Göydən düşən almalar...
Ağac yoxsa, onu hardan gözləyək?!
Təbiəti sevmək və onun qayğısına qalmaq, bu qiymətli xəzinəni qorumaq, bütün bunları etmək iqtidarında olmayanda isə ona toxunmamaq bizə uşaqlıqdan aşılanır. Yəni təbiətin mənası-mahiyyəti, qiyməti və digər məziyyətləridir ki, onu “ana təbiət” adlandırır, bu əvəzedilməz xəzinəni ikinci anamız hesab edirik. Son cümlədə “əvəzedilməz xəzinə” sözünü heç də təsadüfi yazmadım. Təbiətə qarşı belə israrlı qənimkəsilmə münasibətini davam etdirsək, onun bir azdan doğrudan da əvəzedicisi olmayacaq. Baxmayaraq ki, hər yaz fəslində təbiət özünü yeniləmə, canlanma və tənzimləmə, bir sözlə, özünübərpa prosesinə başlayır...
Yenə də “sapı özümüzdən olan baltalar”ın ucbatından, bu yaz ağackəsmə problemi yenidən baş qaldırıb. Halbuki, sözügedən istiqamətdə işlərin aparıldığı, proseslərin davam etdirildiyi rəsmi şəkildə bəyan edilir. Maraqlıdır, bizdə həmişə nəyisə müzakirə edirlər, nəyinsə haqqında danışırlar, bəzən iş də görürlər. Lakin sözlə əməl heç vaxt bərabər şəkildə üst-üstə düşmür, ya da ki, deyilənlər yerinə yetməmiş, hansısa iş yekunlaşmamış, başqa bir problem özünü yetirir. Bu mənada, bir problemin axırına çıxmaq, onu yetərincə həll etmək həmişə müşkülə dönür...
Elə ağackəsmə kampaniyası da onlardan biridir. Bu yöndə məlumat verilincə, müvafiq tədbir görüncə, cərimənin mürəkkəbi qurumamış başqa biri meydana çıxır. Paytaxt əhalisinin biri də yaşadığı ərazidə çıxarılan iki ağacın taleyi barədə bizə xəbər verməyi özünə borc bilir. Əslində, bu barədə yazmamaq da olardı, çünki sözügedən yöndəki məlumatlar, xəbərlər bu gün sıradan biri hesab edilir. Lakin sakinin söylədikləri ağacların kəsilməsindən deyil, kökündən çıxarılmasından və s. bəhs edir. Özü də bu işi həyata keçirənlərin bütöv bir məhəllə sakininin “gözündən pərdə asmaq”la, saxtakarlıqla etməsi çox məyusedicidir...
Deməli, tikinti gedən əraziyə düşən iki böyük, həm də yarpaqlamış ağacın kökünü qazıblar, traktorla onu dartıb çıxarandan sonra böyrü üstə atıblar. Həmin ağacları bir müddətdən sonra binanın istirahət üçün nəzərdə tutulmuş ərazisinə gətiriblər və yenidən əkiblər. Azyaşlı uşaq da bilir ki, bitkini əkmək üçün onun kökünü heç vaxt açıq havada saxlamırlar, heç olmasa suda, ya da torpaqda mühafizə edirlər. Bu binəva ağacları isə yerindən qoparandan, yurd-yuvasından edəndən sonra bir kənara atıblar. Halbuki, ağacı yerdəyişmə etmək niyyəti olsaydı, onun üçün əvvəlcədən çala qazılmalı və sonra bu iş həyata keçirilməliydi. Görünür, niyyət bu deyilmiş və kökü hava çəkən ağaclar da nəinki yerini sevmədi, onu sevməyənlər qollu-budaqlı, yaşıllanmış, yarpaqlamış ağacları bivaxt və primitiv formada yerdəyişməyə məruz qoydular. “Gözə kül üfürən”lər görüntüdə ağacı kəsmədilər, onu qolbudaq etmədilər. Amma nə faydası, bu gün kənar yerlərdəki eyniadlı ağaclar bütövlükdə yaşıllaşıblar, qazılıb çıxarılanlar və sonradan basdırılanlar isə qurumaqda davam edir...
Elə həyat da belə əməl sahibləriylə birlikdə davam edir. Onların etdikləri barədə car çəkməkdən yorulsaq da, belə əməl sahibləri mənfi işlərdən əl çəkmir, usanmır. Baxmayaraq ki, ekoloji durum ildən-ilə pisləşir, vəziyyət irəliyə deyil, geriyə doğru hərəkətdədir. Bu məqamda, yeri gəlmişkən qeyd edim ki, anadan olmasının 880-ci ildönümü olan dahi şairin şərəfinə 2021-ci il “Nizami ili” elan edilib. Fəqət bu məqamı bədii nöqteyi-nəzərdən yada salmadım. Təbiət, ekoloji vəziyyət dahi şairimiz Nizami Gəncəvini də dərindən narahat edirmiş ki, bu məqamı onun əsərlərində dəqiqliklə görmək mümkündür. Bunun üçün akademik Budaq Budaqovun “Nizami Gəncəvi “Xəmsə”si və təbiət” adlı məqaləsinə nəzər salaq.
