Niyaz Məmişov Nabranda Zakir Qaralov üçün ev tikdirib: Şöbə rəisindən 1 milyon istəyən şəxsin özünü asdığı deyilir

Niyaz Məmişov Nabranda Zakir Qaralov üçün ev tikdirib: Şöbə rəisindən 1 milyon istəyən şəxsin özünü asdığı deyilir
 

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sabiq rəisi Niyaz Məmişova görə həbsdə olan Əlisultan Yüzbəyovun anası deyir ki, oğlu illərdir heç bir günahı olmadığı halda cəza çəkir.

Söhbət sabiq idarə rəisinin özünün, nəvələrinin, qardaşı Tərlan Məmişovun öldürülməklə, oğurlanmaqla hədələnməsindən, onlardan pul tələb olunmasından gedir. Bu cinayət işinə görə üç nəfər həbs olunub ki, biri də Yüzbəyov idi. Mayın 6-da Ali Məhkəmə onun işinə baxıb, cəzasını 10 ildən 6 ilə endirib. Amma Gülşən Səmədova iddia edir ki, oğlu, ümumiyyətlə, heç bir cinayət törətməyib.

Bu cinayət işi üzrə üç nəfər cəzalandırılıb. Digər iki nəfər isə Əlisultanın əmisi oğlu, Xudatda kompüter və telefon ustası işləyən Emil Yüzbəyov, həmçinin Məmişovlar üçün evlərin tikintisiylə məşğul olan Zaur Hüseynov olub. Cinayət işinin materiallarında iddia olunur ki, bu üç nəfər qrup halında əvvəlcədən razılaşaraq plan qurub. Plan əsasında Əlisultan həyat yoldaşının köhnə telefonunu əmisi oğluna, o da Zaura verib. Zaur da 2017-ci ilin sentyabrında telefonu götürüb Dağıstana gedib, oradan xarici nömrə ilə Baş Prokurorluğun şöbə rəisinə zəng edərək onu hədələyib, əvvəlcə 200 min, daha sonra 1 milyon manat pul tələb edib.

Lakin Hüseynov ifadəsində bildirib ki, Niyaz Məmişov Nabranda həm özü, həm də keçmiş Baş prokuror Zakir Qaralov üçün ev tikdirib. Həmin tikintilərdə iş icraçısı da o olub. Sonuncu tikintinin xeyli pulunu ödəməyib: "Mən də tikinti materiallarını mağazalardan nisyə almışdım. Adamlar pullarını tələb edirdilər. Mən də bundan pulu ala bilmirdim ki, aparıb camaatın pulunu verim. Başıma oyun açdı. Ona görə acığımdan belə elədim...".

Hüseynov deyirdi ki, Xudatda kompüter və telefon ustası kimi tanıdığı Emilin yanına gəlib ondan köhnə telefon istəyib, nə üçün lazım olduğunu deməyib. Əlisultanı isə, ümumiyyətlə, tanımır.

"O telefonu Əlisultana Rusiyada yaşayan böyük əmisinin oğlu vermişdi. Telefon çox köhnəlmişdi. Yoldaşı istifadə edirdi. Artıq işləmirdi. Bu biri əmisi oğlu Emil Xudatda bizimlə eyni həyətdə yaşayır, telefon ustasıdır. Dedi ki, bəlkə düzəldə bilər. Ona vermişdi. Nə bilsin ki, o telefon hara gedib çıxacaq. Ona görə adamı tutub bu qədər iş verərlər? Oğlum dörd ildir ki, heç bir günahı olmadan həbsdə çürüyür", – ana belə deyir.

Niyaz və Tərlan Məmişovlar cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Ali Məhkəmədə işə baxılarkən onlar notarial qaydada ərizə verərək Əlisultan Yüzbəyova qarşı şikayət və tələblərinin olmadığını bildiriblər.

Yüzbəyovun vəkili Fariz Namazlı da hesab edir ki, ona qarşı ittihamlar məhkəmədə sübuta yetirilməyib: "Düzdür, Ali Məhkəmə ittihamı da, cəzanı da nisbətən yüngülləşdirdi. Məsələ burasındadır ki, onun bu işdə köməkçi olduğunu təsdiqləyən sübut da yoxdur".

13 il 6 ay azadlıqdan məhrum edilmiş Zaur Hüseynovun 2020-ci ilin oktyabrında saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində özünü asaraq intihar etdiyi bildirilir. Penitensiar Xidmət bu olayı şərh etmək istəməyib. Ölümündən öncə Hüseynov işinə ədalətli baxılmamasına, əməlinə düzgün hüquqi qiymət verilməməsinə etiraz olaraq aclıq aksiyası keçirmişdi.

2020-ci ilin mayında Baş Prokurorluqda rəhbər dəyişikliyindən sonra Niyaz Məmişov da vəzifəsindən çıxarılıb.

Mənbə AzadlıqRadiosu 

0.02124285697937