Jak Fresko və Resursyönümlu iqtisadiyyat

Jak Fresko və Resursyönümlu iqtisadiyyat
 

Jak Fresko kimdir?

J.Fresko 1916-cı ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olub. İlk təhsilini yerli ümumtəhsil məktəbində alıb. Öz sözlərinə görə babasının təsiri altında uşaqlıqdan qlobal düşünməyə başlayıb.

Məktəbdə Jak, ABŞ bayrağına sədaqət andını içməkdən imtina edir və Yer planetinə sədaqət andı içməyi üstün tutduğunu bildirir. Bu hadisədən sonra məktəbdən uzaqlaşdırılır və təhsilini sərbəst davam etdirmək məcburiyyətində qalır. Jak 1931-ci ildə Albert Eynşteylə tanış olur və alimlə etdiyi söhbətlər onun dünyagörüşündə dərin iz buraxır.

1934-cü ildə on səkkiz yaşında, J.Fresko peşəkar səviyyədə dizaynla məşğul olmağa başlayır və təyyarələrin quruluşu sahəsində onlarca səmərələşdirici təklifin müəllifi kimi çıxış edir. 40-cı illərdə J.Fresko “Manhetten layihəsinin” (nüvə silahlarının hazırlanmasının) tənqidçisinə çevrilir. Onun hesablamalarına görə kütləvi qırğın silahlarının yaradılmasına sərf olunan resurslar bəşəriyyətin rifahına sərf olunsa idi, planetdə həyatın keyfiyyətini qat-qat yüksəltmək olardı.

1940-cı illərin sonlarında J.Fresko Los-Ancelesdə Elmi Tədqiqat Laboratoriyasının direktoru kimi fəaliyyət göstərir. Burada mühazirələr oxuyur, araşdırmalar aparır, ixtiraçı və elmi məsləhətçi kimi çıxış edir. 1950-ci illərdə J. Fresco Mayami şəhərinə köçür. Orada O, dairəvi şəhərlər layihəsini irəli sürür. 1969-cu ildə nəşr olunmuş "Gələcəyə baxış" kitabında J.Fresko kibernetik cəmiyyətin təsvirini verir. Sonrakı illərdə O, Floridanın Venus (Venera) şəhərində torpaq sahəsi alıb, ev və tədqiqat mərkəzi inşa edir. 1976-cı ildə Roksana Medouz ilə birgə “Venera Layihəsi” təşkil edir.

“Venera Layihəsinin” əsas məqsədi resursyönümlü iqtisadi modelə əsaslanan yeni sosial sistemin yaradılması idi. 2002-ci ildə J.Fresko "Pulun ala bilmədiyi ən yaxşısı" adlı əsas əsərini nəşr etdirir. 2006-cı ildə Uiyam Qazeki, J.Fresco haqqında "Gələcəyin layihələndirilməsi" adlı film çəkir. 2008-ci ildə Piter Josef "Zamanın ruhu: Əlavə" filmində J.Fresconun gələcəklə bağlı fikirlərini detallı şəkildə ortaya qoyur. 2011-ci ilin yanvarında "Zamanın ruhu: növbəti addım" filminin premyerası baş tutur; film "Venera Layihəsi"ndən bəhs edirdi.

2012-ci ildə Roksana Venera Layihəsinin məqsəd və təkliflərini əks etdirən "Cənnət və ya yaddan çıxarma" filmini nümayiş etdirir. Maya Borq 2012-ci ilin iyununda Edinburq film festivalında J.Fresko və Roksanaya həsr olunmuş "Gələcək, məhəbbətim mənim" filmini nümayiş etdirir.J.Fresko 18 May 2017-ci ildə 101 yaşında vəfat edir.

Bazar iqtisadiyyatının fəsadları və çökməsi. J. Fresko Qərib demokratiyasının və bazar iqtisadiyyatının əleyhinə idi. Onun nəzərincə pul-kredit sisteminin və mənfəətin

hakim olduğu cəmiyyətlərdə azadlıq, insan haqları və təriqqidən danışmaq mənasızdir. O, bazar iqtisadiyyatını Bəşər tarixində ən dağıdıcı və istismarçı sistem hesab edirdi. Bu sistem nəinki insanın azadlıq və rifahına xidmət etmir, əksinə planetimizin resurslarını və ətraf mühiti dağıtmaqla və mənəviyyatı məhv etməklə Bəşəriyyətin gələcəyini şübhə altına alıb; o, insanları yüksək həyat səviyyəsi ilə təmin etmək və ətraf mühiti qorumaq qabiliyyətində deyil, çünki onun əsas hərəkətverici qüvvəsi gəlirdir.

