Dilimiz kimliyimizdir!

Dilimiz kimliyimizdir!
 

Dilə ögey münasibət hardan yaranır?

 Bir insan səhv söz deyəndə, bir başqasını aşağılayanda, yalan danışanda, "dilim-dilim olasan, dilim",- deyərək sanki özünü təmizə çıxarır və danışdığı yalanda dilini günahkar sayır. Son 30 ildə bu məmləkətdə baş verənlərdə isə nə ağızdakı dilin (sözün həqiqi mənasında), nə də Azərbaycan dilinin bir günahı yoxdur. Günah dilimizə biganə yanaşan biz insanlardadır.

 Mərhum şairimiz Abbas Səhhətin bu sözləri hər birinizə tanışdır:

" Vətəni sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!"

Hesab edirəm ki, vətənini sevən hər kəs, heç şübhəsiz ki, həm də öz ana dilini sevməlidir. Yəni, dilini sevməyən, dilinə xor baxan, onu bəyənməyən insanda nə vicdan olar, nə də vətən sevgisi.

Bu da danılmaz həqiqətdir ki, milləti-millət eyləyən, onu dunyaya tanıdan da, dildir. Bizə ta uşaqlıqdan təlqin ediblər ki, Azərbaycan dili dünyanın elə nadir dillərindəndir ki, bu dilin özündə bir ritm, ahəngdarlıq, musiqi var. Orta məktəbdə (söhbət 60-cı illərin əvvəllərindən gedir ) dil-ədəbiyyat müəllimimiz var idi, Ələsgər müəllim. Vətəninə, xalqına, dilinə o qədər bağlı bir insan idi ki, onun dərsləri bizim üçün bir ibrət, vətənə, dilimizə bir sayğı örnəyi idi. Ələsgər müəllim dönə-dönə təkrarlayırdı ki, dilinizi sevin, onun gözəlliyinə xələl gətirməyin. Dilinizə yad sözlər qatıb, özünüzü bilikli, savadlı göstərməyə cəhd etməyin. Ən savadlı, bilikli insanlar o kəslərdir ki, öz ana dilini mükəmməl bilir. Məlumdur ki, əcnəbi dillərini öyrənməkdə heç bir qəbahət yoxdur. Lakin öz ana dilini bilməmək, yaxud doğma dilində kəkələyə-kəkələyə danışmaq bax, bu qəbahətdir, özü də çox böyük bir qəbahət. Bu mənim şəxsi mövqeyimdir və hesab edirəm ki, öz ana dilini bilməmək həm vətənə, həm də anaya qarşı hörmətsizlikdir və qınanmalı bir məsələdir. Çünki anasını, vətənini sevən insan, dilinə sayğısız yanaşmamalıdır. Bütün hallarda öz dilini mükəmməl öyrənməlidir. Bu bir aksiomdur və təhlilinə heç bir lüzum yoxdur. Bununla biz heç bir yenilik kəşf etmirik.

Burada məni daha çox narahat edən və eyni zamanda mənim kəşf etdiyim odur ki, ölkəmizdə insanlar bir yana, dövlət səviyyəsində Azərbaycan dilinə qarşı bir laqeydlik, biganəlik var.

Məsələn, hansısa bir şirkət Azərbaycanda fəaliyyətə başlayır və belə bir elan verir: " İngilis və rus dillərini bilən vətəndaşlar işə dəvət olunur". Heç kim də bu şirkətin rəhbərliyindən soruşmur ki, nə üçün Azərbaycan vətəndaşları bu şirkətdə çalışmaq üçün öz dillərindən imtina etməldirlər?

Bu gün maraq xatirinə küçəyə çıxın və oradakı reklam və digər yazılı məlumatlara diqqət edin. Mən bu mənzərəni görəndə Azərbaycanda yox, hansısas başqa bir ölkədə olduğumu düşündüm. Hər yanda əcnəbi sözlər, fərq etməz kafe, restoran, maqaza, market və s. və i. Müəssisə və şirkətlərin, idarə və ofislərin hamısının adları əcnəbi dilində.

