdiklərinlə bərabər mənə də hidayət ver. Sağlamlıq və afiyət verdiklərinlə bərabər mənə də sağlamlıq ver! Himayə etdiyin kimsələrlə bərabər məni də himayə et! Mənə verdiyin nemətləri bərəkətləndir!”.

UCA ALLAH buyurur ki, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək verilən, seçilən bir nemətdir. Uca Allah istədiyinə hidayət verər, istədiyini də azdırar anlayışı yanlışdır, elə olsa idi, ilahi Kitablara, Elçilərə, ağıla, iradəyə, imtahana, ibadətə, itaətə, əməyə, hesaba, yenidən dirilişə, cənnətə, cəhənnəmə ehtiyac olmazdı. Uca Allah buyurur ki, dində məcburiyyət yoxdur, istəyən iman etsin, istəyən küfür etsin, O, insanı azdırmaz, azmaq istəyənin azmasına izin verər.

QURANİ-KƏRİM BUYURUR Kİ, İNSAN HİDAYƏT ÜÇÜN BU ADDIMLARI ATMALIDIR:

- məsuliyyətli varlıq olduğunu qəbul etməli, üzərinə düşən işləri yerinə yetirməlidir: “De: Əgər mən azsam (dəlalətə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər şeyi eşidir, O, (quluna şah damarından) çox daha yaxındır” (34/50);

- iman etməlidir, iman etsə, uca Allah ona rəhbər olar: “Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhylə mümkün olar...” (34/50);

- uca Allaha (Onun kitabına) sımsıx sarılmalıdır: “Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın...” (3/103);

- kimsənin arxasınca kor-koranə düşməməlidir: “Onlara: “Allahın endirdiklərinə uyun!” – deyildiyi zaman: “Xeyr, biz atalarımızın ənənəsinə tabe olarıq”, - deyərlər. Ataları ağıllarından heç istifadə etməmiş, doğru yolu tapmamışlarsa, necə olacaq?” (2/170);

- cihad etməlidir: “(Biz) davamız uğrunda var gücünü xərcləyənləri, əlbəttə, Öz yollarımıza yönəldəcəyik, şübhəsiz, Allah yaxşı və ərdəmli olanların yanındadır” (29/69);

- hidayətə yönəltməyi istəməli, onun üçün dua etməli, çalışmalıdır: “Bizi doğru yola yönəlt!” (1/5);

- hidayətə tabe olmalıdır: “... Hər kim (ona çatan) rəhbərliyə tabe olsa, artıq onun üçün gələcək qorxusu yoxdur, keçmişdən dolayı hüznlü də olmayacaq” (2/38);

- azmamaq üçün çalışmalıdır: “... Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma, bizə yanından bir rəhmət bəxş et...” (3/8);

- bilməlidir ki, O, azmayanı azdırmaz: “Onlar nə zaman yoldan azdılarsa, Allah da Onların qəlblərinin azmasına izin verdi” (61/5);

QURANİ-KƏRİM BUYURUR Kİ, BU İŞLƏR İNSANIN AZMASINA YOL AÇAR:

- ənənəyə kor-koranə bağlılıq: “... Onlar: “Atalarımızın ənənəvi bir inanca bağlı olduğunu gördük, biz də onların izindən getsək, mütləq doğru yolu tapa bilərik”, - deyirlər” (43/22);

- doğru yolda olduğunu zənn etmək: “Onlara: “Allahın endirdiyinə və peyğəmbərə gəlin!” - deyiləndə: “Atalarımızın ... inancı bizə yetər!” - deyirlər” (5/104);

- arzu və həvəsinin arxasınca getmək: “Ondan (Rəbbin ayələrindən) üz çevirən kimsədən daha zalım biri ola bilərmi?” (18/57);

- zülm etmək: “Xeyr, (özlərinə) zülm edən kimsələr bilgisiz və şüursuzca öz arzu və həvəslərinə tabe olurlar. Artıq Allahın (bu şəkildə) azdırdıqlarını kim doğru yola yönəldə bilər ki?” (30/29);

- uca Allahın ayəsini (ayələrini) bilmədən ehkam kəsmək (hökm vermək): “Onlara doğru yolun bilgisi gəldiyi zaman insanları ona inanmaqdan uzaqlaşdıran şey bu cür (belə) düşünmələridir: “Bu, necə ola bilər? İndi Allah fani bir insanımı elçi göndərdi?” (17/94);

- şeytana uymaq: “... Şeytanı dost seçənlər ola bilər, əlbəttə, (şeytan) o tipləri azdırar, yaxıb-yandıran bir əzaba yönləndirər” (22/4);

- axirətə inanmamaq: “... Doğrusu, Allahın hüzuruna çıxarılacaqları həqiqətinin yalan olduğunu söyləyən, doğru yola yönəlməməkdə israr edən kimsələr (o gün) hər şeyi itirmiş olacaqlar” (10/45);

- öncə iman edib, sonra inkara yönəlmək: “... Onu inkar etsəniz, unutmayın ki, göylərdə və yerdə olan hər şey Allaha aiddir”;

- ehtiyacsız olduğunu düşünmək: “Bəli, bəli, insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə...”; (96/6-7)

 (Ardı var)

 Siraceddin Haci

 

0.082399129867554