Ötən il kommersiya məhkəmələri neçə işə baxıb?
“Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7 200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub”.
Paralel.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışına müsahibəsində bildirib.
F.Məmmədov qeyd edib ki, kommersiya mübahisələri üzrə yekun qərarların 80 %-i ilə tərəflər razılaşıb: “Başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96 %-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir.
2020-ci il mayın 1-də qəbul olunmuş qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib, bəzi cəzalar yüngülləşdirilib. Ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən, 2 100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3 300-dən artıq məhkumun cəza müddəti azaldılıb”.
F.Məmmədov qeyd edib ki, təkcə ötən il məhkəmələr tərəfindən 2 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib: “Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər. Ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika Prezidenti tərəfindən əfv olunub.
Dövlət başçısının Novruz bayramı ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv sərəncamı müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş edib. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılıb, 98 nəfərin cəzası yarıyadək azaldılıb, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətlə əvəzlənib, 49 nəfər isə digər cəzalardan azad ediliblər. Onların sırasında xarici ölkələrin vətəndaşları da olub”.