Qarabağ qazisi: İcra başçısı Kamal Həsənovun qəbuluna düşə bilmirik
“Etika xatirinə bircə dəfə də olsun qəbul etməyib, bir maraqlanmayıb ki, necə döyüşdün”
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. Sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Deyir, sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir. O, iş üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət etsə də, imtina cavabı alıb.
“Prezident fərman verir, icra başçıları icra etmir”
“Rayonun icra başçısı, müavinləri bircə dəfə də olsa nə mənə, nə də mənim kimi başqa qazilərə baş çəkib hər hansı dəstək olublar. Nəinki qayğı görməmişik, heç başçının qəbuluna da yaxın düşə bilməmişik. Ali təhsilli iqtisadçıyam, işlə təmin olunmağım barədə dəfələrlə icra hakimiyyətinə müraciət etsəm də, məni işlə təmin etmirlər. Halbuki, Prezident icra hakimiyyətlərində şəhid ailələri və qazilərin işləri üzrə şöbə yaradılması üçün fərman verib. Həmin şöbədə iki vakant iş yeri olsa da, yalandan dedilər ki, bizdə iş yoxdur. İcra hakimiyyətində yaradılan həmin yeni şöbəyə kadrın seçilməsində şəhid ailə üzvləri və ya qazilərdən təyin edilməli olduğu halda, əlində işi, maaşı olan bir ingilis dili müəllimini gətirib bu şöbəyə müdir təyin etdilər”,- qazi deyir.
“Şəhid anası 7 manata qab yumamalıdır”
Novruz Novruzov deyir, müharibədən qayıtdıqdan sonra yalnız “Azərsu” ASC və Mərkəzi Bank rəhbərlikləri tərəfindən yardımlar görüb:
“İcra hakimiyyəti isə özünü elə aparır ki, sanki biz bu torpağa görə vuruşmamışıq. Nə vaxt getsəm, qapıda deyirlər “başçının yanında qonaqlar var”. Etika xatirinə bircə dəfə də olsun qəbul etməyib, bir maraqlanmayıb ki, necə döyüşdün, necə yaralandın, necə dolanırsan, nə problemin var...
Qohumunda-əqrəbasında müharibə, qan-qada görməyən adamın qaziylə, şəhid ailəsiylə belə davranışı əslində başadüşüləndir. Çünki nə özü, nə də yaxınları bu dəhşətləri yaşayıb, buna görə də belə soyuqqanlı davranırlar.
Rayonda şəhid anası var ki, heç bir diqqət görmür, yaşlı qadındır, gündəlik 7 manata hardasa qab yuyur. Şəhid anası gündəlik 7 manata qab yumamalıdır. Bir məmur düşündürmür ki, axı bunun balası üstündə gəzdiyimiz torpağa görə qanını töküb, gənc canından keçib”.
Qazi prezidentə müraciət edib
Bu ilin yanvarında Prezident İlham Əliyevin fərmanıyla yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb. Əksər bölgələrdə şəhid ailələri və qazilər bu şöbənin fəaliyyətindən narazı qalıb.
Məsələyə Cəbrayıl Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilmədik. Lakin qurumdan qaziyə göndərilmiş məktubda qeyd olunur ki, onun Qarabağ müharibəsi qazisi olduğu nəzərə alınaraq, müraciəti nəzarətə götürülüb. Gələcəkdə münasib iş yeri yaranarsa, qurum ona dəstək göstərəcək.
Hazırda Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində müalicələrini davam etdirən qazi Novruz Novruzov prezidentə də müraciət edib, Cəbrayıl rayon İcra Hakimiyyətindəki özbaşınalığa son qoyulması üçün müdaxilə etməsini istəyib.