Sürücüləri qarət edən “İskəndər Asa Parkinq" kimindir: Dövlət içində dövlət?

Sürücüləri qarət edən “İskəndər Asa Parkinq
 

Bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyi Bakıda parklama yerlərinin ödənişsiz, sürücülərdən pul alınmasınınsa qanunsuz olması ilə bağlı açıqlama yaydı. 

Lakin buna baxmayaraq, Bakının demək olar ki, hər yerində bəzi şəxslər sürücülərdən pul tələb edir, üstəlik ödənişə görə də POS-terminalla sürücülərə qəbz verirlər. Qəbzdə isə "İskəndər Asa Parkinq" adlı müəmmalı bir MMC-nin adı qeyd olunur. Bəs bu MMC kimə tabedir, sürücülərdən yığılan pullar hara gedir? Əlaqədar dövlət orqanları hara baxır? Bu günə kimi bir məsuliyyətə cəlb etmə faktı qeydə alınıbmı?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev jurnalistlərə verdiyi açıqlamada bildirdirib ki, bu məsələni araşdırmaq BNA-nın səlahiyyətində deyil: "Bu sualın cavabı sizin kimi bizə də çox maraqlıdır. Lakin bunu araşdırmaq bizim səlahiyyətlərə aid məsələ deyil. Buna görə də təklif edirəm ki, problemi mətbuat araşdırsın. Bizim faktla bağlı hər hansı bir məlumatımız yoxdur. Ancaq məsələ ilə bağlı BNA tərəfindən müvafiq qurumlara müraciət olunub. Dediyim kimi, alınan vəsait qanunsuzdur. Vətəndaş qanunsuz hərəkətlə üzləşdiyi halda təbii ki, hüquq-mühafizə orqanlarına müraciət etməlidir".

Əldə etdiyimiz məlumata görə, yuxarıda adı qeyd olunan "İskəndər Asa Parkinq" MMC əvvəllər Bakı şəhər İcra Hakimiyyəti ilə işləyib. Daha sonra bu səlahiyyət İcra Hakimiyyətindən alınaraq BNA-ya verilib. Sonradan Nəqliyyat Agentliyi də nə üçünsə bu şirkətlə işləməkdən imtina edib. Baxmayaraq ki, parkinq yerləri BNA-nın tərkibində olsa da, bu şirkət bir çox parklama yerlərində iş başındadır: "Bəli, biz yerləri təhvil almışıq. Amma qiymət hələ təsdiqlənməyib. Qiymət təsdiqlənmədiyi halda necə pul alına bilər? Bu şəxslər qanunsuz olaraq BNA-ya aid olan parklama yerlərində sürücülərdən pul toplayırlar", - BNA sözçüsü əlavə etdi.

"İskəndər Asa Parkinq" adlı müəmmalı bir MMC-nin sahibi kimdir?


Araşdırmalarımızda və mediada yayılan məlumatlara görə, "İskəndər Asa Parkinq" MMC “ISGƏNDƏR ASA HOLDİNG" Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir. “ISGƏNDƏR ASA HOLDİNG" Şirkətlər Qrupunun və "İskəndər Asa Parkinq" MMC-nin təsisçisi və prezidenti Asəf Qurbanovdur. 

asa

Mediada yayılan məlumatlara görə, “ISGƏNDƏR ASA HOLDİNG" Şirkətlər Qrupunun və "İskəndər Asa Parkinq" MMC-nin təsisçisi və prezidenti Asəf Qurbanovun qanun çərçivəsinə sığmayan bəd əməlləri ucbatından, “ISGƏNDƏR ASA HOLDİNG Şirkətlər Qrupu MMC”-nin adı, fəaliyyətə başladığı ilk vaxtlardan indiyədək bir çox qalmaqallarda hallanıb.

