Əli Həsənovun oğluna məxsus televiziya bağlandı

Əli Həsənovun oğluna məxsus televiziya bağlandı
 

Milli Televiziya və Radio Şurasının iclası keçirilib. MTRŞ-dan bildirilib ki, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.

"Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul etmişdir.

İclasda, həmçinin, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.

Paralel.az Yeniavaz.com-a istinadən xəbər verir ki, lisenziyasına xitam verilən "Kaspi Global" MMC-nin (Dalğa TV) direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Qlobal” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, təxminən 20 gün əvvəl “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) də “Kaspi Qlobal” MMC-yə qarşı qarşı məhkəmə iddiası qaldırıb. Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutan iclasda “Kaspi Qlobal” MMC-nin “Azərkosmos” ASC-yə borclu olduğu qeyd olunub.

0.01859188079834