J.Fresko pulun yaratdığı fəsadları sadalayır: pul cəmiyyətin siniflərə ayrılmasına və iqtisadi bərabərsizliyə əsaslanan elitarizmə gətirib çıxarır; insanlar sevmədikləri və pula görə yerinə yetirdikləri işlərin quludurlar; pula ehtiyac korrupsiya, cinayətkarlıq, oğurluq törədir; əksər qanunlar pulları olan korporasiyaların xeyrinə qəbul olunur; pul aşağı alıcılıq qabiliyyətinə malik insanları idarə etməkdən ötrü istifadə olunur; çox vaxt yüksək qiymətləri saxlamaqdan ötrü ərzaq məhsulları məhv edilir, defisit zamanı qiymətlər qalxır; mənfəət naminə planet talan edilir; müasir texnologiyalar yalnız alıcılıq qabiliyyəti olanlar üçün əlçatandır; korporasiyaların fəalyyətinin əsas məqsədi gəlir olduğuna görə, bütün sahələrdə qərarlar insan və təbiətin xeyrinə deyil, kapital və hakimiyyətin xeyrinə çıxarılır.

Jak deyir ki, “əgər biz həqiqətən bəşəriyyətin və ətraf mühitin teleyinə biganə deyiliksə, əgər biz doğrudan da müharibələrə, ərazi mübahisələrinə, cinayətkarlığa, yoxsulluq və aclığa son qoymaq istəyiriksə, sosial prosesləri nəzərdən keçirməliyik. Məhz cari sosial proseslər – siyasət, ənənəvi dini inanclar, mənfəətə istiqamətlənmiş iqtisadiyyat, mədəniyyətin diktə etdiyi davranış normaları aclığa, müharibəyə, xəstəliklərə və ətraf mühitin pozulmasına gətirib çıxarır”.

J.Fresko bazar iqtisadiyyatının çökməsini elmi-texniki tərəqqidə görürdü. Avtomatlaşdırma və süni intelektin tətbiqi dünya maliyyə sisteminin iflasına səbəb olacaq. Təkcə fəhlələr deyil, həkimlər, mühəndislər, memarlar və teleaparıcılar da işsiz qalacaqlar. Daha çox insanı robotlar əvəz etdikcə, bir çox sahələr öz nüfuzunu itirəcək. Hətta kino sənayesində aktyor oyununu kompyuter qrafikası əvəz edəcək. Maşınların sıxışdırdığı əksər insanlar əsrlərlə vəzf olunan “iş-ailə” balansını daha saxlaya bilməyəcək. Süni intellektin inkişafı ilə robotlara sənaye və hökumət məsələlərində qərarların çıxarılması ilə bağlı məsələlər həvalə olunacaq. Bu demək deyildir ki, maşınlar hakimiyyəti ələ keçirəcək.

Fəhlələr və mütəxəssislər alıcılıq qabiliyyətini itirdiyinə və pul sistemini dəstəkləyə bilmədiyinə görə onlardan asılı olan sahələr öz fəaliyyətini dayandıracaqdır. Bu köhnəlmiş sistemin sonunu gətirib çıxaracaqdır. Şübhəsiz ki, zənginlər və bu dünyanın gücləri yeni cəmiyyətin gəlişinə müqavimət göstərəcək. Onlar istehsalatın avtomatlaşdırılmasını davam etdirdikcə (onlar rəqabət qabiliyyətni saxlamaq naminə bunu etməyə məcburdurlar), maşınlar milyolarla iş yerlərini sıxışdıracaq.

J.Fresko bildirir ki, bu kollapsın əvvəli qlobal miqyasda artıq görünməkdədir. Dəyişikliklərin zəruriliyi ictimaiyyət tərəfindən dərk edilməyincə, köhnə problemlər – müharibələr, iqtisadi böhranlar, infilyasiya, aclıq, yoxsulluq və s. yenə və yenə təkrar olunacaq. Çox insanlar güman edir ki, dövlət başçıları islahatlar keçirir, öz vətəndaşlarının firavanlığı qayğısına qalır. Bu belə deyil. Bütün mövcud hökumət sistemləri hakimiyyəti saxlamağa cəhd edir və öz şəxsi maraqlarını güdür.

Resursyönümlu iqtisadiyyat. J.Fresko bazar iqtisadiyyatını tənqid etməklə kifayətlənmir, yeni cəmiyyətin (əslində yeni ictimai-iqtisadi formasiyanın) layihəsini irəli sürür. O, təbii resursların bəşəriyyətin ümumi sərvəti olduğu ümumdünya resursyönümlü iqtisadiyyatın yaradılmasını təklif edir.