Belə ki, bir müddət öncə araz-az saytında yayılan məlumatda bildirilirdi ki, adlarının açıqlamasın istəməyən şikayətçi vətəndaşları Asəf Qurbanov öz "toruna sala bilib". Şikayətçi vətəndaşlardan biri 2018-ci ilin iyun ayında ev almaq istəyib. Lakin pulunun bir hissəsi çatmadığına görə, evində olan qızıl-zinət əşyalarını satmaq fikrinə düşüb.

Həmin vaxt, o, qayınatasının tanışı Asəf Qurbanovla rastlaşıb və bu barədə ona sözünü deyib. Asəf Qurbanov isə ona deyib ki, qızılları onun şirkətinə gətirsin, bir nəfər var, ona verər, baha qiymətə satar.

Şirkət prezidenti sözünün "ovsunladığı" həmin sadəlövh insan ona inanaraq, evdə olan bütün qızıl-zinət əşyalarını ona verib və bildirib ki. həmin əşyaların maya dəyəri 23500 ABŞ dolları məbləğindədir.

Asəf Qurbanov bundan sonra həmin pulu, həftədə 10000 ABŞ dolları olmaqla, 15 gün ərzində tam ödəyəcəyinə söz verib. Lakin bir müddət gözləyən qızıl sahibi görüb ki. şirkət prezidenti onu get-gələ salır, nə qızıl-zinət əşyalarını, nə də ki. onun dəyərini ödəmək istəmir. Hətta, bir müddət keçəndən sonra, onun telefon zənglərinə də cavab verməyib. Qızıl sahibi məcburiyyətdən, onun yaşadığı Mərdəkan qəsəbəsindəki evinə gedib.

Həmin vaxt iki nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq, kimi gözlədiyini soruşublar. Həmin polislər onu qəsəbədəki Polis Bölməsinin qarşısına gətirərək, bir də,  həmin ünvandakı evə getməməsini tələb ediblər. Bundan sonra, pul gözləyən həmin şəxs Asəf Qurbanovun Yasamal rayonundakı İnşaatçılar prospektində yerləşən ofisinə gedib. Lakin onu şirkət prezidentinin yanına buraxmayıblar. 

Bundan sonra, o, Asəf Qurbanovla  harasa getmək istəyərkən rastlaşıb və sözünü demək istəyib. Lakin ona qulaq asmaq istəməyən şirkət prezidenti cangüdənlərinin yanında onu təhqir edib, hədə-qorxu gəlməkdən belə çəkinməyib. Yasamal Rayon Polis İdarəsinin 27 və 28-ci polis bölmələrində də, son anda, bu işə başdansovdu cavablar verilib. 

Asəf Qurbanov bundan sonra qızıl sahibinə bir daha deyib ki, hara şikayət etsə də, bu pulu ona qaytarmayacaq. Bu zaman, hətta yüksək vəzifələrdə olan şəxslərin adından ona hədə-qorxu gəlməkdən də çəkinməyib.

araz-az saytında yayılan məlumatda o da bildirilirdi ki, Asəf Qurbanovun aldatdığı digər bir nəfər isə, uzun müddət polis orqanlarında müxtəlif vəzifələrdə çalışmış, hətta Qarabağ uğrunda gedən müharibədə iştirak etmiş, 1992-ci ildə isə, Füzüli rayonunda gedən döyüşlər zamanı yaralanmış, müxtəlif orden və medallarla təltif olunmuş bir nəfər şəxsdir.

O, ölkə rəhbərinin sahibkarlara ayırdığı xüsusi diqqət və qayğıdan bəhrələnərək, 2018-cı ildə təqaüdə çıxdıqdan sonra, sahibkarlıqla məşqul olmağa qərar verib. Bərdə, İsmayıllı va Oğuz rayonlarında kand təsərrüfatına aid 400-dən artıq iş yeri yaradıb. Bundan sonra, sahibkarlıq failiyyətini daha da genişləndirmək qərarına gəlib və bu məqsədlə müəyyən şəxslərlə əlaqə saxlayarkən, 2019-cu ilin yanvar ayında Asəf Səməd oğlu Qurbanovla tanış olub.