Akademik B.Budaqov dahi şairi təbiətin, kainatın, bütün dünyanın sirlərinə yaxşı bələd olan təbiətşünas-alim kimi səciyyələndirərkən belə obrazlı ifadələr işlədib: “Nizami söz dünyasının hökmdarıdır. Ona görə də şairin dediyi kimi, firuzə rəngli geniş göy günbəzi Nizami fikri üçün dardır. Nizami poeziyada dağ qartalıdır. O, sənət elmində nə qədər yüksəyə qalxıbsa, dünya hadisələrinə də o qədər geniş, o qədər ucadan baxıb və o qədər dərindən qələmə alıb”...
Akademik dahi şairin təbiətlə bağlı fikirlərini tədqiq edərkən isə belə bir elmi qənaətə gəlib: “Nizami poemalarında müasir elmi dildə desək, diyarşünaslığa, ölkəşünaslığa, yerşünaslığa, toponimikaya, qitələrin fiziki coğrafiyasına, biocoğrafiyaya, ekologiyaya, ətraf mühitin mühafizəsinə dair zəngin elmi-bədii mülahizələr və ümumiləşdirmələr vardır. Nizami Gəncəvi müasir Azərbaycan coğrafiya elminin ilk özülünü qoymuş coğrafiyaçı alimdir”. B.Budaqov qeyd edirdi ki, məhz buna görə də dahi şairin coğrafi görüşləri xüsusi tədqiqat obyekti olmalıdır. Buna əsas verən də var, belə ki, Nizami “Xəmsə”də Yerin kürə formasında olmasının elmi səbəbini izah edərək bunu fırlanma hərəkətində izah edir: “Bu kürə şəklində yalnız yer deyil, o xətt ki, hərlənir, yuvarlaqdı bil”...
Alimin fikrincə, yerin daxili quruluşu, yer qabığına təsir edən endogen və ekzogen proseslər, vulkan və zəlzələlər haqqında “Xəmsə”də qiymətli elmi fikirlər mövcuddur. Yenə də dahi şairə müraciətlə “od bir kiçik dəlik tapmasa, hökmən, yarıb çıxar çölə yerin təkindən”. Sitat: “Yer qabığının inkişafına, dəyişməsinə təsir edən endogen proseslərdən zəlzələnin, ekzogen amillərdən isə suyun və küləyin rolunu yüksək qiymətləndirən N.Gəncəvi yazır:
Torpaqdan nə qədər xərc alsa rüzgar
Aldığı torpaqla çuxur doldurar.
Bundan aldığını ona verərək,
Aldığı mayanı qaytarar külək.
Bu çat-çat yerlərə diqqətlə bir bax,
Torpaqdan qurulmuş bu yerlər ancaq.
Gah zəlzələ qopar, gah sellər axar,
Torpaq tuta bilməz bir yerdə qərar.
Zəlzələ batırar, su yuyar onu,
Sonra düzəngaha çevrilər sonu”.
B.Budaqov qeyd edir ki, dahi şair Gəncə zəlzələsinin dəhşətlərini parlaq boyalarla təsvir etdiyi kimi, onun tarixi haqqında, hətta, həftənin hansı günü (şənbə) baş verdiyini də yazıb. Belə ki, Gəncə zəlzələsi nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə füsunkar Göygöl yaranıb. Yenə də akademikin məqaləsindən sitat: “Müasir elmi coğrafiyaya görə, coğrafi təbəqə və onun tərkib hissələri olan litosfer, atmosfer, hidrosfer, biosfer altı əsas təbii ünsürdən - onların qarşılıqlı təsir və əlaqəsindən yaranmışdır. Həmin ünsürlərin (süxur, torpaq, hava, su, bitki, heyvan) hamısı və onların qarşılıqlı əlaqədə inkişafı dahi şairin “Xəmsə”sində, xüsusilə, “İsgəndərnamə”də öz parlaq əksini tapmışdır. Məsələn, “İsgəndərnamə”də oxuyuruq:
Onlardan birinci - işıqlı oddur,
Dünyanın ən yüksək tağı da odur.
İkinci - küləkdir, hərəkətdədir,
Hərəkət etməzsə, bilinməz nədir.
Üçüncü - sudur ki, təravət verər,
Hər şeyə gözəllik, lətafət verər.
Dördüncü - torpaqdır tapdayır əyyam,
Tapdanan köksündən toz qalxır müdam...
