Şəmkirin sabiq icra başçısı park ərazisini 1,3 milyona şirkətə satıb
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.
APA xəbər verir ki, Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun birinci müavini Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
A.Məmmədov Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Bundan başqa, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub.
Alimpaşa Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.
Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.
Həmçinin, Alimpaşa Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir.
Saytımıza məlumat verən mənbəyin sözlərinə görə, uzun illərdir Şəmkir rayon icra hakimiyyətinin başçısından şikayətçi olan rayon sakinlərini Baş Prokurorluğun və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dindirlib.
Şikayətlərdə vətəndaşlara məxsus pay torpaqlarının başqalarına satılması, örüş-otlaq sahələrinin satılaraq yerində təyinatı olmayan tikintilərin aparılması, rayon məktəblərində və bağçalarında rüşvətxorluq halları və.s əks olunmuşdur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.