Parada hazırlaşan rus "sülhməramlı"ları beynəlxalq sülhməramlılardan nə ilə fərqlənir?

Parada hazırlaşan rus
 

Qabil Hüseynli: "Bu parad məsələsi Rusiyanın həddini aşması, ona verilən səlahiyyətlərdən sui-istifadə etməsi deməkdir"

Politoloq Zərdüşt Əlizadə:"Rus ordusunun hissələri harada yerləşmələrindən asılı olmayaraq may Qələbə Bayramını hərbi paradla qeyd edirlər və burada hansısa bir ölkəyə hörmətsizlik yoxdu"

Artıq bir neçə gündür ki, rus "sülhməramlılarının Xocalı aeraportunda planlaşdırdığı bayram paradı Azərbaycan cəmiyyətini sözün əsil mənasında silkələyib. Belə ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya "sülhməramlı"larının Xocalı hava limanında 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb. Həm siravı vətəndaşlar, həm cəmiyyətin müstəqil siyasi elitasının böyük əksəriyyəti bu paradın keçrilməsini yolverilməz sayır, hətta, bəzi politoloqlar bu paradı Azərbaycan dövlətinə təhqir kimi qiymətləndirir. Cəmiyyətdə rezonansa səbəb olan bu açıqlamaya müstəqil politoloqların fikrini öyrənməyə çalışdıq.

Politoloq Qabil Hüseynli məsələni şərh edərkən bildirdi ki, Rusiya sülhməramlıları 9 may Qələbə bayramını Xankəndidə qapalı bir şəraitdə keçirə bilərlər, bunu heç kim onlara qadağan etmir: "Amma hərbi parad keçirmək sülhməramlı qüvvələrin mandatına uyğun deyil. Bu döyüş qabiliyyətli qüvvə, rus ordusunun böyük kontingenti deyil, dövlət adından çıxış etmir ki, ordunun daxili nizamnaməsinə uyğun addımlar atsın, bu silahlı birləşmə beynəlxalq sülhməramlı missiya ilə Azərbaycan torpaqlarındadır. Ona görə rus "sülhməramlıları" tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi paradın keçrilməsi qeyri-qanuni addımdır. Xüsusilə qeyd etmək lazımdı ki, bu Azərbaycanın suverenliyinə qarşı çevrilmiş bir hərəkətdir. Hərbi parad müstəqil bir dövlətin sərəncamı ilə öz sərhədləri daxilində keçirilə bilər. Rəsmi Moskva bu addımı atmaqla Azərbaycana qarşı əzələ nümayiş etdirir, bizi bir dövlət kimi saya salmır, qoluzorluluq etmək istəyir. İndiyə qədər Rusiya bağladığı müqavilələrin heç birinə sona qədər sədaqətli olmayıb. Bundan sonra da belə olacaq. Diqqət edirsinizsə, Rusiya 10 noyabır bəyanatının öz xeyirinə olan bəndlərini həyata keçirir, Azərbaycan tərəfinin xeyirinə olan bəndlərin heç haqqında danışılmır. Bu parad məsələsi Rusiyanın həddini aşması, ona verilən səlahiyyətlərdən sui-istifadə etməsi deməkdir".