Qatdı bir-birinə onları həyat,
Yaratdı bunlardan bitki, nəbabat
Bitki də başqa cür artdı, dirçəldi -
Cürbəcür heyvanlar vücuda gəldi”...
Bundan başqa, alimin fikrincə, aparılan araşdırmalardan da məlum olub ki, dahi şair “Xəmsə”də yüzlərlə ölkə, region, şəhər, qəsəbə, dağ, düzənlik, çay, göl və s. adını çəkib. Misal üçün, Nizami “İsgəndərnamə”də Gilan atının ən yaxşı atlardan olduğuna eyham vuraraq yazıb: “Keçərsə körpüdən bu gilan atım, inanma Gilana bir də qayıdım”...
“İsgəndərnamə” poemasına “İzahlar” yazmış görkəmli alim Əkrəm Cəfər isə bu beytin mənasını belə şərh edir: “O zaman yaxşılığı ilə məşhur olan Gilan atı nəzərdə tutulur. Yəni ömrümün Gilan atı həyat körpüsündən keçəndən sonra bir də dünyaya qayıtmayacağam, əbədiyyətə qarışmış olacağam”...
Qeyd edək ki, dahi şairimiz N.Gəncəvi irsindən yararlanmağın vasitə və yolları müxtəlif və rəngarəngdir. Bunlardan biri də təbiəti mühafizə məsələlərinin öyrədilməsi prosesində dahi şairin zamanı neçə əsr qabaqlayan fikir və ideyalarından bəhrələnməkdir. Çünki dahi şair “Xəmsə”də təbii gözəllikləri və təbii sərvətləri qorumağın zəruriliyinə xüsusi diqqət yetirirdi. Bilmirik təəssüf edək, yoxsa necə, hikmət dolu həmin fikirlər bu günədək öz dəyərini və aktuallığını qoruyub saxlamaqdadır. Və təəssüf hissi də təbii ki, problemin əsrlərdir bizimlə yol-yoldaşı olmasındadır...
Dahi şair demişkən, “əgər sağlam olsa hava bu zaman, dəydiyi şeylərə yetirməz ziyan. Yox, əgər havada olarsa zəhər, dəydiyi hər şeyi yəqin məhv edər”...
Bəli, dahi şair hələ XII əsrdə havanın çirklənməsinin acı nəticələri barədə insanları xəbərdar edirdi.
“Bar verən belə bir ağacı gerçək, rəvamı baltanın ağzına vermək?” deyən şair, canlıları məhv edən insanları “vəhşi”, “yırtıcı” adlandırır, onların əməllərinə qarşı öz etiraz səsini ucaldırdı:
Hər maral ovçunun zülmündən qaçar,
Yırtıcı vəhşidir hələ insanlar.
Çöldə şux bir ceyran düşməyir ələ,
İnsandan sığınır dağa, köhülə...
Yada salaq ki, qədim zamanlarda Kür-Araz ovalığında sayı çox olan ceyran-cüyür sürüləri get-gedə azalaraq, müasir dövrdə kökünün kəsilməsi təhlükəsi yaranıb. Bu proses hələ XII əsrdən başlandığından, nadir təbiət incilərinin mühafizəsi məsələsinə humanist şairin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemalarında geniş rast gəlmək olur.
“Yazıq heyvanlara nə qəsdin vardır? Onlar həyat üçün yaranmışlardır”, deyən şair “qurd olsa bir adam zatında əgər, bu qurd o ceyranın qanını tökər” kimi səslənir.
Bu misralara isə zənnimizcə, hamının diqqət etməsi vacibdir. Çünki, ordakı məna yaradılışımıza nəzərən, çox diqqətəlayiqdir:
Bu dünyanın hikməti çatmaz sona əzəldən,
Hər canlının şirindir canı ona əzəldən.
Üstünlükdə varlığın birincidir dünyada,
Hər canlı da sənintək bir incidir dünyada...
Bəli, istər şüurlu canlılar olan insanların, istərsə də şüursuz hesab etdiyimiz digər canlıların hər biri bir təbiət hadisəsidir. Lakin baxır hansı motivdən onu hadisə saymaq olar... Motivində qəsdinə dayanmaq olanların birindən bəhs etdik. Bir növ, giriş formasında. “Arifə bir işarə”ni də Nizami Gəncəvinin simasında kifayət hesab etdik. Və hesab edirik ki, bu ili şərəfinə adlandırdığımız Nizami Gəncəvinin təbiətin inkişaf qanunları, kainatın yaranması, göy cisimləri haqqındakı dəyərli elmi fikirləri aktual olduğu qədər də, ondan hər an bəhrələnməliyik.
...Bəhrələnmək demişkən, onu birbaşa mənada istəyiriksə, əlimizi baltaya uzatmayaq!
Ki, əvəzində açdığımız əlimizə-ovcumuza da ordan bar-bərəkət yağsın...
Nigar Orucova