Alimpaşa Məmmədovun həbsi onu ölümdən xilas etdi
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz ötən il 44 günlük Vətən Müharibəsində şanlı qəhrəmanlıq dastanı yazaraq Qarabağımızı, işğalda olan torpaqlarımızı erməni əsarətindən azad etdi.
Bu ilin aprelin 26-da isə Alimpaşa Məmmədovun həbs olunması da Şəmkiri və sakinlərini onun əsarətindən, rayonu talamasından xilas etdi. Şəmkirlilər möhtərəm Prezidenttimiz İlham Əliyevi alqışlayır, ona və ailəsinə uzun ömür arzulayır. Çünki Alimpaşa Məmmədov rayonda paşalıq etmək iddiasında idi. O, Şəmkiri şəxsi biznes mərkəzinə döndərmişdi.
Alimpaşa Məmmədovun qeyri-qanuni əməlləri
-
Sahibkarlığın İnkişafı Fondundan kredit götürərək özü üçün biznes qurmuşdur.
-
“Şəmkir səbəti” bazarını pay torpaqlarında tikib.
-
Çənlibel kəndinin örüş sahəsində maralçılıq yaratmışdır və kənd camaatının heyvanları ora buraxılmırdı.
-
Seyfəli su anbarının yanında su fondu torpağında balıqçılıq yaradıb. Torpaq qanunsuz zəbt olunub.
-
Seyfəlidə örüş torpaqlarını məhlə yeri kimi satıb. Zəyəm Qəsəbəsi və digər kəndlərdə də belə hallar çoxdur.
-
Kraz yolunun ətrafını satdı.
-
Qaracəmirli kəndinin örüş torpaqlarında özü üçün ferma quşçuluq tikib.
-
Gəncə-Şəmkir arasında texniki peşə məktəbinin 100 ha torpağını icarəyə verib.
-
Çənlibeldə Qaramoylu meşə zolağını özü üçün ailəvi istirahət mərkəzinə çevirib. Əsaslı qanunsuz tikililər aparıb.
-
Sabirkənddə bələdiyyənin əkinə yararlı sahəsini bazar edib.
-
Hərbi şəhərciyə 8 milyon manat ayrılmış pulun böyük hissəsini yedi. 9-cu DOS-un bütün kombilərini yedi.
-
Aqro-Promun möhkəm sağlam binasını 650.000 azn-ə satdı. Onu söküb yerındə şəxsi bina tikdirirlər.
-
8 №-li uşaq baxçasını hərbi şəhərciyə köçürdü. Baxçanın əvvəlki yerini isə satdı.
-
2012-ci ildə regionların inkişafı ilə əlaqədar ölkə Pezidenti İlham Əliyevin fərmanı əsasında hərbi şəhərcikdə görülən işlərə 8 milyon manat pul ayrılmışdır. Lakin hərbi şəhərcikdə görüləcək işlər 5-6 yüz min manatlıq qədər olardı.
-
Prezidentin fondu tərəfindən hərbi şəhərciyin ərazisində uşaq baxçası tikildi. Həmin baxçaya hərbçi ailələrindən başqa kənar şəxslərin uşaqları da qəbul olunurdu. Həmin kənar şəxslərin uşaqlarını şəxsən Alimpaşa Məmmədov özü qəbul edirdi. Burdan belə nəticə çıxarmaq olar ki, sabiq başçı Alimpaşa Məmmədov baxça müdirəsinin səlahiyyətini əlindən alıb. Özü onun vəzifəsini yerinə yetirir!
-
Hərbi şəhərciyin 8-ci 9-cu binaların arasında yerə döşəmək üçün istifadəsi nəzərdə tutulan xüsusi hazırlanmış daşları da Alimpaşanın göstərişi ilə gecə vaxtı maşınlara yığıb apardılar. Baxçanın açılışında iştirak edən 9-DOS-un 16-cı mənzilində yaşayan 1962-ci il təvəllüdlü keçmiş hərbçi qadın Hacıyeva Zinayət Qəmbər Qızı baxçanın açılışını edən Alimpaşa Məmmədova belə bir sual vermişdir: ”Cənab başçı, gecə vaxtı o daşlar hara getdi?” Başçı isə:”Gedər-gəlməzə” demişdir.
-
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısının 11 iyun 2019-cu il tarixli 177 saylı sərəncamına əsasən Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş 1-ci müavini, hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyevin qohumu Rüstəmov Vahid Allahyar oğlu adlı şəxsə Şəmkir şəhərinin mərkəzində Səməd Vurğun küçəsi, 115 ünvanında yerləşən 15 sot dövlət torpağını 230.000 manata satması olmuşdur.
