İslahatlar hansı məmurları "udub"? - SİYAHI

İslahatlar hansı məmurları
 

Oqtay Şirəliyevin Səhiyyə naziri, Qorxmaz Hüseynovun “Azərsu” ASC sədri vəzifəsindən azad edilməsi, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbs olunması hakimiyyətin islahatlar kursunu davam etdirməkdə israrlı olduğunu göstərir. 

Xatırladaq ki, hakimiyyətin islahatlara köklənməsi 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra başlayıb. Doğrudur, buna qədər də kadr və struktur islahatları aparılıb. Lakin bu, ictimai rəydə imitasiya kimi qiymətləndirilib. Səbəb həyata keçirilən islahatların əsasən yerdəyişmələrdən ibarət olması, uzun illər vəzifə tutan məmurların yerində qalması idi.

2018-ci ildən başlayan islahatlar isə bir qədər fərqlidir. Bu dəfə vəzifədə kök atmış məmurlar yerindən tərpədilib, paralel olaraq yerli və mərkəzi icra hakimiyyəti orqanlarında anti-korrupsiya əməliyyatları həyata keçirilib və yüksək vəzifəli şəxslər həbs olunub. 

İqtdarın bu dəfə islahatlara nisbətən daha ciddi yanaşması Nazirlər Kabinetinin (NK) hazırki tərkibindən də görünür. NK-nın tərkibinə daxil olan mərkəzi icra hakimiyyətlərinin əksəriyyətinin rəhbərliyində dəyişiklik baş verib.

1428732312_0001

İslahatların ilkin mərhələsi prezident seçkilərindən az sonraya təsadüf edir. Aprelin 11-də seçkilər keçirilib, 10 gün sonra, yəni aprelin 21-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Bu mərhələdə Baş nazir Artur Rasizadə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifələrinin itirib. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da vəzifəsindən azad edilib. Lakin o, işsiz qalmayıb, Baş nazirin müavini təyin edilib.

İslahatların növbəti mərhələsi 2019-cu ilə təsadüf edir. Bu mərhələdə həyata keçirilən kadr dəyişikləri bəzi hallarda rezonansa səbəb olub. 2019-cu ildə Daxili İşlər naziri Ramil Usubov, Baş nazir Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbov görəvdən alınıb. Bu şəxslərdən Ramil Usubovla Şahin Mustafayev başqa vəzifəyə keçirilməklə komandada saxlanılıb. 

2019-cu ildəki kadr dəyişikliklərinin zirvəsi Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Prezidentin köməkçisi Əli Həsənovun işdən çıxarılması olub. Ramiz Mehdiyev sentyabr ayında, Əli Həsənov isə noyabr ayında yola salınıb. Onlardan vəzifədən azad edilməsi ictimai müzakirələrə səbəb olub. Əski idarəetmənin bütün eybəcərlikləri adıçəkilən şəxslərin ayağına yazılıb. 2019-cu ildəki dəyişikliklər, xüsusilə Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsi hakimiyyətin islahatlar mövzusunda imitasiya etmədiyinə inamı artırıb. Cəmiyyətdə islahatların daha da dərinləşəcəyinə ümid yaranıb. 

İslahatların bu mərhələsi həm də icra başçılarının həbsinə start verilməsi ilə yadda qalıb. 2019-cu ilin sonlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX)  yerli icra hakimiyyətlərində ilk əməliyyatını keçirib. Bu əməliyyat nəticəsində Ağstafanın icra başçısı Nizaməddin Quliyev başda olmaqla qurumun bir neçə vəzifəli şəxsi həbs olunub.

2020-ci ilə təsadüf edən kadr dəyişiklərində isə Mədəniyyət naziri Əbülfəs Qarayev, Xarici İşlər naziri Elmar Məmmədyarov, Baş prokuror Zakir Qaralov və Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədri Hicran Hüseynovanın kariyerasına son qoyulub. 

1588918965_icra

İl həm də icra başçılarının həbsi ilə başlayıb. Fevral ayında Neftçalanın icra başçısı İsmayıl Vəliyev, aprel ayında Biləsuvarın icra başçısı Mahir Quliyev, may ayında isə İmişlinin icra başçısı Vilyam Hacıyev həbs edilib. 

Ötən il həm də Milli Məclisin buraxılması ilə yadda qalıb. 

2020-ci ilin sentyabrında İkinci Qarabağ savaşının başlanması, həmçinin koronavirus pandemiyası kadr dəyişiklilərinin arxa plana keçməsinə səbəb olub.  Müharibə bitdikdən sonra yenidən kadr dəyişiklkləri gündəmə gəlib. Ölkə başçısının da məmurlara münasibətdə tənqidi ritorikaya üstünlük verməsi yenilənmənin davam edəcəyinin anonsu kimi qiymətləndirilirdi.  

2021-ci ildə baş verən dəyişikliklər gözləntilərin əsassız olmadığını ortaya qoydu. Cari ildə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiları naziri Ramin Quluzadə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, Səhiyyə naziri Oqtay Şirəliyev və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov görəvdən alınıb. 

Beləliklə, hazırda hakimiyyət komandası iki il əvvəlkindən xeyli dərəcədə fərqlənir. Belə ehtimallar səsləndirlir ki, dəyişiklər davam edəcək və təkcə “köhnələr” deyil, özünü doğrultmayan “yenilər” də komandadan uzaqlaşdırılacaq.

Mənbə HİT.az 

0.018082141876221