Sahibkar AKİA-dan narazılıq edir: "Təklif edirlər ki, krediti 12 faizlə götürüm, bu təsərrüfatımı məhv etmək deməkdir"
“Sahibkarı incidirlər. Fakt budur ki, bank mənə 70 min manatın verilməsi üçün qərar alıb. Əgər AKİA banka məktub göndərsə ki, sahibkarın sənədini göndərin bizə, ona vəsait ayıraq, bank dərhal sənədi göndərəcək. Lakin AKİA banka o göstərişi vermir, deyir ki, limit qurtarıb.
Başqa banka da müraciət edəndə, bildirirlər ki, büdcəmiz yoxdur. Bəs sahibkar nə etsin? Amma deyirlər ki, həmin bankdan 12 faizlə 15 min manat götürə bilərsən. Burada maraq həmin o 12 faizdir. Faktiki olaraq dövlətin vəsaiti mənimsənilir”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Bakı şəhər sakini, sahibkar Nadir İbrahimov deyib. O iddia edir ki, tamamilə öz vəsaiti hesabına yaratdığı heyvandarlıq təsərrüfatını Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kreditin verilməsində yaratdığı maneələr səbəbilə itirmək üzrədir:
“Mən heyvandarlıqla məşğulam. İşimi heç bir dövlət vəsaitindən istifadə etmədən qurmuşam. Öz vəsaitim hesabına Qəbələ rayonunun Uludaş kəndində fermanın müəyyən bir hissəsini tikmişəm. Sonra 10 ədəd iribuynuzlu alaraq fəaliyyətə başlamışam.
AKİA vasitəsilə dövlətin verdiyi subsidiyalardan yararlandım və əlavə 15 baş iribuynuzlu heyvan aldım. Fermanın genişləndirilməsi və yem alınması üçün 3 il müddətində ödəmək şərti ilə 65 min manat dəyərində kredit aldım. Krediti 18-ci ayında tamamilə ödəyərək bağladım.
Yenidən kredit götürmək üçün “Rabitəbank”a müraciət edib-edə bilməyəcəyimlə bağlı AKİA-ya sorğu göndərdim. Bildirdilər ki, problem yoxdur, müraciət edim. Mən də bu ilin fevral ayında 100 min manat dəyərində kredit götürmək üçün “Rabitəbank”a müraciət etdim.
2 ay aparılan araşdırmadan sonra mənə bildirildi ki, 70 min manat dəyərində kredit götürə bilərəm. Lakin sözügedən bank kreditin verilməsi ilə bağlı müvafiq sənədi AKİA-ya göndərmədi. AKİA banka göstəriş verməlidir ki, bu sahibkarın sizdə qərarı var, onu göndərin, sahibkara kömək göstərilsin. Lakin AKİA banka bununla bağlı müraciət etmədi.
Mən getdim AKİA-da Rövşən müəllimin qəbuluna. Rövşən müəllim daha əvvəl sahibkarlarla onlayn görüş zamanı mənə kömək göstəriləcəyini bildirmişdi. Ona bu sözlərini xatırlatdım. Bildirdim ki, yem ehtiyatına ehtiyacım var. Mənə bildirdilər ki, bizim büdcə vəsaitimiz yoxdur.
AKİA-dan mənə təklif edirlər ki, siz 12 faizlə 15 min manat kredit götürün. 15 min manat isə mənim üçün çox az məbləğdir. Hətta mənə təklif edildi ki, sizə başqa adamların adına kredit götürüb verək. Mən isə bununla razılaşmıram. Bank krediti 7 faizlə verir. Mənə 12 faizlə kredit vermək, mənim bütün təsərrüfatımı məhv eləmək deməkdir.
AKİA-dan mənə də deyirlər ki, büdcədə çatışmazlıq var. Deyirlər ki, 7 faizlik kreditlərin yığımını göndəririk 12 faizlik kreditlərin büdcəsinə. Yəni həmin kreditləri təzədən 7 faizlə vermək fikirləri yoxdur”.
Sahibkarın iddiaları ilə bağlı AKİA ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, AKİA "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il 413 nömrəli Fərmanı və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında formalaşdırılıb.