"Vatikan"a çevrilmiş AMEA milli birliyin təəssübkeşi rolunda - Ramiz Mehdiyevin PLANI

 

Dünən maraqlı hadisə baş verdi. Ramiz Mehdiyevin gəlişindən sonra ölkəmizin “Vatikanı”na çevrilmiş Milli Elmlər Akademiyası dilə gəldi, Azərbaycana və Türkiyəyə qarşı beynəlxalq güclərin naqolay hərəkətlərindən əndişə duyduğunu bəyan etdi.

AMEA-nın Rəyasət Heyətinin bəyanatında bildirilib ki, siyasi baxışlarımızdan, əqidəmizdən və sosial mənsubiyyətimizdən asılı olmayaraq, hər birimizin ümdə vəzifəsi doğma Azərbaycanımızı qorumaqdır. İqtidarlı-müxalifətli cəmiyyətimizə birlik və həmrəylik çağırışları ünvanlanıb. Xalqımızın nümayəndələrinin bir-birini təhqir və şantaj etməsi, alçaltması, ailə üzvləri haqqında nalayiq ifadələr işlətməsinin yolverilməzliyinə diqqət cəlb edilib.

Dövlət məmurları da yaddan çıxmayıb. Prezidentin yüksək dövlət vəzifəsinə təyin etdiyi dövlət məmurlarına göstərilən yüksək etimadı doğrultmağa, xalqın problemlərinin həlli üçün səylə çalışmağa, vətəndaşları dövlətdən narazı salmamağa çağırış səslənib. Alimlər ölkəmizdə gedən islahatlar və yenilənmə prosesinə dəstək verdiklərini, dövlətimizə qarşı yönələcək bütün təhdidlərlə mübarizədə cənab Prezidentin yanında olduqlarını bəyan ediblər. Necə deyərlər, çox pakizə!

Amma bəyanatda səsləndirilən “proseslərin Azərbaycan və qardaş Türkiyə üçün ciddi fəsadlarının olacağına heç kəsin şübhəsi olmamalıdır”, “Avropanın və ABŞ-ın ədalətinə, humanizminə kor-koranə, sadəlövhcəsinə inananlar”, “özləri üçün Qərb strukturlarından mədət umanlar da baş verənlərdən lazımi nəticələr çıxaracaqlar” “Vətən müharibəsinin bitdiyini zənn edənlər aldanmasınlar”, “ideoloji-siyasi və informasiya mübarizəsi hələ qarşıdadır” eyhamları nədən xəbər verir? Bu, cəmiyyəti qorxuya salmaq cəhdidir, yoxsa “biz hələ sizə lazımıq” deməyin növbəti üslübu?  

Onsuz da cəmiyyət çox yaxşı bilir ki, Qərb və Rusiya ilə münasibətdə balanslı siyasətin yürüdülməsi dövlət müstəqilliyimizin qorunmasına, Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi yolunda əngəllərin aradan qaldırılmasına xidmət edir. Qarabağ münaqişəsi başlayandan bəri bizim üçün erməni havadarlarının çoğrafi məkanının harada yerləşməsi zərrə qədər əhəmiyyət kəsb etmir.

Rusiya, Fransa və ABŞ-ın Azərbaycana münasibəti və məqsədi heç kimə sirr deyil. Biz dostumuzu da, düşmənimizi də yaxşı tanıyırıq. Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın “ədaləti”nə və “humanizmi”nə sığınırıq. 1990-cı illərdən fərqli olaraq hər zaman yanımızda artıq qüdrətli dövlətə çevrilmiş qardaş Türkiyə, strateji münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdığımız və çox doğmalaşdığımız İsrail və Pakistan dövlətləri var.

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bərabər hərəkət etməsinə, müharibə dönəmində birmənalı şəkildə Ermənistanı dəstəkləyən Fransa Prezidenti Emmanuel Makronun cavabını olduqca sərrast və sanballı şəkildə verməsinə hər kəs şahid oldu. Rusiya Prezidenti Vladimir Putindən də Tovuz hadisələri zamanı Ermənistanı silahlandırmağın, müharibə başa çatandan sonra isə uzaqmənzilli “İsgəndərM” raketinin Ermənistanın əlinə necə keçməsinin cavabı da tələb olundu. İlham Əliyevin İrəvanla birtərəfli təmaslara və Bakını saymazlıga görə Vaşinqtonu tənqid etməsi də ABŞ-dakı ünvana çatdı. Və ABŞ-ın dövlət katibi Anthony J.Blinken Azərbaycan Prezidentinə zəng etdi. Danışıqlar zamanı İlham Əliyevin amerikalı həmkarı C.Baydenin “erməni soyqırımı” ilə bağlı mövqeyindən ölkəmizin narahatlığını dövlət katibinə çatdırması Azərbaycanın da hər zaman qardaş Türkiyənin yanında olduğunu bir daha sübut etdi.