Təsisçisi və prezidenti olduğu "İSGƏNDƏR ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU” MMC-də birlikdə fəaliyyət göstərməyi Asəf Qurbanov ona təklif edib. Aralarındakı razılaşmaya görə, o, külli miqdarda pul vəsaiti qoymaqla, MMC-nin Nizamnamə kapitalında olan payın 25 faizini alqı-satqı yolu ilə əldə edib, şirkətin təsisçisi və vitse-prezidenti olub.

Lakin Asəf Qurbanov onun etibarından sui-istifadə edərək, qoyduğu külli miqdarda bu vəsaiti mənimsəyib. Sonradan yeni vitse-prezidentə məlum olub ki, Asəf Qurbanov bu üsulla digər vətəndaşların - Zərifə Quliyevanın 50000, Nurlan Ismayılov isə, 47600 manat məbləğində pullarını da alaraq, mənimsəyib. 

Yeni vitse-prezident bundan sonra onu da öyrənib ki, ondan aldığı külli miqdarda pulu Asəf Qurbanov şirkətin hesabına yatırtmayıb. Öz şəxsi maraqları naminə xərclədiyi bu pula, hətta İsmayıllı rayonunun İvanovka qəsəbəsində yoldaşı Kəmalə xanımın adına bahalı fərdi yaşayış evi də alıb. Üstəlik, yeni vitse-prezident öz cibindən Asəf Qurbanovun ayrı-ayrı şəxslərə olan xeyli miqdarda borclarını da qaytarıb.

Eyni zamanda, şirkətin yeni payçısına o da məlum olub ki, Asəf Qurbanov bir çox çirkli məqsədlərini həyata keçirmək üçün bu şirkətin ”ASİS PARTNERS MMC”, ”İSGƏNDƏR ASAT TRANSPORT İNTERNATİONAL MMC”, ”İSGƏNDƏR ASA TRANSPORT MMC, "İskəndər Asa Parkinq" MMC” adlı və sairə bu kimi digər törəmə müəssisələrini yaradıb.

Şirkətin bu törəmə cəmiyyətlərinin adına xaricdən nərə kimi qiymətli balıq və balıq məhsulları və digər yeyinti məhsulları idxal edərək, burada realizə edib, lakin qabaqcadan düşündüyü tərzdə müvafiq vergilərin ödənilməsindən yayınıb. Halbuki, həmin yevinti və digər məhsullsrın saxlanması, alqı-satqısı və realizə olunması üçün də onun nə bazası, nə də anbarı yoxdur.

Bir sözlə, "İSGƏNDƏR ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU “ MMC-nin prezidenti adları yuxarıda çəkilən törəmə müəssisələri düşünülmüş şəkildə yaradaraq, vergidən yayınmağa daha çox üstünlük verib. Həmin törəmə müəssisələrin sənəd və möhürləri özündə olduğundan, hər şeyə özü nəzarət edir, qanunsuz hərəkətlərini həyata keçirməkdə heç bir çətinlik çəkmir.

Şikayətçilər qeyd edirlər ki, Asəf Qurbanovun belə fırıldaqlarla aldatdığı vətəndaşların sayı çoxdur. Onlar öz şikayətləri ilə bizi tanış etməzdən öncə, Asəf Qurbanovun kimliyi ilə də bizi tanış etmək qərarına gəliblər ki, belə təhlükəli insandan özümüzü qoruyub, müdafiə edə bilək.

