Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mətin Eynullayevin DOSYESİ
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mətin Balasən oğlu Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Paralel.az xəbər verir ki, Eynullayev Mətin Balasən oğlu 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin 19 avqust 2020-ci ildə imzaladığı Sərəncama əsasən Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.
Açıqlanan məlumatlardan açıq şəkildə görünür ki, Mətin Eynullayevin bütün təyinatları İqtisadiyyat naziri Mikayıl Cabbarovla bağlıdır. Mikayıl Cabbarovun tələbə yoldaşı olan Mətin Eynullayev həm “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, həm Təhsil, həm də Vergilər nazirliyində Mikayıl Cabbarovun tabeliyində çalışıb.