SABİR HƏKİMİN ƏZİZ XATİRƏSİ HƏMİŞƏ BİZİMLƏDİR!
Sözün həqiqi mənasında Azərbaycan xalqının ləyaqət mücəssiməsi olan bir insan ömrü sona çatdı - el arasında "Doktor Sabir" kimi tanınan, təcrübəli pediatr (uşaq həkimi) Quliyev Sabir Əlihüseyin oğlu əbədiyyətə - Tanrı dərgahına qovuşdu. Bir müsəlman kimi bilirik ki, bu səfər hamımız üçün bərhaqqdır, hər bir canlı ölümü dadacaq. Amma bütün bunlarla belə, Sabir həkim kimi bir mütəxəssisi, ağsaqqalı, dostu, qohumu itirmək çox ağırdır. Bəribaşdan Sabir həkimi tanıyanların hamısına başsağlığı verirəm. Çünki o, onu tanıyan hər kəsə qarşı o qədər səmimi və həssas davranırdı ki, hamı Sabir həkimi özünün yaxını, doğması sayırdı.
Sabir həkim unikal qabiliyyətə malik uşaq həkimi olmaqla yanaşı, həm də, ədəbiyyat vurğunu olan tənqidçi, duzlu qələm sahibi və həyata rasional baxışları ilə seçilən bir vətəndaş idi. Sabir Quliyev yaşadığı şərəfli həyat yolunun bütün dövrlərində oxumağa, öyrənməyə və yaratmağa can atıb. Onun gözəl xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, bildiklərini, öyrənib əldə etdiklərini heç vaxt özündə saxlamağı düşünməzdi - bir mərrə belə qısqanclıq hissi keçirmədən bildiklərini ətrafı, təmasda olduğu adamlarla paylaşar, qibtə hissi keçirmədən hamıdan öyrənməyə can atardı. Sabir həkim bu baxımdan qibtə ediləcək bir şəxsiyyət idi. O, özündən yaşca kiçik gəncdən belə, nəyisə öyrənməkdən çəkinməzdi. Bütün bunlarla yanaşı Sabir həkimin hər bir hərəkəti ətrafdakılar üçün həyat dərsi idi. Onunla tanışlığım şəxsən mənə çoxsaylı mənəvi faydalar verib. O, tərəkəmə camaatı içərisindən çıxan azsaylı ziyalılardan biri idi. Sabir həkimdən öyrənməli, örnək götürməli hələ çox dəyərlər var idi, bu baxımdan o, bizi çox tez tərk elədi. Lakin Sabir həkimin örnəkləri və dərsləri yazdığı məqalələrdə və kitablarda bizimlədi, necə deyərlər cismi bizdən ayrılsa da, ruhu bizimlədir.
Dəyərli insan, söz sərrafı olan publisist, peşəkar həkim Quliyev Sabir Əlihüseyin oğlunun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Ruhun şad olsun, nur içində uyu, Cənnətməkan nurani ağsaqqal!
Tapdıq Abbas və
«Paralel» qəzetinin kollektivi.