Politoloq Zərdüşt Əlizadə məsələyə tamamilə başqa kontekstdən yanaşmağı təklif edir: "Rusiyanın hərbi hissələri hansı ölkədə yerləşməsindən asılı olmayaraq, rus ordusunun daxili intizamına uyğun olaraq öz gündəlik həyatlarını qururlar. Bu baxımdan da rus ordusunun hissələri harada yerləşmələrindən asılı olmayaraq 9 may Qələbə Bayramını hərbi paradla qeyd edirlər burada hansısa bir ölkəyə hörmətsizlik yoxdur. Azərbaycan özu faşist Almaniyasına qarşı döyüşmüş ölkənin tərkib hissəsi idi, yüz minlərlə oğullarımız bu müharibədə iştirak etmiş, çoxları canından keçib. Əgər Azərbaycan faşist Almaniyası tərəfində vuruşsaydı məğlub tərəf olsaydı, bəli, onda rus ordusunun qələbə paradı bizim üçün təhqir olardı bu bizim heysiyyatımıza toxunardı. Bu müharibədə biz qaliblər sırasında olmuşuq. Azərbaycan xalqı tarixdə çox nadir hallarda qaliblər sırasında olub, onlardan ən parlaqı da 2-ci Dünya müharibəsidir. Mən bizim bisavad cahil yazarların siyasilərini sterikasını anlamıram. Qələbə paradı Azərbaycana təhqirdirsə, gedin Həzi Aslanovun Şəhidlər Xiyabanındakı abidəsini sökün...

Əgər rus qoşunları Şuşanın ermənilər tərəfindən zəbt edilməsi münasibəti ilə parad keçirsəydilər, bizim qəzəblənməyə, od püskürməyə haqqımız olardı. Azərbaycan tərəfi indiyə qədər normal münasibət qura bilsəydi, bizim ordunun da bir hissəsi rus sülhməramlıları ilə birlikdə, bir müttəfiq kimi orda paradda iştirak edərdi. Mən bu etirazları anlamıram".

Zərdüşt bəyə xatırlatma etdikdə ki, bu silahlı birləşmələr rus qoşunlarının bir hissəsi kimi deyil, beynəlxalq sülhməramlı missiya ilə bölgəyə gəlib, ona görə rus qoşunlarının ənənəsinə uyğun yox, beynəlxalq sülhmiəramlı missiyanın hüququ statusuna uyğun hərəkət etməlidir, o, bildirdi ki, xeyir, rus qoşunları bölgəyə beynəlxalq sülhməramlı missiya ilə deyil, Rusiya, Azərbaycan Ermənistan arasında imzalanmış bəyannamə əsasında rus qoşunlarının hissəsi gəlib, bizim xeyirimizə sülhməramlı missiya həyata keçirir. Onlar hələlik bizim xeyirimizə işləyirlər. Rusiya qoşunlarının sözügedən hərbi paradı güc nümayişi deyil, sadəcə Böyük 2-ci Dünya Müharibəsində qazanılmış qələbənin etiramla yad edilməsidir. Biz ya rus qoşunlarını öz ərazilərimizə buraxmamalıydıq, ya da buraxmışıqsa, onların rus ordusunun daxili nizam-intizamına uyğun olaraq davranmalarına da icazə vermiş oluruq".

Zərdüşt Əlizadənin fikirlərindən sonra qeyd etməyi özümə borc bildim ki, bir neçə ay əvvəl biz politoloqla rus sülhməramlılarının bölgəyə gəlişinin perspektivlərini müzakirə edərkən, o vurğuladı ki, sülh məramlıların beynəlxalq hüquqi statusu var rus sülhməramlıları bu statusa uyğun olaraq bölgədə silahsızlaşdırma həyata keçirməlidir. Lakin bu gün Rus "sülhməramlı"ları separatçı qurumun hərbi birləşmələri məğlub erməni ordusunun tör-töküntüləri ilə birlikdə hərbi təlim keçir. Bununla yanaşı Z. Əlizadə əvvəlki fikrindən fərqli olaraq, bu gün etiraf edir ki, Rusiya hərbi birləşmələrinin Azərbaycanda həyata keçirdiyi fəaliyyət beynəlxalq sülhməramlı missiya deyil, üçtərəfli razılaşmaya əsaslanan missiyadır. Fikrimizcə, məsələyə Azərbaycan siyasi hakimiyyəti aydınlıq gətirməlidir ki, görək, rus "sülhməramlı"ları ilə beynəlxalq sülhməramlıları arasındakı fərqlər nədən ibarətdir.

Akif Nəsirli

0.015621900558472