70 il valideynlərimizin böyük əksəriyyəti məcbur edildilər ki, övladlarını rus dilində oxutsunlar. Hazırda məcburiyyət olmasa belə, ölkəmizdə hegemonluq edən yenə də rus, ingidlis və digər dillərdir. Belə bir vəziyyətin hər hansı bir Avropa ölkəsində yaranması mümkündürmü? Azərbaycanlı sahibkar, deyək ki, Almaniyada şirkət yaradıb, elan verə bilərmi ki, şirkətə yalnız Türk və Azərbaycan dilini bilən vətəndaşlar işə qəbul olunur? Yox!

Bir vaxtlar sıx təmasda olduğum almaniyalı jurnalist həmkarıma bu barədə sual verdim. Cavabı qısa oldu. Bu kimi halların Almaniyada baş verməsi mümkün deyil. Almaniyada heç kim vətəndaşa deyə bilməz ki, get rus, ingilis, yaxud hansısa bir başqa dili öyrən səni işə götürüm. Belə bir elan verən şirkətin fəaliyyəti isə o anqaca qadağan olunar.

Təəssüflər olsun ki, Azərbaycanda həmin elanı verən sahibkarların böyük əksəriyyəti "azarbaycanlılardır". Öz xalqına qənim kəsilən "azarbaycanlılar". Bu "azərbaycanlılar" şirkətlərinə əndərəbadi bir əcnəbi (mənasını bəlkə heç özü də bilmir) adını qoyur. Sonra da oraya ancaq əcnəbi dili bilən əməkdaşları dəvət edir. Bunun adı nədir, niyə, nə üçün?

Bu sualın arxasında çox sirrli məqamlar gizlənir. Bu bir iqtisadiyyat və kriminal məsələlər olduğundan vaz keçdim. Bugün söhbət dilə münasibətdən gedir.

Deyək ki, sahibkar şirkətinə Xəzər, Dəniz və s. milli adlar qoysa bəyəm, fəaliyyət göstərə bilməyəcək, yaxud gəliri aşağı düşəcək? Bu insanlar anlamaq istəmirlər ki,  iş şirkətin adında, yaxud orada çalışan işçilərin hansı dilləri bilməsində deyil, onun istehsal etdiyi məhsuldadır. Sən keyfiyyətli məhsul istehsal et, onun adını istəyirsən tülkü, çaqqal, canavar qoy o məhsulu aldacaqlar. Yoxsa, heç kimə lazım olmayan keyfiyyətsiz bir məhsul istehsal et, onun adını lyks, super, hiter, nə qoyursan qoy, heç kim almayacaq.

Bir tanışım danışır ki, oğlu çox ciddi bir dövlət şirkətində çalışır və ondan da işə qəbul zamanı rus və ingilis dillərini bilməsini bir şərt kimi tələb etmişdilər. On ilə yaxın bir zamanda orada işlədi və həmin dillərin heç biri iş zamanı ona lazım olmayıb. Bax, əsas məsələ də elə budur.

Sizə bütün bunlardan daha təhlükəli məsələlərdən söz açım. Ölkəmizə dünyanın hər yerindən  geyim əşyaları gətirilir. Hər bir ölkənin də özünəməxsus qanunları, mental xüsusiyyətləri var. Məsələn, Braziliyada insanların gündəlik geyindikləri paltarları, bizdə ancaq çimərlikdə (bəziləri artıq bu ənənəni də pozurlar) geyinirlər. Bu da, əsasən gənclərimizi çox ciddi təhlükələr qarşısında qoyur.

Bir çox xarici kompaniyalar istehsal etdikləri geyimləri reklam xatirinə ölkə vətəndaşlarına pulsuz verir, üstəlik bu paltarlarda küçəyə çıxdıqları üçün onlara pul ödəyirlər-reklam pulu. Bu səpkili paltarları əcnəbi ölkələrdə, əsasən imkansız insanlar geyinir. Bizdə isə "Brend" (bu sözün mənasını çoxları anlamasa belə) mal adı ilə satılan bu malları, əsasən imkanlı insanlar alırlar.