Odur ki, alimlərimizin “ciddi fəsadlar” xəbərdarlığına əsas yoxdur. Amma sual yaranır: bəs ciddi fəsadların olacağını bilən alimlərimiz bu təhlükəni sovuşdurmaq üçün hansı addımları atırlar? Məgər bunun üçün alimlərimizə göstəriş verilməlidir? Heç olmasa alimlərimiz, ziyalılarımız Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovdan nümunə götürsünlər. Mezzo telekanalında ermənilərin təxribatına yol verdiyi üçün gənc dirijor Maksim Yemelyanıçeva ünvanladığı açıq məktubu oxusunlar. Həmin məktubda maestro rusiyalı həmkarına əsl insanlıq və sənətkar dərsi keçib.

Maraqlıdır, bizi çətin ideoloji və indormasiya mübarizəsinin gözlədiyini vurğulayan AMEA niyə erməni lobbisinə və havadarlarına qarşı bu sahədə savaş açmır, nüfuzlu xarici KİV-lərdə Azərbaycanın mövqeyinin elmi şəkildə işıqlandırılmasına nail olmur? Yoxsa AMEA-nın gücü elə öz saytında rəhbərliyin şəxsi maraqlarına xidmət edən siyasi bəyanatların yayılmasına çatır?

Bəyanatda alimlərimiz söz verirlər ki, bundan sonra da milli birliyin, xalq-dövlət vəhdətinin təmin edilməsinə öz əməli töhfəsini verəcəklər. Bəz elm sahəsindəki töhfələri xalqa kim və nə vaxt bəxş edəcək? Bəlkə müharibədə erməni faşistlərinə qan udduran “Bayraktar” TB2 pilotsuz uçuş aparatını AMEA icad edib? Yoxsa hazırda Zəngilanın üçüncü Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsinin gerçəkləşdirilməsində istifadə olunan müasir avadanlıqlar alimlərimizin beyninin məhsuludur? Təəssüflər olsun ki, xeyr.

Görəsən, AMEA-nın vaxtaşırı siyasi bəyanatlarla çıxış etmək əvəzinə, elmi axtarışların arxasınca getməyinin vaxtı nə zaman çatacaq?! Onsuz da siyasi bəyanatlar vermək üçün ölkədə kifayət qədər siyasi partiyalar və ictimai təşkilatlar var. Bundan başqa, ölkəmizi gözləyə biləcək təhdid və təhlükələrin qarşısını almaqla məşğul olan dövlət orqanları mövcuddur. Belə məsələlərlə bağlı cəmiyyətə xəbərdarlıq etməyə gəlincə, hüquqşünas Aslan İsmayılovun təkbaşına sosial media şəbəkələrində vaxtaşırı yayımlanan canlı çıxışları və paylaşdığı statuslar AMEA-nın bəyanatlarından daha maraqlı və daha səmimidir. Vaxtilə Ramiz Mehdiyevlə birgə Prezident Administrasiyasında çalışmış politoloq Eldar Namazovun tv efirlərindəki təhlilləri və proqnozları daha inandırıcıdır.

Onsuz da ötən il avqustun 18-də koronavirus pandemiyası ilə əlaqədar karantin müddətində nəvəsinə toy edən bir şəxsin rəhbərlik etdiyi AMEA-nın birlik və həmrəylik çağırışları qeyri-səmimi təəssürat doğurur.

Xatirinizdədirsə, səs-küyə səbəb olmuş toy hadisəsindən bir ay 6 gün öncə ermənilər Tovuza hücum etmişdilər. Toydan bir ay 4 gün öncə isə erməniləri sərhədlərimizdən qovan igid general Polad Həşimov və daha 11 cəsur hərbçimiz həlak olmuşdu.

Avqustun 18-də onların heç 40 günü çıxmamışdı. Bütün dünya ekspertləri 12 iyul Tovuz hadisələrini Azərbaycanın dövlət müstəqilliyinə birbaşa təhlükə kimi qiymətləndirdilər. Ölkədəki ictimai-siyasi xadimlər cəmiyyəti milli birliyə və həmrəyliyə çağırırdılar, çünki yeni torpaqlarımızı ələ keçirmək sevdasına düşən və bütün danışıqlardan imtina edən ermənilərin müharibəyə başlayacaqları gün kimi aydın idi.

AMEA rəhbərinin dostluq etdiyi Rusiya da gecə-gündüz ermənilərə təyyarələrlə silah-sursat daşıyırdı. Milli birlik çağırışçılarının arasında AMEA rəhbərliyinin səsi yox idi. Səbəbi çox bəsitdir. AMEA-ya rəhbərlik edən şəxs generalın və silahdaşlarının yasını tutan, karantin qaydalarına əməl edən xalqın yanında deyildi, heç ciddi fəsadlardan dolayı da narahatlıq duymurdu, toy qayğıları ilə məşğul idi…

Müəllif Xatirə SADİQ,

Mənbə KONKRET.az

0.016035079956055