Təhlükəsizlik modelini məhdudiyyətdən azad edə bilərikmi?
Ərşad Hüseynov: "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, xüsusi tədbirlər zamanı yolda hərəkət məhdudlaşdırıla bilər"
Keçmiş sovetlər dönəmindən miras qalan ənənələrdən biri də, yüksək ranqlı dövlət məmurlarının, xarici qonaqların paytaxtda hərəkəti zamanı təhlükəsizlik məqsədi ilə küçə və prospektlərdə ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılır. Həmişə bu ifadəni yumşaltmaq məqsədilə "məhdudlaşdırılır" sözündən istifadə edilsə də, faktiki olaraq hərəkət dayandırılır, şəhərin həmin hissəsi bir neçə saat iflic vəziyyətə düşür. Tutaq ki, bir ölkənin prezidentinin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün saatlarla yüzminlərlə şəhər sakini tıxaclarda qalır, alternativ yollar tapmağa çalışır. Bakıda isə alternativ marşrut məsələsi müşküldür - yəni heç də bütün yolların alternativi yoxdur. Dünyanın inkişaf etmiş dövlətlərində, Avropa, Pribaltika, "Asiya pələngləri" adlandırılan ölkələrdə, Yaponiyada, Kanada və digər məmləkətlərdə artıq təhlükəsizlik sistemləri elə qurulub ki, yüksək rütbəli dövlət məmurlarının və bu qəbildən olan xarici qonaqların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə irimiqyaslı hərəkət məhdudiyyətlərinə ehtiyac duyulmur. Amma MDB ölkələri, o cümlədən Azərbaycan hələ də bu ənənəyə sadiqlik nümayiş etdirir. Məsələn, bu gün (dünən) Belarus prezidenti Aleksandır Lukaşenko Bakıya rəsmi səfər etdi və prezidentin keçməsi planlaşdırılan bütün küçə və prospektlərdə hərəkət bir neçə saat donduruldu. Bundan isə sadə şəhər əhalisi, ölkə vətəndaşları əziyyət çəkir. Hesab edirik ki, Azərbaycanda belə təhlükəsizlik metodlarının fəlsəfəsi dəyişməli, inkişaf etmiş ölkələrin metodologiyasına inteqrasiya edilməlidir.
Problemlə əlaqədar mövqe bildirməsi üçün "Digesta" hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynova mürəciət etdik. Ekspert bildirdi ki, "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, xüsusi tədbirlər zamanı yolda hərəkət məhdudlaşdırıla bilər: "Bu o deməkdir ki, hansısa şəhərin bir hissəsində, qəsəbədə və ya kənddə xüsusi dövlət və ya beynəlxalq tədbir keçirilirsə, hansısa ölkənin prezidenti Azərbaycana səfər edirsə, qanunun həmin maddəsindən istifadə edərək hərəkəti məhdudlaşdırırlar, bu qanunauyğun məsələdir. Amma burada işin səmərəlilik səviyyəsindən söhbət gedə bilər. Məsələn, xüsusi xidmət orqanları maksimum dərəcədə çalışmalıdırlar ki, bu məhdudiyyətlər maksimum dərəcədə qısa müddətdə olsun, üstəgəl, yol polisi və nəqliyyat şirkətləri nəqliyyat axınını alternativ hərəkət istiqamətlərinə yönəltməyə çalışmalı, məhdudiyyətlərin tətbiq edilməsi barədə qabaqcadan ictimaiyyətə məlumat verilməlidir. Beynəlxalq təcrübəyə gəldikdə isə bu məsələyə müxtəlif ölkələrdə müxtəlif yanaşmalar mövcuddur. Bu əsasən ictimayi təhlükəsizliyini qiymətləndirilmə metodlarından və ona qarşı görülən tədbirlərin inovativliyindən asılıdır. Dünyanın bir sıra ölkələrində, o cümlədən də ABŞ-da müəyyən beynalxalq tədbirlər zamanı bu cür məhdudlaşdırmaya gedilə bilir. Lakin elə ölkələr də var ki, bizdəki kimi sərt məhdudlaşdırmaya getmirlər, intensiv müşahidə qurmaqla təhlükəsizliyi təmin edə bilirlər. Yəni mən deməzdim ki, yalnız bizdə və ya MDB məkanında belə məhdudlaşdırmaya əl atılır".
Ekspertin dəyərləndirməsində də göründüyü kimi, ABŞ-da tətdiq edilən hərəkət məhdudlaşdırılması çox nadir hallarda tətbiq edirlər, bu bəzən bir prezidentlik dönəmində yalnız bir dəfə mühşahidə edilirsə, Azərbaycanda, xüsusilə Bakıda yol hərəkətinin dayandırılması və bundan da dolayı kilometrlərlə tıxacın yaranmasını müşahidə etmək paytaxt sürücülərinin həyat normasına çevrilib. İldə və ya ayda bir dəfə belə problemlə üzləşmək adi hal kimi qəbul edilə bilər, amma bizdə bu həftənin bir neçə, bəzən hər gününə təsadüf edir. Bu artıq həm yerli, həm də beynəlxalq standartlara görə problem sayılır.
Bununla yanaşı, Bakı şəhərinin müxtəlif hissələrində mütəmadi tıxaclar müşahidə edilir. Rəsmilərlə Bakıdakı tıxac problemləri barədə müzakirə açanda dərhal cavab verirlər ki, dünyanın bütün böyük şəhərlərində tıxac problemi olur. Bəli, biz də bununla razıyıq, dünyanın bütün böyük şəhərlərində, Nyü-Yorkda, Vaşinqtonda, Tokioda, Seulda, Parisdə, hətta, Londonda belə, tıxaca rast gəlmək olar. Amma bu şəhərlər Bakı kimi tıxacları həyat tərzinə çevirməyib, bu şəhərlərdə hər hansı bir qəza, uçqun və s. səbəbdən yolun müəyyən hissəsində məhdudiyyət yarandıqda və yol kəsildikdə tıxac olur. Bakıda isə qeyd etdiyimiz kimi hər gün eyni saatda tıxaclar təkrarlanır. Bu artıq o deməkdir ki, biz şəhərdə nəqliyyat axınını idarə edə bilmirik, idarə olunan nəqliyyat axını təmin edildikdə heç bir təsadüfi əngəl yaranmayana qədər şəhərdə tıxac olmur. Ə. Hüseynov hesab edir ki, Bakıdakı gündəlik tıxacların aradan qaldırılmasının yeganə yolu ictimai nəqliyyatın inkişaf etdirilməsidir: "Biz elə etməliyik ki, əhalinin bütün təbəqələri, hətta, iki-üç maşını olan şəhər sakini də ictimai nəqliyyatdan istifadə etməyi özünə rəva bilsin. Bununla yanaşı, biz Bakıda velospedin nəqliyyata çevrilməsinə nail olmalıyıq. Bu iki məsələyə nail olmayana qədər biz Bakıda tıxacların aradan qaldırılmasına nail ola bilməyəcəyir. Bununla yanaşı biz Bakı Metropoliteninin stansiya şəbəkələrini genişləndirməli və sıxlaşdırmalıyıq".
Ekspert əlavə etdi ki, şəhərin infrastrukturunda da müəyyən problemlər var, amma biz bütün şəhəri də yola çevirə bilmərik, hərçəndki, o halda da tıxacların yaranması ehtimalı böyükdür.
Akif Nəsirli