Belə ki, bütün bu müddət ərzində Şəmkir Rayon İcra Hakimiyyəti mənim və mənimlə həmfikir olan çoxsaylı sakinlərin şikayətlərinə məhəl qoymadan Rüstəmov Vahid Allahyar oğlu tərəfindən qanunsuz tikilinin aparılmasına şərait və imkan yaratmaq istəmişdilər. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili Üzrə Dövlət Agentliyi tərəfindən aparılan qanunsuz tikinti işlərinin qarşısı qismən alınmış və qeyd edilən sərəncama yenidən baxılması üçün Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Əlavə olaraq Əmlak Komitəsinin 10 iyul 2019-cu il tarixli, 190820202355 nömrəli və 06 avqust 2019-cu il tarixli, 19080202707 nömrəli məktubları da ünvanlanmışdır. Bu günə kimi yuxarıda göstərilən sərancama yenidən baxılması, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən baxılmamış saxlanılmışdır.
Əmək fəaliyyətinə nağara çalmaqla və kənd toylarında tamadalıq etməklə başlayan Alimpaşa Məmmədovun aktyorluq istedadı da var. Belə ki, Ağstafa rayon icra başçısı həbs olunduqdan sonra Alimpaşa təşvişə düşüb, küçələrdə insanların əlini öpməkdən öz əlini öpüb, poz verib.
Məsələn, onun Şəmkirin Bayramlı kəndində yaşayan şəhid Tofiq Məhərrəm oğlu Cəfərovun anası Lyuda xanımın bir əlindən tutub o biri əlini də onun əlinin üstünə qoyaraq öz əlini öpməsinə nə ad vermək olar? Aktyorluq yoxsa, dələduzluq?
Rayonda belə bir şayiə gəzirdi ki, hətta o, bir müddət qorxudan yuxuda “qaçın gəldilər, qoymayın apardılar, qandal, qandal” deyərək sayıqlamağa başlayıb. Yuxusu çin oldu, Şəmkirin “paşasını” qandallayıb layiq olduğu yerə apardılar.
Dəyərli oxucular, Alimpaşa Məmmədovun həbs olunması onun xeyrinə oldu. Çünki o, Şəmkiri talan etmiş, şəmkirliləri müflis edərək rayon sakinlərinin bəzilərinin haqqını, hüququnu tapdalamışdır. İş adamlarının, sahibkarların qənimi olmuşdur. Özünü məşhur türk serialındakı Polad Ələmdara bənzədən Alimpaşa Məmmədov idarə və təşkilat rəhbərlərini “tasa” (aylıq haqqa) otuzdurmuşdu.
Dəyərli oxucular, nəzərinizə çatdırım ki, icra başçısının qeyri-qanuni tapşırıqlarını və tələblərini yerinə yetirməyə vadar olan şəxslərdən biri də Şəmkir rayon Mahmudlu kənd sakini “Damla” Su Təsərrufatının sədri Tağıyev Əli Nağı oğludur. Əli müəllim deyir: “Alimpaşa Məmmədov mənə qarşı qərəzli və məkrli mövqedə idi. Buna səbəb isə odur ki, dövlət tədbirləri adı ilə 2017-ci ildə hər su təsərrufatı birliyindən A.Məmmədov öz şəxsi təsərrufatını inkişaf etdirmək üçün 2-3 ton dizel yanacğı tələb etmişdir.
Məndən isə 2 ton istədi, imkanım olmadığı üçün onun pul yığanına 1 ton dizel yanacağının pulunu verdim. 2018-ci ildə isə guya dövlətin rayonun Çənlibel kəndində maral ferması var, bu tədbir onun üçündür. Lakin sonra məlum oldu ki, o, öz şəxsi maralları üçün hər birlikdən 1000, 2000, 3000 ot presi almışdır.
Mən isə onun pul yığanına 700 manat verdim. Mən həmin pulu ailəmin boğazından kəsib vermişəm. Nəzərinizə çatdırıram kı, mən tutduğum vəzifəyə STB-nin üzvləri tərəfindən seçilmişəm, Alimpaşa Məmmədov tərəfindən təyin olunmamışam. Ancaq A.Məmmədov çalışırdı ki, məni tutduğum vəzifədən qeyri-qanuni olaraq azad eləsin”.
Bu, o deməkdir ki, Alimpaşa Məmmədov özünü Şəmkirin həm ağası, həm də koxası hesab edirdi. Alimpaşanın digər qeyri-qanuni əməllərindən biri də 2017-ci ildə seçki yolu ilə seçilmiş Azad Təhsil İşçiləri Həmkarlar İttifaqınin sədri şair Məzahir Hüseynzadəni öz ərizəsi ilə vəzifəsindən getməyə təhrik etməsidir.
Alimpaşa Məmmədova ödənilən aylıq haqq müxtəlif miqdarda olub. Bu aylıq “tas”ların miqdarı haqqı ödəyənin vəzifəsindən, əldə etdiyi gəlirdən, qazandığı gizli pullardan və s. asılıdır. Məlumatlı şəxsin bildirdiyinə görə, sıravi həkimlər ayda 50, şöbə müdirləri bir neçə dəfə artıq, hətta bir həkim (adı məlumdur) 500 manat verirdi.
