Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi köhnə ab-havadadır? - İLGİNC İDDİALAR

Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi köhnə ab-havadadır? - İLGİNC İDDİALAR
 

Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən uzaqlaşandan sonra onun kadrlarının “kürkünə birə düşüb”. Yolunun sonu görünən struktur vahidlərindən biri də Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.

Bildirilir ki, Ədalət Babayev yüz hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirib. Lakin həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib. Başqa pambıq becərən kəndliləri isə susuz qoyub.

Yeri gəlmişkən, Ədalət Babayev suvarma suyu ilə təmin etməyib təsərrüfatlarına ziyan vurduğu zəhmətkeşləri susdurmaq üçün onları şərləməkdən belə çəkinmir. Məsələn, o, iki il əvvəl rayon sakini 1974-cü il təvəllüdlü Maqsud Abbasova susuzluqdan yanmış pambıq məhsuluna dəymiş ziyanın qarşılığında ona 1500 manat kompensasiya təklif edib ki, yuxarı orqanlara yazdığı şikayətlərə son qoysun.

Razılaşdıqdan sonra pulu R-4 Sudan İstifadəedənlər Birliyinin direktoru Mahir Həsənovun vasitəsilə Maqsuda göndərib, ondan daha şikayət etməyəcəyi barədə ərizə alıb. Digər yandan polisi işə cəlb edərək, pul verilən anda Maqsudun yaxalanmasını təşkil edib.

İddia qaldırıb ki, guya Maqsud onları rüsvayçı video-materiallarla şantaj edərək hədə-qorxu gəlmək yolu ilə pul istəyib. Maqsud Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Əlində hansı rüsvayedici video-görüntülər olması da üzə çıxmayıb. Buna baxmayaraq, məhkəmə M.Abbasovun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. M.Abbasovun apellyasiya şikayəti də təmin olunmayıb.

Məlumata görə, Ə.Babayev topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirib. Tikintisinə idarənin özünün fəhlələri cəlb olunubmuş ki, bu da qanuna ziddir.

Rayonda uşaqdan böyüyə hamıya bəllidir ki, Ə.Babayevin polisə işə düzəltdiyi oğlu bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq edir. O da bildirilir ki, Babayev öz qohum-əqrəbasını başına toplamaqla məşğuldur, köhnə işçiləri isə haqsız yerə kənarlaşdırır.

Bu yaxınlarda heç bir səbəb olmadan işdən qovduğu İlham Xanlar oğlu Babayev 6 nəfərlik ailə üzvü ilə çörək pulundan məhrum olub. Şikayətinə baxan yoxdur, başçı Faiq Qürbətovun qəbuluna düşməsinə imkan vermirlər. Bu məsələ ilə əlaqədar KİV-də yayılan məlumatda həmçinin bildirilir ki, Ədalət Babayev Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satıb. Bundan başqa, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyən rəis onun materiallarını və ərazisini də hərraca qoyub.

Dəryaz qəzetinə verilən informasiyaya görə, Ədalət Babayevin ən əsas gəlir mənbələrindən biri də yanacaq alveridir ki, bu işi qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirir. Təkcə yanacaq və sürtgü materialları, motor yağları deyil, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabıları da dükanlara verilərək satdırılır.

Həmçinin, Ədalət Babayevin Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri vardır. İdarəyə məxsus texnika şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələri inşa etməklə məşğuldur.

İnanmaq istəyirik ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yenilənmiş rəhbərliyi adı indiyədək bir sıra qalmaqallarda hallanmış Ədalət Babayevin yerinə daha layiqli kadr tapmağı məqsədəuyğun hesab edəcək.

P.S Qeyd edək ki, məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün Ədalət Babayevə dəfələrlə müraciət etsək də, o bizim etdiyimiz müraciətlərə məhəl qoymadı.

Mənbə Deryaz.az

0.089873790740967