Müdafiə Nazirliyində yeni “BAZAR": MAXE-lərin xidmətə götürülməsi üçün nə qədər rüşvət tələb olunur? - İDDİA

Müdafiə Nazirliyində yeni “BAZAR
 

Azərbaycan ordusunun Türkiyə modelinə keçəcəyinin bəyan edilməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar.

Xatırladaq ki, 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər.

Həmin aksiyadan sonra MAXE və gizirləri Ordu sıralarına qəbul etmək səlahiyyəti sözügedən Mərkəzdən alınaraq korpuslara verilmişdi. Bununla belə, korpuslarda MAXE-lərin xidmətə götürülməsində rüşvətin ciddi rol oynamasına dair çoxsaylı yazılar dərc olunmuşdu.

Əldə etdiyimiz məlumata görə, MAXE-lərin Silahlı Qüvvələrə qəbul qaydası yenidən mərkəzləşdirilib. Şikayətçilərin iddiasına əsasən, kursa qəbul ödənişsiz olsa da, oranı bitirib işlə təmin olunmaq üçün kursantlardan 2-7 min manat arası rüşvət tələb edilir.

Qeyd olunur ki, əvvəl kursa qəbul zamanı keçirilən imtahanlarda türkiyəli mütəxəssislər də iştirak ediblər. Ancaq onlar getdikdən sonra kursu bitirən 500 kursantın xidmətə götürülməsi üçün “şərt”, daha doğrusu, rüşvətin məbləği onlara açıqlanıb.

MAXE kursunun komandiri polkovnik Paşayev, Qərargah rəisi isə Votçuyev soyadlı zabitlərdir. İddialara əsasən, kursantların işlə təmin olunması üçün tələb olunan rüşvətin yığımına da məhz Votçuyevin xüsusi adamları nəzarət edir.

Bu “yığım”ın yekununa uyğun olaraq, 8 həftəlik kursu bitirdikdən sonra yuxarıda göstərilən məbləğdə rüşvət verən kursantlar işlə təmin olunacaqlar. Yalnız aşpaz və istehkamçı ştatına təyinatların rüşvətsiz olduğu vurğulanır.

Eyni zamanda, 2-ci Ordu Korpusunda xidmət edəcək yeni MAXE-lərdən rüşvət tələb edilmədiyi də bildirilir. Lakin 4-cü Ordu Korpusunda xidmət etmək istəyənlər isə ixtisaslarından asılı olaraq rüşvət vermək məcburiyyətindədirlər.

Vəziyyətin kritikliyini göstərən məqamlardan biri də budur ki, hazırda kursda olan kursantların bir neçəsi artıq neçənci dəfədir, o kursu bitirsələr də, rüşvət vermək imkanları olmadığından, xidmətə götürülməyiblər. Onlar Ordunun Türkiyə modelinə keçirilməsi qərarından ruhlanaraq yenidən kursa qatılsalar da, yenə rüşvət “baeryer”i ilə qarşılaşıblar.

İrəli sürülən iddiaların ciddiliyini nəzərə alaraq, bu məsələni Müdafiə Nazilriyi ilə dəqiqləşdirməyə çalışdıq. Lakin davamlı cəhdlərimizə baxmayaraq, telefon zənglərimizə cavab verilmədiyi üçün Nazirliklə əlaqə saxlamaq mümkün olmadı.

Mənbə yenicag.az

0.040188074111938