Ötən gün vəfat edən Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun oğlu atasının vəfatı ilə bağlı paylaşım edib.
Paralel.az xəbər verir ki, Arif Rəhimov paylaşımında atası Azad Rəhimovun dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişdiyini qeyd edib.
O bildirib ki, atası uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünüb:
“Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu. Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi. Atam babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.
Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi. Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.
Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik”.