J.Freskoya görə biz elm və texnologiyaların asanlıqla bolluq yarada bildiyi zamanda yaşayırıq. Yeni sosial modelin - resursyönümlü iqtisadiyyatın məqsədi – var-dövlət, əmlak və hakimiyyət kimi eqoist məqsədlərin reallaşmasına istiqamətlənməmiş stimulların toplusudur. O, resursların və maddi nemətlərin insanlar və millətlər arasında bölgüsünün ədalətlə həyata keçirildiyi yeni ictimai quruluşun maddi əsasıdır. Bu cəmiyyətdə yeni stimullar insanları həm maddi, həm də mənəvi baxımdan özünüifadəyə və yaradıcılığa şövqləndirəcək. Resursyönümlü iqtisadiyyatda mal və xidmətlər hər bir kəs üçün pul və kreditlərdən asılı olmadan əlçatan olmalıdır. Bu sistemin yaratdığı maddi nemətlərin bolluğu şəraitində pul mənasını itirəcək.

J.Fresko bildirir ki, elm və texnologiyalar bəşəriyyətin rifahına xidmət etdiyi və Yerin bütün resursları bəşəriyyətin ümümi sərvəti kimi tanındığı zaman – biz onda deyə bilərik ki, Yerdə həqiqətən şüurlu həyat vardır. Lakin bu gün problemlər öz miqyasına və təsirinə görə qloballaşmaqda davam edir. Onlar hər hansı ölkə tərəfindən təklikdə həll edilə bilməz.

Bütün sosial sistemlər siyasi yönümündən, dini inancından və ənənələrindən asılı olmayaraq, son nəticədə təmiz hava, su, əkinəyararlı torpaqlar kimi təbii resurlardan, sənaye avadanlığından və texniki personaldan asılıdır. Həyatın yüksək səviyyəsinə elm və texnologiyaların şüurlu və insanpərvər tətbiqi vasitəsilə nail olmaq mümkündür. Pullar və tamahkar maraqlar yox olub gedən sonra, ölkələrin qarşılıqlı əlaqəsi ümumi maraqlar naminə ümumi məqsədlərin əldə edlməsinə yönələcək.

J.Fresko deyir ki, borcdan, qorxu və köməksizlik hissindən azad olmuş insanlar daha mehriban olurlar. Heç kim başqa insanların əlindən nemətləri və pulları almaq istəyində olmayacaq. Resurs-yönümlü iqtisadiyyatda təcavüz üçün əsas olmayacaq. Insanlar kreditlərin ödənilməsi, tibbi xərclər, yanğından sığorta, iqtisadi tənəzzül, iş yerini itirmək və vergilər kimi məsələlərlə yüklənməyəcəklər. Bu qayğılar, həmçinin paxıllıq, tamahkarlıq və rəqabəti yaradan mühiti aradan getdikdən sonra insanların həyatı xeyli mənalı olacaq. Bəlkə də ilk dəfə İnsan olmağın nə olduğunu hiss edəcəklər. Başqa insanların həyatını yaxşılaşdırarkən, ətraf mühiti mühafizə edərkən, bolluq və firavanlıq yaratmaq üzərində işləyərkən insanların öz həyatları zəngin və firavan olur.

Bu dəyərlərin tətbiqi hamıya qıza zaman ərzində həyatın ən yüksək standartını əldə etməyə imkan verəcək. Bu zaman həyatın keyfiyyəti fasiləsiz olaraq yaxşılaşacaqdır. İnsanlar iqtisadi çətinliklərdən, azadlığın məhdudluğundan, pul sisiteminə xas olan vergi və başqa amillərdən əziyyət çəkmədən öz seçimlərinə uyğun yaradıcı fəaliyyətlərlə məşğul ola biləcəklər. Təhsil və resurslar hər bir kəsə pulsuz əlçatan olduğu zaman, insan potensialının hüdudları olmayacaq. Bu cür şəraitlərdə insanlar daha uzun ömürlü olacaq, onların həyatı daha parlaq, zəngin və mükəmməl olacaq. Uğurun meyarı sərvət və hakimiyyət əldə etmək deyil, öz istəkləriunin həyata keçirilməsi olacaq.

J.Fresko əmindir ki, yalnız planetin bütün resurslarının bəşəriyyətin ümumi sərvəti kimi tanınması müharibə, yoxsulluq, aclıq, siyasi korrupsiya və ətraf mühitin dağıdılması kimi halların qarşısı ala bilər. Nəticədə insanları bir-birindən ayıran süni dövlət sərhədləri yox olacaq.

J.Fresko etrif edir ki, Venera Layihəsi mövcud kapitalizm sistemini dağıtmağa çağırmır; kaptalizm sosial təkamül nəticəsində özü-özünü məhv edəcək.

 

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, Bəhai dini icmasının

ictimai Əlaqələr ofisinin koordinatoru

0.06902003288269