Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb

Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb
 

Dövlət Gömrük Komitəsinə əməlli başlı çaxnaşma düşüb. Komitənin məsul şəxsləri arasında həbslər başlayıb. Artıq 5 vəzifəli şəxs rüşvət alarkən saxlanılıb.

Ekspertlərin fikrincə, həbslər müvafiq komitədə islahatların anonsundan xəbər verir. Hansı ki, islahatlar çərçivəsində komitənin ya hansısa nazirliklələrə bilrəşdirilməsi, ya da rəhbərlikdə istefaların olacağı gözlənilir. Son vaxtlar bu qurumla bağlı mətbuatda çoxsaylı şikayətlər və neqativ fikirlər yayılır.

Şikayətlərdə komitə rəhbəri Səfər Mehdiyevin yarıtmaz fəaliyyəti tənqid olunur və istefası tələb edilir. Səfər Mehdiyev isə rəhbərlik etdiyi qurum daxilindəki həbslərlə bağlı hələlik susqunluq nümayiş etdirir. Halbuki, bir müddət əvvəl o, mətbuat vasitəsilə bəyan etmişdi ki, gömrükdə rüşvət və ya neqativ hallarla bağlı fakt olsa, özü istefa verəcək. 

Məsələ bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında  Dövlət Gömrük Komitəsində bundan sonra da həbslərin olacağını bildirib: 
“Çünki gömrük orqanlarının yaranma və işləmə fəlsəfəsi Azərbaycanda düzgün ayarlanmayıb. Gömrük orqanları daxili istehsalçıları qorumaq üçün yaradılmış bir orqandır. Daxili istehsalçılar bir kənarda qalıb, ölkədə istehsal olunan, olunmayan bütün məhsullara çox yüksək gömrük rüsumları var.

Gömrüyün ən çox topladığı vəsait 18 faizlik əlavə dəyər vergisidir. Ümumiyyətlə, gömrüyün ayrıca bir komitə kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Əgər hökumət köklü islahatlar aparıb Gömrük Komitəsinin ya Maliyyə Nazirliyi, ya da İqtisadiyyat Nazirliyinin tərkibində bir departament olaraq fəaliyyət göstərməsini istəyirsə, buna uyğun struktur islahatları aparılmalıdır”.

Ekspert bildirir ki, Əslində normal ölkələrdə belə həbslər olan zaman qurum rəhbərliyi özü istefa verir:  “Bu qədər korrupsiya halları və narazıçılıq varsa, Gömrük Komitəsininn rəhbəri istefa verməlidir. Təssüf ki, Azərbaycanda istefa mədəniyyəti olmadığından, bunu görmürük. Bu baxımdan Səfər Mehdiyevin özünün istefaya getməsi məntiqli olar. Amma qurumun fəaliyyətinin fəlsəfəsinin  dəyişməsi də vacibdir. Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasının Azərbaycan indiki reallığında heç bir əhəmiyyəti yoxdur”.

Natiq Cəfərli həbslərin gömrük rüsumlarına təsiri məsələsinə də münasibət bildirib. O, deyib ki, problem gömrük rüsumlarının 15 pilləli sistemdə olmasındadır: “Azərbaycanda gömrük rüsumları 0-dan 15 faizə qədərdir və insan faktorundan asılı olaraq faiz dərəcələri dəyişdirilir. Bu, doğru deyil. Çox yayğın və korrupsiyaya yol açan bir sistemdir. Ona görə də Azərbaycanda gömrük tarifləri ən çox üçpilləli olmalıdır. Məsələn,  0,5-15 faiz civarında olmalıdır ki, gömrük rüsumları ilə bağlı problem olmasın”. 

Xatırladaq ki, 
Baş Prokurorluq tərəfindən saxlanılan Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri bu gün məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo.az” xəbər verir ki, istintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqdimat verərək Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmənin qərarı ilə Aydın Eylazov barəsində 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. Belə ki, özəl şirkətlərdən biri iki qayığı icarəyə götürərək Azərbaycana gətirib istifadə edib geri qaytarmalı imiş. Bunun üçün də vergi ödənilməsi nəzərdə tutulur. Şirkətin nümayəndəsi bəyannamə imzalayaraq vergini ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin qayıq Azərbaycanda istifadə olunsa da, vergi ödənilməyib.

A.Eylazov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödənilmədən qayıqların ölkəyə buraxılması barədə qərar verməkdə təqsirləndirilir. Amma o, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Elmar Mirzəyev isə 300 manat rüşvət almaqda ittiham olunur. Həmin şirkətin əməkdaşı E.Mirzəyevin bank kartına 300 manat pul köçürüb. Emin Xəlilov da özəl şirkət nümayəndələrindən rüşvət alaraq “prosedurları yüngülləşdirməkdə” ittiham edilir.

A.Eylazov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), E.Mirzəyev və E.Xəlilov isə 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.

0.017513990402222