Tərtərin icra başçısı evləri dağılmış sakinlərdən pul istəyir - İDDİA
Erməni hücumları evləri dağılmış Tərtər sakinləri ənənəvi məmur problemi ilə üzləşiblər. AzToday.az xəbər verir ki, Tərtərdə dağılmış evlərin bərpası üçün ayrılan dövlət vəsaitlərinə icra başçısı Müstəqim Məmmədov tamah salıb. Bu barədə tanınmış vəkil Mehman Muradlı məlumat yayıb.
Onun sözlərinə görə, icra başçısı sakinlərə ayrılmış pulların 75 faizini mənimsəmək istəyir: “Tərtərdə evləri dağılmış sakinlərə şad xəbər veriblər ki, bə evlərinizin bərpası üçün ödənişlər gəlib və kartları gedib icra hakimiyyətindən götürə bilərlər. Kartlar da icra başçısı müstəqimdə. Onun da şərti belə olub ki, 25 faizi sizin, 75 faizi mənim (Müstəqimin)”.
Qeyd edək ki, Prezidentin ötən ilin 14 dekabrında imzaladığı sərəncama əsasən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” yaradılmış Dövlət Komissiyası tərəfindən mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq işlər aparılır.
Ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat , dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində kompensasiyalar ödənilir.
Mənbə AzToday.az