Milli Hidrometeorologiya Xidməti dəhliz və sanitar qovşaqların təmirinə 157 min manat pul xərcləyəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.
“Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin inzibati binasinin 1-ci mərtəbəsindəki girişin və Situasiya mərkəzindəki sanitar qovşaqların cari təmiri” işləri üçün nazirlikdən 157 min 144 manat 26 qəpik vəsait alacaq.
Qeyd edək ki, Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11.02.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. Nizamnamə kapitalı isə cəmi 1 manat 60 qəpik təşkil edir.
Onu da xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə Umayra Tağıyeva rəhbərlik edir. Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.