Rus barmağı - həryerdə və həmişə
Mən əslində siyasətdən uzaq birisiyəm, kimin haraya siyasət "daşı"nı atması da, mənim üçün maraq doğuran bir məsələ deyil. Lakin, necə deyərlər, "sən siyasətlə məşbul olmasan da, siyasət səninlə mütləq məşğul olacaq". Bu baxımdan, istəsək də, istəməsək də dünyada, ələlxüsus da bizə yaxın bölgələrdə baş verən siyasi proseslər hər birimizin diqqətini çəkir.
Bu diqqətçəkməni şərtləndirən məsələlərdən biri də, heç şübhəsiz ki, Azərbaycanın 44 günlük müharibədə təcəvüzkar və işğalçı Ermənistan üzərində qazandığı möhtəşəm qələbənin bir çoxları tərəfindən əndişəylə qarşılanmasıdır. Bu dövlətlər gözləmirdilər ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün belə bir addım atacaq?!... Çünki onlar ATƏT-in Minsk Qrupi kimi qurumların vasitəçiliyi ilə haçansa, Azərbaycanın ermənilərin iddialarını qəbul edəcəkləri düşüncəsi ilə fəaliyyət göstərirdilər. Dövlətimizin başçısı, prezident İlham Əliyev isə dəfələrlə çıxışlarında onların diqqətinə çatdırmışdı ki, Azərbaycan heç zaman öz əzəli torpaqlarından əl çəkməyəcək. Münaqişə sülh yolu ilə həll olunmazsa, biz savaş yolu ilə olsa belə, torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan xalqının səbri nə qədər çoxdursa, qəzəbi ikiqat çoxdur. Səbr kasamızı daşırmayın. Görünür, nə Ermənistan rəhbərliyi, nə də ona havadarlıq edən ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın "səbr kasası" anlayışından xəbəri olmayıb. Bu kimi qanmazlara biz tərəflərdə "Əzraillə çilingağacı oynama" da, deyirlər. Ermənilər isə bunu qanmaq istəmədilər və səbr kasamızı bilərəkdən daşırdılar və layiqli cavabını da aldılar. «Dəmir yumruq», münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ABŞ, Fransa və Rusiyanı da bir növ şok vəziyyətinə saldı. Bununla belə, Rusiya digərlərindən tez şokdan ayılaraq, müharibəni dayandırmaq təşəbbüsü ilə çıxış etdi və öz "sülhməramlıları"nı bölgədə yerləşdirməklə, mövqeyini əldən verməməyə çalışır. Bu vəziyyət heç şübhəsiz ki, nə Amerikanı, nə də Fransanı razı sala bilməzdi. Buna görə də, bu ölkələr arasında gərginliyə meyilli bir soyuqluq yarandı və bu gün də davam edir. Məlumdur ki, bu proseslərdə Fransanın mövqeyi, yalnız Ermənistana dəstək verməklə yekunlaşır. ABŞ və Rusiya arasında isə gərginlik daha da qızışır.
Son dövrlərdə baş verən bütün siyasi və hərbi məsələlərdə Rusiyanın adının hallanması, heç də yenilik deyil. Bu da onu deməyə əsas verir ki, bir vaxtlar harada bir olay baş versəydi, "bu ingilis barmağı"nın işidir deyirdilər. Bu gün isə artıq dünyanı qarışdıran ingilis yox, rus barmağıdır.
Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsindən əndişəyə düşən Rusiya hökuməti özünün "sülhməramlılırı"nı Qarabağda yerləşdirməklə bu ərazidə nəzarəti əlində saxlamağa çalışır. Rusiya qorxur ki, burada Türk sülhməramlıları yerləşərsə, cənubi Qafqaza bütün nəzarətini itirəcək. Ancaq yaddan çıxarırlar ki, bu, artıq labüd bir haldır, əgər bölgədə ruslar olacaqlarsa, türklər də mütləq olacaq.
