Azərbaycan - cərimələr, rüsumlar və qadağalar ölkəsi
Millət, bu gün sizə çox əcaib bir məsələdən söz açacam. Əslində, bunu hər kəsin bildiyi və gündəlik həyatımızda qarşılaşdığımız anormallıqlara bir baxış da adlandırmaq olar. Mövzuya başlamazdan əvvəl bir neçə tarixi faktı diqqətinizə çatdırmaq istəyirəm. Çünki butun bunlar, artıq tam təsdiq olunmuş faktlardır ki, heç bir qadağa cəmiyyət və fərdlər tərəfindən birməlanı qəbul olunmur. Buna görə də tətbiq olunan qadağaları pozmaq üçün yollar axtarırlar və tapırlar. Məsələn, bir zamanlar Amerikada spirtli içkilərin və tütün məmulatlarının satışının məhdudlaşdırılması barədə qərar qəbul olundu. Bu ölkədə həmin qadağalara əməl olundumu, əsla! Əksinə, bu biznes gizli şəkildə daha geniş formada inkişaf etməyə başladı.Yəni, qadağaları pozan və bu qadağalara nəzarət edən qurumlar arasında gizli sövdələşmə, əməkdaşlıq nəticəsində fəaliyyət göstərən sindikatlar yarandı. Dövlətin qazancı isə itirilən milyonlar, milyardlar oldu.
Daha sonralar, hətta sovet rejiminin ən sərt və qəddar rəhbəri sayılan İosif Stalin də, SSRİ-də spirtli içkilərin satışını qadağan edən (suxoy zakon) qanun qəbul etdi. Yenə də heç bir müsbət nəticə əldə olunmadı. Bu sahə Amerikada olduğu kimi, gizli kriminal qruplaşmaların əlinə keçdi. İnsanlar onların sağlamlığı üçün daha təhlükəli olan "kustar" üsulla hazırlanmış içkilərə (samaqon) alüdə oldular. Bu işin də başında işbaz kriminal qruplara havadarlıq edən hüquq-mühafizə orqanlarının rəhbərləri dururdular. Belə bir qanunun qəbuluna SSRİ-nin sabiq «KQB» rəhbəri Y.Andropov da cəhd etdi və bu cəhd də fiaskoya uğradı.
Bu gün də dünyada narkotiklərin və qadın alverinin qadağan olunmasına baxmayaraq, bu ən geniş formada fəaliyyət göstərən gizli biznes şəbəkəsi halını alıb və bütün bu pisliklərə dünyanın hər yerində hüquq-mühafizə orqanları, ələlxüsus da polis orqanları nəzarət edir. Bu da onu deməyə əsas verir ki, hər hansı bir dövlətin düşünmədən atdığı qadağa addımları, əslində polisin və digər nəzarətedici qurumların gəlir mənbəyinə çevrilir, əsasən də cərimələr yüksək olduqda. Dövlət isə bundan heç nə qazanmır, əksinə xalqın narazılığına və sosial gərginliyə səbəb olur.
Məsələn, sürücü təhlükəsizlik kəmərini taxmır, bunun cəriməsi səhv etmirəmsə, 30-40 manatdır. Yol polisi onu saxlayır, qaydanı pozduğu barədə izahat verir. Sürücü isə heç bir şey olmamış kimi, sakitcə polisin əlini sıxaraq oraya bir 20 manatlıq əskinas qoyur və yolunu yenə də kəməri taxmadan davam etdirir. Bununla da sürücü hesab edir ki, 15-20 manat qazanc əldə edib. Polis də heç bir şey olmamış kimi, 20 manatı qoyur cibinə və hesab edir ki, burada qəribə nə var ki, hamı dolanmaq istəyir. Bu kimi hallarla Bakı küçələrində hər an rastlaşmaq mümkündür. Bu da heç şübhəsiz ki, dövlətə və onun qanunlarına inamı azaldır.
Son zamanlar yol hərəkəti qaydalarına çox sayda dəyişikliklər və əlavələr edilib. Əsasən də, cərimələrin miqdarının artırılması istiqamətində. Lakin bunun hər hansı bir müsbət nəticəsi olubmu, yox, olmayıb. Çünki, bir ölkədə qanun pulla satılırsa, orada müsbət nəticə heç zaman olmayacaq. Hesab edirəm ki, əksinə, cərimələri elə bir həddə salmaq lazımdır ki, polis o məbləği sürücüdən almağa belə, utansın. Surücülər də birdəfəlik anlasınlar ki, yol hərəkəti qaydalarını pozduqları halda, pul verməklə canlarını qurtarmayacaqlar və son nəticədə sürücülük hüququndan məhrum ediləcəklər. Bunun üçün isə xüsusi qanun hazırlanmalıdır. 2-3 dəfə cərimələnən sürücü, artıq 4-cü dəfə sürücülük hüququndan məhrum edilməlidir ki, ağlı başına gəlsin. Yəni pul amili aradan qaldırılmalıdır. Polislərə isə yaşamlarını təmin edə biləcək miqdarda əmək haqqı verilməlidir ki, sürücünün əlinə, cibinə baxmasın.