Bugünlərdə ölkəmizdə fəaliyyət göstərən MEMİ (ikinci əl paltarlar) maqazalar şəbəkəsinə məxsus bir maqazaya girdim və oradakı qələbəliyə çox təəccübləndim. Burada guya "Brend" mallar çox ucuz qimətə satılır. Kiminsə geyindiyi bir paltar nə vaxtdan brend olub, bilmirəm.  Çünki lüt gəzməli olsam belə, mən o paltarları alıb geyinmərəm. Qiymətlər də ki, ceyran belində.

Orada 60 manata satılan və döşəmə əskisinə oxşar bir köynəyin qiymətinə, başqa bir maqazada  2 köynək almaq olar.

Paltar satışında mövcud olan ən ciddi problemlərdən biri də, həmin paltarların üstündəki yazılarla bağlıdır.

Sən demə, sahibkarlar da, məhz buna görə əməkdaşlarından ingilis dilini bilməsini tələb edirlər. Çünki bu dili bilməyən, aldığı paltarın üzərində olan yazıların hansı məna daşıdığını da bilməyəcək və şirkəti bədnam edəcəklər.

Ölkəmizdə əhalinin çox az bir qisminin ingilis dilini bildiyini nəzərə alsaq, bu növ paltarların nə dərəcədə təhlükəli olduğunu anlamaq çətin deyil.

Məsələn, mömin qiyafəli birisinin əyninə geydyi gödəkçədə yazılıb: "Mən iblisəm". Bir başqasının köynəyinin arxasında əcnəbi dilində "Mən narkomanam", yaxud "Mən maviyəm" yazılıb. Gənc xanım "brend" paltarı ilə küçədə şəstlə gəzir və onun paltarında "Mən çox seksualam" yazılıb.

Mənə belə gəlir ki, bu tip paltarları uşaqları üçün alan valideynlər daha diqqətli olmalıdırlar. Çünki bu paltarları xaricdən gətirən işbazları daha çox əldə edəcəkləri pul maraqlandırır. Onun üçün maraqlı deyil ki, kim hansı paltarı geyinib küçəyə çıxacaq.

İndi isə sizə bir ibratamiz əhvalatı danışım. Çox gözəl, yaraşıqlı bir xanım küçə ilə gedir, çoxlarının ona diqqət etdiyini hiss etsə də, bunu öz gözəlliyinə yozur. Bu gənc xanımın təkəbbürlü yerişini küçədən keçən əcnəbi turistlər də görür və yanlarındakı azərbaycanlı tərcüməçidən soruşurlar: "Burası bir müsəlman-şərq ölkəsidir, necə olur ki, bir fahişə belə açıq şəkildə küçədə gəzə bilir?" Həmin xanımı tərcüməçiyə göstərirlər. Tərcüməçi gənc xanıma yaxınlaşır və paltarındakı yazıların mənasını bilib-bilmədiyini soruşur. Yox, cavabını aldıqdan sonra tərcüməçi ona paltarında "Mən fahişəyəm" sözlərinin yazıldığını deyir. Gənc xanım şoka düşür. Xəcalətindən hara qaçacağını belə bilmədiyini görən tərcüməçi əynindəki gödəkçəsi ilə onun paltarının arxasına yazılan sözləri örtür.

Bu tip paltarlar Azərbaycana haradan və necə gəlib çıxır sualına isə qoy aidiyyəti qurumlar cavab versinlər.

Yazının əvvəlində də qeyd etdim ki, Azərbaycan dili dünyanın ən mükəmməl dillərindən biridir. Bizim də borcumuz, vəzifəmiz bu dilin saflığını və gözəlliyini qorumaq, daha da inkişaf etdirirək gələcək nəsillərə ötürməkdir. Bunun üçün isə sizdən bir təvəqqəm var, danışdığınız zaman əcnəbi sözlərindən istifadə etməməyə çalışın. Övladlarınıza, nəvə -nəticələrinizə bu dilin gözəlliyini sevdirin. Demirəm, başqa dilləri öyrənməyin, o dillərdə danışmayın, amma onların ana dilimizi üstələməsinə imkan verməyək.

Və sonda Bakı şəhəri icra hakimiyyətinin başçısı (ona əcnəbilər "mer" də deyirlər) Eldar Əzizovdan bir ricam var: pul saymaqdan başın ayılanda, bir Bakı küçələrinin də seyrinə çıx..!

 Yusif Seyid

0.042534112930298