Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Paralel.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının əziz günü — Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani- Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!

Bu ilki Ramazan bayramı Azərbaycan xalqı üçün illərlə arzusunda olduğu Zəfər əhval- ruhiyyəsi ilə özəldir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-bərpa işlərinin müjdəsindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır.

Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, burada yenidən həyat canlanacaq, vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları möhtərəm Mehriban xanımla birlikdə Zəngilan məscidinin bünövrəsini qoyduqları kimi, inşallah, bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq.

Dövlət başçımızın Birinci vitse-prezidentlə bərabər Şuşa, Ağdam məscidlərini ziyarəti, Məkkədən gətirdikləri Qurani-Kərimi hədiyyə etmələri Allah Evinə ehtiram nümunəsi olmaqla yanaşı, həm də müqəddəs Kəbə Evinin daxilində Qarabağın azadlığı üçün edilən duaların qəbul olunmasının rəmzidir. Ağdam məscidini ziyarət edərkən biz, din xadimləri, dindarlar illərdir etdiyimiz duaların müstəcab olmasına, dövlət-xalq birliyi sayəsində Qarabağın azad olmasına, məbədlərimizin əsarətdən qurtulmasına, əzəli torpaqlarımızda dini-mənəvi irsimizə sahib çıxmağımıza görə Uca Allaha şükr-sənalar etdik. Bu, həm də İslam dünyasının uğuru, müsəlman aləminə fəxrdir.

Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan COVİD-19 bəlasının və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını diləyirik. Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi, xalqımızı hər zaman müzəffər qərar versin! Allah Azərbaycanı qorusun! AMIN!”

0.015799999237061