Azərbaycan-Ermənistan sərhədində nə baş verir?
Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib. Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir:
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən son günlər bu istiqamətdə baş verənlərlə bağlı rəsmi mövqe bildirilib. Hazırda da Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır”.
Bundan başqa, bu gün, mayın 14-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət və Azərbaycan Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi apardılar.
Açıqlamaya görə, bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb: "Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğuladı. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb", -məlumatda yazılıb.
Ermənistanin rəsmi qurumlarının bildirməsinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.
Ermənistan tərəf danışıqlarda öz tələblərini təqdim edib: bildirilib ki, Ermənistan Azərbaycan tərəfə öz ərazisindən bir metr də verməyəcək və onlardan çıxış mövqeyinə çəkilməyi tələb edib. Məlumatı "Azatutyun" radiosu Ermənistan Müdafiə Nazirliyinə istinadla yayıb.
Müdafiə Nazirliyinin mövqeyinə görə, hazırda azərbaycanlılar son günlər irəlilədikləri ərazidən çıxmaq üçün rəhbərlikdən göstəriş gözləyirlər. Nazirlik danışıqların hansı formada keçirildiyini, kimlərin iştirak etdiyini açıqlamayıb.
"Azatutyun"un əldə etdiyi məlumata görə, Sünikin Xndzoresk kəndində danışıqlar altı saatdan çox çəkib. Danışıqlara Milli Təhlükəsizlik Xidmətinin, Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri, eləcə də yüksəkrütbəli Rusiya hərbçiləri qatılıb.
Rəsmi Bakı son günlər baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır. Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər.
Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur: "Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir".
Xatırladaq ki, 12 may tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.