“Araz”ın françayzinq marketləri müştəriləri belə aldadır – VİDEO/FOTO
“Araz” supermarketlər şəbəkəsinin Əhməd Rəcəbli küçəsində yerləşən mağazasında vaxtı keçmiş ərzaq məhsulları satılır.
Repost.az-ın əldə etdiyi görüntülərdə mağazanın istehlakçıkları aldatmaq üçün məhsulun üzərindəki köhnə tarixin üzərindən yenisini yapışdırdığı məlum olur. Əməkdaşımızın mağazanın müştəriləri ilə apardığı sorğu zamanı məlum olub ki, məlum ünvanda yerləşən mağazada belə hallar tez-tez təkrarlanır. Köhnə məhsulllar, xüsusilə də şirniyyat məhsulları yenidən qablaşdırılaraq müştərilərə yeni məhsul kimi satılır.
“Araz” marketlər şəbəkəsindən verilən açıqlamada bildirilir ki, məlum mağazanın onlara bir başa bağlılığı yoxdur. Həmin mağaza françayzinqdir. “Araz” marketlər şəbəkəsi sadəcə olaraq Əhməd Rəcəbli küçəsində yerləşən “Araz” N marketini məhsulla təmin edir. “Mağazanın öz sahibkarı var, özünün biznes prinsipləri və kadr siyasəti mövcuddur. Biz bu kimi məsələlərə müdaxilə etmirik”, – deyə açıqlamada qeyd edilir.
Həmçinin marketlər şəbəkəsindən bildirilib ki, mağaza rəhbərliyinə iradları bildirilib, götürdüyü öhdəliklərə tam əməl etməsi tövsiyə olunub. Həmçinin nöqsanların araşdırılacağına və lazım gələrsə həmin mağaza ilə müqaviləyə xitam veriləcəyi və ya lazımı qurumlara mağzanın cərimə olunması üçün məlumat veriləcəyi bildirilib.
“Araz” N marketinin müdiri isə saytın əməkdaşı ilə söhbətində həmin məhsulun mart ayında satıldığını, aprel və may aylarında satışda belə bir məhsul olmadığını bildirib. Redaksiya məhsulun dünən satıldığını sübut etmək üçün kameralara baxış keçirməyi təklif edib. Müdir təkliflə razılaşsa da, əməkdaş mağazaya gedərkən, satıcılar müdirin yerində olmadığını qeyd ediblər. Müdirə edilən telefon zənglərinə isə cavab verilməyib.
Əməkdaşın mağazadan aldığı yeni məhsulun üzərindən isə 4 fərqli qiymət və fərqli tarix çıxıb.
Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərilib.