Beyləqanda tender camaşırxanası: milyonlar necə “yuyulur?”
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi yolların təmir olunması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Arqument.az-ın araşdırmasına görə, qalib şirkət “İnşaat Servis-2” MMC-dir. Qurum görülən işlər müqabilində şirkətə 440 617.84 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İnşaat Servis-2” MMC 31 avqust 2009-cu ildə qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 40A, mənzil 17-də yerləşən MMC-nin qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur.
“İnşaat-Servis-2” MMC haqqında açıq mənbələrdə hər hansı məlumat, rəsmi səhifə və əlaqə nömrəsi yoxdur.
Araşdırma zamanı isə bəlli olub ki, bu şirkət şübhəli tenderlər üçün yaradılıb.
Yerli sakinlər isə deyirlər ki, MMC xüsusilə Beyləqanın icra başçısı Asif Ağayevin sevimli şirkətidir. Təkcə 2020-ci ildə şirkət Beyləqan Rayon İcra Hakimiyyətindən 2 617 124.52 AZN dəyərində müxtəlif sifarişlər alıb.
MMC-nin qanuni təmsilçisi Vüqar Aslanova gəlincə, o, həm də “Veteks-2017” MMC-nin sahibidir. Bu şirkət 11 noyabr 2016-cı ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu, Beyləqan şəhəri, A.Əkbərov küçəsi, ev 24-də yerləşir. Hazırda şirkətin qanuni təmsilçisi Qardaşov Aydın Əliguşəd oğludur.
Mediada yayılan məlumatlara görə, Vüqar Aslanov bu şirkət vasitəsilə Beyləqan və Zərdabda iri məbləğli tenderlərin qalibi olub.
Mənbə Arqument.az