Çünki diqqət edin, bugun bütün hərbi əməliyyatların keçirildiyi, siyasi böhraların baş verdiyi bölgələrdə mütləq şəkildə rus barmağı aşkar olunur. Məsələn, Ukraynada davam edən münaqişənin müharibə həddinə çatması da, rusların işğalçılıq siyasətinin təzahürüdür. Krım məsələsində də bu işğalçılıq siyasəti özünü göstərir. Rusiya dünya siyasət arenasında zəiflədicə, babaları Pyotrdan qalan "parçala hökm sür" siyasətini gerçəkləşdirməklə bütün ətraf ölkələrdə gərginlik yaratmaqdadır. Bu gərginlik, artıq bölgədən çox-çox uzaqlarda da hiss olunur. Dünyanın güc mərkəzi olan ABŞ da Rusiyanın bu hegemonluğunu həzm edə bilmir və bu iki dövlət arasında gərginlik artmaqdadır. Bayden administrasiyası Rutin hökumətinin, ümumiyyətlə Rusiyanın istər Krımda, istər Gürcüstanda (Abxaziya, Osetiya), istərsə də Ukraynada ruspərəstləri dəstəkləməsi və burada münaqişə bölgələrinin yaranmasında maraqlı olmasını qəbul etmir və müxtəlif yollarla Rusiyaya təzyiq göstərməyə çalışır. Burada isə əsasən iqtisadi rıçaqlardan istifadə etməyə çalışır və hesab edir ki, bu yolla Rusiyanı zəflədərək başqa dövlətlərə təsir imkanlarından məhrum edə bilər. Ukrayna-Rusiya müharibəsinin başlanmasının mümkünlüyü, ABŞ gəmilərinin Qara dənizə daxil olması kimi ritorikaların dövriyyəyə buraxılması da, məhz bu siyasətə xidmət edir. Amerikanın bu ritorikasından ehtiyatlanan Rusiya istər-istəməz bunun qarşısını almaq üçün adekvat addımlar atmalıdır ki, vəziyyətdən çıxış yolu tapsın. Bu isə böyük maliyyə vəsaitləri hesağına başa gəlir. Görünür, bir müddət əvvəl sovet rejiminin bərpası, yaxud ona oxşar bir birlik yaradaraq keçmiş postsovet məkanında hegemonluğu yenidən bərpa etməyə çalışan Rusiya, bugün elə bir dalana dirənib ki, ancaq öz sərhədlərini qorumaq zorundadır, ancaq bunu büruzə vermək istəmir.
Rusiyanın son zamanlar istər Türkiyə, istər Amerika və digər Avropa ölkələri ilə münasibətləri elə bir həddə çatıb ki, artıq təklənmiş vəziyyətdədir. Yəni hazırda bir çox dövlətlər - Böyük Britaniya, Almaniya, ABŞ, Türkiyə və s. Rusiyanın yürütdüyü siyasəti qəbul etmirlər. Məhz buna görə də, Rusiya Çinə və İrana meyilliliyini nümayiş etdirməyə çalışır ki, bunun da dayanıqlı olmadığı açıqca hiss olunur.
Açıq etiraf etmək lazımdır ki, Azərbaycan təkcə Rusiya ilə deyil, əməkdaşlıq etdiyi bütün dövlətlərlə səmimi münasibətlər qurmağa çalışır. Həmin ölkələr isə bu səmimiyyətdən yararlanaraq ölkəmizdə öz siyasətlərini yurütməyə və ölkəmizə müxtəlif yollarla təzyiq etməyə cəhd göstərirlər. ATƏT-in Mins Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya kimi.
30 ilə yaxın bir müddətdə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində heç bir səmərəli fəaliyyəti hiss olunmayan, daha açıq desək, dolayısıyla işğalçı Ermənistanı müdafiə edən və ona dəstək verən bu dövlətlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzimkarlığı ılə cəmi 44 günlük müharibəylə bu münaqişəyə son qoymasını da qəbul etmək istəmirlər. Məhz buna görə də, ABŞ-ın ölkəmizə qarşı siyasətində soyuqluq hiss olunur. Bu dövlətlər qəbul edə bilmirlər ki, necə yəni bizim müdaxiləmiz və razılığımız olmadan siz münaqişəni həll edirsiniz? Onların bu mövqelərinə qarşılıq olaraq prezident İlham Əliyevin dəfələrlə çıxışlarında səsləndirdiyi fikirləri diqqətinizə çatdırmaq istəyirəm. "Azərbaycan dünyəvi, demokratik, müstəqil bir ölkədir və öz müstəqil siyasətini həyata keçirir". Azərbaycan 44 günluk müharibə və bu müharibədə qazandığı möhtəşəm qələbə ilə bir daha sübut etdi ki, öz müstəqilliyini və suverenliyinpi, torpaqlarını toxunulmazlığını qorumaq gücündə və əzmindədir.