Vətəndaşlar soyğunçuluqla məşğul olan "İskəndər Asa Parkinq" MMC-nin əməkdaşlarına pul verməməlidir  

Yol nəqliyyatı eksperti Elməddin Muradlı da qaynarinfo.az-a açıqlamasında bildirdi ki, vətəndaşlar ayıq olmalı və paytaxtda soyğunçuluqla məşğul olan "İskəndər Asa Parkinq" MMC-nin əməkdaşlarına pul verməməlidirlər:

parkin

"İskəndər Asa Parkinq MMC hüquqi şəxsdir, bir şirkətdir və bu şirkət iddia edir ki, onlar o parkinqləri Bakı şəhər İcra Hakimiyyətindən icarəyə götürüblər. Parkinq məsələsinə İcra hakimiyyəti nəzarət etdiyi dövrdə bunlar Bakı şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlayıblar və 100-ə yaxın parkinq onlara icarəyə verilib. Bu səlahiyyət Bakı şəhər İcra Hakimiyyətindən alındıqdan sonra həmin şirkətin əl-qolu bir az da genişlənir və Bakı şəhərində bütün parkinqlərə sahiblik etməyə başlayırlar.

Lap götürsək ki, qanuni müqavilə ilə onlara 100-ə yaxın parkinq verilib, ancaq onlar 100-ə yaxın parkinqlə kifayətlənmirlər, yaranmış boşluqdan istifadə edərək bütün parkinqlərə adamlar qoyub pul yığırlar. Xüsusi Pos-terminalları var, onları göstərib, insanlara hədə-qorxu gəlirlər ki, ödəniş etməsəniz, sizə cərimə gələcək və s. kimi metodlardan istifadə edirlər.

Konkret desək, soyğunçuluqla məşğuldurlar. Şəhərin ortasında "İskəndər Asa Parkinq" MMC əməkdaşları soyğunçuluğa yol verir və bunu çox təəssüflər olsun ki, bütün strukturlar bilə-bilə, qarşısını almaq üçün heç bir tədbir görmürlər. Mən BNA-nın açıqlamasını qəbul edirəm, başa düşürəm. Onlar öz üzərlərinə düşən missiyanı yerinə yetirib açıqlama verirlər ki, bizlik deyil. Amma kimlikdi, onu da demirlər.

"İskəndər Asa Parkinq” MMC-nin sahibinin kim olduğunu bir çox struktur bilir. Sadəcə olaraq, boş buraxıblar, onlar da bundan məharətlə istifadə edirlər, qanunsuz olaraq vətəndaşlardan pul yığırlar. Mənə elə gəlir ki, onların Bakı şəhər İcra Hakimiyyəti ilə olan müqaviləsinə dərhal xitam verilməli və onlar bu işdən kənarlaşdırılmalıdır. Əgər bu səlahiyyət İcra Hakimiyyətindən alınıbsa, onun verdiyi müqaviləyə də xitam verilməlidir. Başqa yol qalmır. Vətəndaşlar da ayıq olmalı, onlara pul verməməlidirlər. Çünki "İskəndər Asa Parkinq”in buna səlahiyyəti çatmır".

Məsələ ilə bağlı mətbuatda yayılan məlumata görə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi İsrafil Kərimov açıqlamasında bildirib ki, "keçən ilin aprel ayından Bakı şəhərindəki bütün parkinqlər, yeraltı və yerüstü dayanacaqların səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə verilib. Ona görə də bu məsələnin Bakı şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Çünki dediyim kimi, bütün səlahiyyətlər BNA-ya verilib".

Onu da qeyd edək ki, "İskəndər Asa Parkinq" MMC ilə bağlı axtarışlarımız nəticəsiz qaldı. Çünki sözügedən qurumla bağlı rəsmi ünvana, sayta, telefon nömrəsinə, bir sözlə, əlaqə yaratmaq üçün heç bir vasitəyə rastlamadıq - xəbər saytlarında yer alan mənfi xəbərlərdən başqa...

Bəs bu qurum hara baxır, haradan, kimdən, hansı dövlət qurumundan icazə alaraq sürücülərdən pul yığır?

P.S. Redaksiya yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırdır. 

0.017281055450439