Dəyərli oxucular, rayonun doğum şöbəsindən aylıq haqq analoqu olmayan metodla alınırdı. Məlumatlı şəxsin bildirdiyinə görə, hər yeni doğulan oğlan uşağına görə 50 manat, hər yeni doğulan qız uşağına görə 30 manat ödənilməli idi. Bu nağara çalan Alimpaşadan xəbəri olmayan, dünyaya gözünü yeni açan Şəmkir körpələri də anadan olan kimi sabiq icra başçısı tərəfindən “tasa” otuzdurulurdu.
Digər məlumatlı şəxs rayonun Çənlibel kənd sakini 1960-cı il təvəllüdlü Sabir Hüseynov bildirir: ”Alimpaşa Məmmədov öz qeyri-qanuni əməllərini davam etdirməkdən əl çəkmirdi. Ondakı tamah, iştah və pula hərislik o qədər güclü idi ki, Yapon səfirliyinin Çənlibel kəndinin su problemini həll etmək üçün yardım etdiyi 120 min manat pulu mənimsəyib həzmi-rabedən keçirib”.
Bu özündən çox razı və müştəbeh olan Alimpaşa Şəmkirin şəhidlər xiyabanında şəhidlərin mərmərdən olan sinə daşlarının pulunu ödəməkdən yayınmışdır və buna görə də o, bir neçə ildir ki, məhkəmə çəkişməsinə cəlb olunub.
Alimpaşa və Andranikin xarakterindəki oxşar məqamlar
1894-cü ildə fevralın 21-də komissar Hüsnü bəyin tapşırığı ilə başlayan əməliyyat nəticəsində yaxalanan Andranik qutsal “Quran”a and içdi ki, silahı yerə qoyub Osmanlı sınırlarını tərk edəcək.
Hüsnü bəy isə “Qurani-Kərim” adına inanıb onu sərbəst buraxdı. Andranik Ozanyan təhlükəli bir vaxtda Türkiyəyə qayıtdı, “Böyük Ermənistan” siyasətini həyata keçirmək məqsədi ilə o türk rəhbərliyinin rəğbətini qazanmağa çalışdı. Ənvər Paşanın qılığına girdi, özünü türkə yaxın bir silahdaş kimi göstərdi, rusların ardınca danışdı.
Osmanlı İmperatorluğunun generalı Ənvər Paşaya özünü türkün dostu kimi qələmə verərək bildirdi ki, əgər ruslar türk torpağına hücum etsələr, onda ermənilər əziyyət çəkəcəklər. Əgər türk hökuməti, komandanlığı ona səlahiyyət verərsə, o ermənilərdən ibarət bir ordu yaradar və türk sərhədlərini qoruyar. XIX əsrin 90-cı illərində Osmanlı imperatorluğu ərazisində, sonra isə dalbadal Balkanlarda minlərlə türkü öldürən, türkün qəsdinə duran bir cəllada Ənvər Paşa böyük bir səlahiyyət verdi, onun məkrli siyasətinə inandı. Türk ordusunda ən böyük rütbə sayılan “paşa” adını verib onu şərq cəbhəsində yaranacaq erməni hərbi dəstəsinə təyin etdi.
Andranikin qulağının kəsilməsi olayı bu cür baş vermişdir: 1894-cü ildə jandarm qüvvələrinin komandanı, komissar Hüsnü bəyin çavuşu ilə üzbəüz qalan Andranik aradan çıxmaq istəyərkən, çavuş təkbətək döyüşdə onu qılınc ilə şikəst etmişdi. Andranikin patronu qurtardığından Hüsnü bəyin çavuşu türk mərdliyi ilə odlu silahı buraxıb Andraniki qılınc döyüşünə dəvət edərək, sonra məharətlə qulağını kəsərək yerə atmış, Andranik isə yaralı halda aradan çıxmışdı…
Əziz həmvətənlərim, bu yazıdan bildiyiniz kimi, Andranik Hüsnü bəyə, Ənvər Paşaya verdiyi sözü yerinə yetirməyib və onlara naxələf çıxıb. Alimpaşa da öz şefinin, sabiq vergilər naziri Fazil Məmmədovun etibarını doğrultmayıb. Onu satıb, baqaja qoyaraq özünə himayədar tapmışdır. Andranik türk vətəndaşını qanına qəltan edib. Alimpaşa da Şəmkirin Səməd Vurğun küçəsi 159 №li evdə dünyaya gəlmiş Qarabağ müharibəsində ermənilərə qarşı vuruşan beş polkovnik döyüşçü qardaşın evinin bir hissəsini dağıtdırmış, evin fasadına taxtadan bayquş quşunun simvolunu vurdurmuşdur.
Şəmkiri sökdürən, əhalisini müflis edən, tutduğu vəzifə kreslosuna sərvət bankının açarı kimi baxan, rayon əhalisinə qərəzli və məkirli mövqedə olan kriminal keçmişli bu nağara çalan kənd tamadası qeyri-qanuni əməllərinə görə möhtərəm prezident İlham Əliyevdən layiqli “mükafatını” aldı. Atalar yaxşı deyib ki, haqq nazilər, ancaq üzülməz.
Müəllif Bəhlul Orucoğlu,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Qarabağ Müharibəsi Veteranı, ehtiyatda olan ədliyyə mayoru