Hacı İbrahimin layihəsi satışa çıxarıldı - “Xəzər adaları”nda təmir işləri bərpa olunur
İş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu "Avesta" şirkəti tərəfindən tikintisinə başlanan, adı bank qalmaqallarında səslənən “Xəzər Adaları” kompleksinin inşası davam etdiriləcək. İndi bu kompleksin inşasının kim tərəfindən aparılacağı maraq doğurur.
Xatırladaq ki, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olaraq nəzərdə tutulan layiihə ilə bağlı tikinti işlərinə 2011-ci ildə başlanılıb.
Layihənin dəyərinin 100 mlrd. dollar təşkil etdiyi açıqlanıb. 1 milyon əhalinin yaşaması nəzərdə tutulan 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və dünyanın ən hündür binası olacaq “Azerbaijan Tower”-in tikintisi nəzərdə tutulurdu.
Əvvəllər layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi. Lakin 2015-ci ildə Beynəlxalq Bankın İdarə heyyətinin keçmiş sədri Cahangir Hacıyevin mənimsəmələri ilə bağlı faktlar üzə çıxan zaman layihə dayandırıldı. Hacı İbrahim Nehrəmlinin bankdan 850 milyon manat kredit götürərək qaytarmadığı bildirilirdi. “Xəzər adaları” isə kredit müqaviləsində girov olaraq qoyulmuşdu.
2019-cu ildə gözləntilər özünü doğrultdu və layihə müsadirə olundu. Layihənin adı isə dəyişdirilərək “Yeni şəhər” oldu. Həmin vaxt əvvəllər 750 milyon manat dəyərində qiymətləndirilən layihə 570 milyon manata “düşmüşdü”.
Mətbuata açıqlama verən Hacı İbrahim Nehrəmli isə bildirmişdi ki, kreditin faiz hissəsi tutulmadığından əmlakın qiyməti düşüb:
“Mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim. Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum".
Həmin ərəfədə Rusiyanın “RBK” kanalında “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı süjetin verilməsi də maraq doğurdu.
Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda İbrahim Nehrəmli, eləcə də Diaporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbahimovun qardaşı “STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovla bağlı dələduzluq faktlarına görə cinayət işinin başlandığı açıqlanıb.
Bunun ardınca isə “Xəzər adaları”nin inşasının yenidən davam edəcəyi ilə bağlı xəbər yayılıb.
Xəbərə görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində, Bakı-Salyan şossesinin 27-29-cu kilometrliyində yerləşən “Yeni şəhər” kompleksində müxtəlif adda təmir işlərinin satın alınması ilə əlaqədar elektron tender keçirir. İddiaçılar 31 may 2021-ci il tarixinə qədər tender təkliflərini “Azərbaycan Sənaye Korporasiyası”na təqdim etməlidirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Xəzər adaları” layihəsini fırıldaq layihə adlandırıb: “Azərbaycan tarixində məmurların, məmurlara bağlı biznes çevrələrinin çox sayda fırıldaq, büdcəni sökən, dövlət banklarından kredit götürüb qaytarılmayan layihələri olub. Amma onların arasında ən məntiqsizi, ən aferisti, göz görə-görə camaatı dolayanı “Xəzər adaları” layihəsi olub.
Layihənin görünən üzü İbrahim Nehrəmli 2011-ci ildə bu ideyanı elan edərkən demişdi ki, bu layihə 120 mlrd. dollara başa gələcək, həmin il Azərbaycanın büdcəsi 15,7 mlrd. manat olub, yəni adam dövlət büdcəsindən 7 dəfə çox olan bir layihəyə başladığını elan etdi, həmin söhbəti TV kanallar, media tirajlamağa başladı. Nehrəmli biznesmenin əsas aktivi ən yüksək çinli məmurlara yaxın, dost olması idi. Nəticədə Hacı İbrahim Beynəlxalq Bankdan 800 mln. Manat-1 mlrd. dollar kredit aldı. Bakıdan 25 km uzaqlıqda 1 mlrd. dollarlıq kreditə 5-6 binanın “skileti” ucaldıldı, paralel olaraq Hacı İbrahim elan etdi ki, orda evləri satışa çıxarır, kvadrat metrinə 5100 dollar qiymət qoydu, təbii ki, müştəri tapılmadı”,-deyə iqtisadçı əlvə edib.
Natiq Cəfərli vurğulayıb ki, belə evlərin potensial müştəriləri oğru məmurlar ola bilərdi: “Zatən bizdə varlı kəsm onlardır, amma onlar oğru olsalar da, ağılsız deyillər. Sağı-solu sement zovodları, sənaye müəssisələri olan, havası, dənizi çirkli, küləklərin “döydüyü” bir məkanda heç kim o qiymətə ev almazdı. Həmin zaman 100 m2 mənzilə 510 min dollar qiymət qoyuldu, o pula 2011-ci ildə, məsələn, Bolqarıstanda 10 villa almaq olardı”.
Ekspert İbrahim Nehrəmlinin həmin dövrdə bir neçə türk iş adamını, o cümlədən məşhur Ali Ağaoğlunu Bakıya dəvət etdiyini qeyd edib:
“Hacı həmin yeri onlara göstərib, şərik olmağı təklif edib, amma iş alınmayıb – ağlı başında olan iş adamı təklifləri qəbul etməyib. Sonrası məlumdur. Beynəlxalq Bankla bağlı cinayət işi, Hacını gah tutdular, gah buraxdılar, sonra da o layihəni Beynəlxalq Bankın balansına alıb Hacıya bütün borcu bağışladılar, çünki Hacı o 1 mlrd. dolları tək “yeməmişdi”. Sonra Beynəlxaq Bankı toksik kreditlərdən təmizləmək, balansını normallaşdırmaq üçün “Xəzər Adaları” layihəsinin adını dəyişib “Yeni Şəhər” qoyublar və yeni yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına veriblər.
“Azərbaycan Sənaye Korporasiyası” bu günlərdə “Yeni Şəhər” kompleksində infrastruktur layihələri üçün 40 adda (!!!) tender elan edib, məbləği elan etməyiblər, amma pulları yenə göyə sovururlar. Hələ həmin yerin nə olacağını, necə fəaliyyət göstərəcəyini bilmirlər, amma tender elan edib pul yeməklə məşğuldurlar.
2012-ci ildən hələ problem yaranmadığı zamandan bu layihənin mənasız olduğunu söyləmişəm, sonra isə bu bataqlıqdan çıxmaq üçün yollar da təklif etmişəm. Belə ki, dövlət bu yükü üzərindən atmalı, xarici investor tapmalı, 49 illik həmin sahəni icarəyə verməli, həmin məkanda əyləncə və oyun zonasının təsis edilməsinə qərar verməlidir. Ora daimi yaşayış üçün uyğun deyil, amma otellər, restoranlar, əyləncə məkanları, kazinolar üçün çox uyğundur. Bakıya yaxın belə bir Əyləncə və Oyun Mərkəzinin yaranması on minlərlə iş yeri, yüz milyonlarla illik dövriyyə, büdcəyə isə ildə on milyonlarla vergi deməkdir.
Ziyanın yarısından qayıtmaq da kardır, nə qədər gec deyil, ağlınızı başınıza toplayın işğaldan azad edilmiş torpaqların bərpasına milyardlarla vəsait tələb olunan bir dövrdə mənasız layihəyə əlavə büdcə pulu xərcləməyin”.