Sabirabadın icra başçı Siraqəddin Cabbarov Şəhid ailələrilə görüşməkdən imtina edib?
Sabirabad rayonunda şəhid ailələri narazıdırlar. Bu narazılığa səbəb isə İcra Hakimiyyətinin onların problemlərini dinləməməsidir. Şikayətçilər qeyd edirlər ki, Vətən savaşı zamanı 46 şəhid ailəsinə verilməli olan maddi yardımlar mənimsənilib.
İddia edilir ki, Sabirabad Rayon İcra Hakimiyyəti şəhid ailələrinə çatmalı olan qanuni vəsaitləri mənimsəyib. Qeyd olunur ki, şəhid məzarlarının hazırlanması məqsədilə dövlət büdcəsindən onlara çatmalı olan 1200 manat vəsait bu günə qədər verilməyib.
Məsələ ilə bağlı şikayətçilər dəfələrlə İcra Hakimiyyətinə getsələr də, onları qəbul edən olmayıb. Şikayətçilər qeyd edirlər ki, sonuncu dəfə aprelin 25-də İcra Hakimiyyətindən onlara bildiriblər ki, başçı Siraqəddin Cabbarov onlarla görüşə bilməyəcək.
Şəhid ailələrinin nümayəndələri bildirirlər ki, aylardır icra başçısı onları qəbul etmir. Dəfələrlə icra başçısı ilə görüşmək istəsələr də, başçı müxtəlif bəhanələrlə onlarla görüşməkdən imtina edib.
Şəhid yaxınları bildirirlər ki, onları narahat edən əsas məsələ şəhid məzarlarının hazırlanması üçün qanuni olaraq hər bir ailəyə ayrılan 1200 manat vəsaitin nə vaxt verilməsidir. Bu barədə şəhid yaxınlarına indiyə qədər hələ bir söz deyən yoxdur.
Şikayətçilər onu da qeyd edirlər ki, icra başçısı onların problemlərini həll etməsə, etiraz aksiyası keçirəcəklər. Eyni zamanda, baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etmək istəyirlər.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə zəng etdik. Lakin qurumdan zəngimizə cavab verən tapılmadı.
Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.
Mənbə Azerbaycanrealligi.com