Sakinlər Saatlı İcra Hakimiyyətinin qarşısına etiraza ediblər - VİDEO

Sakinlər Saatlı İcra Hakimiyyətinin qarşısına etiraza ediblər - VİDEO
 

Bu gün, aprelin 28-də bir qrup sakin Saatlı rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə görüşmək istədiklərini söyləyiblər.

Aksiyaya toplaşanlar müxtəlif şikayətlər dilə gətiriblər. Onların deməsinə görə, əkin torpaqlarını imkanlı şəxslər zəbt ediblər, pambıq tarlaları susuz, müharibə iştirakçıları işsiz qalıb, ağır xəstə olan şəxslər əlillik dərəcəsi ala bilmirlər. Onlar icra başçısının qəbuluna düşə bilmədiklərini bildiriblər.

Sakinlərdən bəziləri icra hakimiyyəti aparatının binasına keçməyə cəhd ediblər, polis qarşısını alıb.

Aksiya iştirakçılarının deməsinə görə, şikayətçilər, əsasən, Qıraqlı, Məzrəli, Əliabad kəndlərindən və Saatlı şəhərindən olublar.

Mustafabəyli kəndinin sakini Abış Astanov aksiyanın qəflətən baş verdiyini deyir: "İcra hakimiyyətində qəbul edilməyən adamlar binanın önünə toplaşaraq problemlərini dilə gətirdilər. Problem isə nəinki hər yaşayış məntəqəsində, hətta hər evdə var. Mənim ailəm altı nəfərdən ibarətdir. İki uşağım tələbə, ikisi isə məktəblidir. Həyat yoldaşım onkoloji xəstədir. Ailəmdən bir oğlum işləyir, o da 250 manat maaş alır. Bu pulla necə dolanmaq olar? Mən bu suala cavab almaq üçün gəlmişdim".

A.Astanov iddia edir ki, narazılığı yaradan məmurlarıdır: "Ötən il Saatlı rayonuna yeni təyin edilən icra başçısı Elmir Bağırov ilk vaxtlar bir neçə dəfə vətəndaşları qəbul etdi. Sonradan nə bir adamı qəbul edir, nə də kəndlərə çıxır. Mərkəzi icra hakimiyyəti orqanlarına etdiyimiz şikayətlərə də baxılmır. Bilmirik sözümüzü kimə deyək...".

Etiraz aksiyası ilə bağlı İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, icra başçısı etiraz edən bir qrup sakinlə bu gün görüşüb: "Biz aidiyyəti üzrə səlahiyyətimizə daxil olan məsələləri özümüz həll edəcəyik. Bizə aid olmayan məsələlərlə bağlı isə aidiyyatı üzrə müraciət edəcəyik. İcra hakimiyyətində hər həftənin 3-cü günü vətəndaşların rəsmi qəbulu keçirilir. Sadəcə pandemiyaya görə vətəndaşların qəbuluna məhdudiyyətlər qoyulub. Ona görə də əsasən qəbullar onlayn formada təşkil olunur.

Bu gün etiraz edən sakinlər sadəcə ajiotaj yaratmaq istəyirlər. Onlara bildirdik ki, gəlin qəbula keçin, başçı sizi qəbul edəcək. Ancaq onlar narahatlıq yaratmaq istəyirlər. Bununla yanaşı onların hər biri fərdi qaydada qəbul edildi və razı halda qəbuldan getdilər. 

Bizə müxtəlif müraciətlər edirlər. Su məsələsiylə bağlı deyə bilərəm ki, rayona su daxil olduqda daşıyıcı kanallar vasitəsilə kəndlərə daşınır. Hazırda susuzluqla bağlı problem yoxdur. Pensiya, işsizliklə bağlı müraciətlərini çatdırdılar. Eləsi var ki, uzun illər əvvəl dövlətin ona verdiyi pay torpağını satıb. İndi isə deyir ki, mənim pay torpağım qaytarılsın. Torpaq xüsusi mülkiyyətdir, ona biz nə edə bilərik ki? Əgər alqı-satqıda problem yaranıbsa məhkəməyə müraciət etmək lazımdır".

Qeyd edək ki, Saatlı rayonunun icra başçısı Elmir Bağırovdur.

0.015373945236206