Lakin, çox təəssüflər olsun ki, bizdə istər polis orqanları, istər dövlət qurumları, istərsə də, deputatlar hər zaman rüsum, qadağa və cərimələrin artırılmasın tələb edirlər. Görünür, burada hər kəsin öz maraqları var. Yəni qadağalar pul mənbəyidir.
Onu da yaddan çıxarmayaq ki, minimum əmək haqqı 250 manat olan bir ölkədə hər hansı bir qanun pozuntusuna görə sürücüdən 200-300 manat tələb etmək, artıq onun ailəsini ac qoymaq deməkdir. Bəlkə yalan deyirəm?
Keçək rüsum məsələsinə. Məsələn, vətəndaş deyək ki, Gürcüstandan 2 min dollara (təxminən 3 min 400 manata) avtomobil alır və bu avtomobil üçün Azərbaycan gömrük-çüləri ondan 5 min manat rüsum tələb edirlər. Belə də gömrük qazanır, itirən isə Azərbaycan vətəndaşı və dövləti olur. O səbəbdən ki, Azərbaycan artıq dünyanın avtomobil "ölüxanası"na çevrilib. Azərbaycanın avtomobil parkının 70-80 faizi artıq normal ölkələrdə istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobillər isə ölkəni ekoloji fəlakətə sürükləyir. Cənablar, anlamağa çalışın ki, bu gün gömrüyün qazandığı milyonların 2 qatını xərcləsəniz belə, təbiətə dəyən zərəri kompensasiya edə bilməzsiniz. İmkan verin insanlar ölkəyə daha müasir avtomobillər gətirsinlər. Azərbaycanın avtomobil parkı yenilənsin, şəhərlər normal nəfəs ala bilsinlər. Bütün bunlar son nəticədə insanların sağlamlığına da təsirsiz ötüşmür. Diqqət edin bütün xəstəxanalarda, klinikalarda xəstə əlindən tərpənmək olmur.
İndi də koronavirus pandemiyası səbəbindən ortaya çıxan qadağalardan danışaq. Bildiyiniz kimi, Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyə sisteminin bərbadlığı üzün-dən ölkəmizdə koronavirusa qarşı mübarizə üçün Baş nazirin rəhbərliyi ilə nazirlər kabinetində Operativ Qərargah və TƏBİB qurumu yaradılıb. Bu qurumların fəaliyyəti isə cəmiyyətdə birmənalı qarşılanmır. Çünki pandemiyanın baş qaldırdığı gündən onların fəaliyyətində çox ciddi problemlər yarandı və insanların bu qurumlara inamı itdi. Bu qurumların tətbiq etdiyi qadağalara baxdıqca, insanda elə bir təsəvvür formalaşır ki, bu qurumlar insanların sağlamlığını qorumaq adı altında onları daha da çətin sosial duruma salırlar. Artıq bir ildən çoxdur ki, 50-100 nəfərlik toylara, yas mərasimlərinə, ümumi toplantılara belə, qadağa qoyan bu qurumlar, nəqliyyatda, digər ictimai yerlərdə, sırf onların nəzarətində olan tibb müəssisələrində baş verənlərdən sanki xəbərsizdirlər. Bir düşünün cənablar, qadağalar heç zaman yaranmış vəziyyətdən çıxış yolu olmayıb və olmayacaq. Siz qadağaları nə qədər davam etdirsəniz də, sərtləşdirsəniz də, insanlar müxtəlif yollarla həmin qadağaları pozacaqlar. Sizə elə gəlmirmi ki, qadağaları boş verib, nəzarət mexanizmini gücləndirmək daha səmərəli ola bilər. Yoxsa, "toy etmək olmaz, yas mərasimi keçirmək olmaz, cərimələnəcəksən", demək vəziyyətdən çıxış yolu deyil və bu qadağaların məntiqsizliyini ortaya qoyur. Buna görə də müəyyən çərçivələr daxilində toyların da, yas mərasimlərinin də keçirilməsinə qoyulan qadağalar ləğv edilməlidir. İnsanları maarifləndirmək yolu ilə bu qadağalar olmadan belə, özlərini qoruya biləcəklərinə inandırmaq lazımdır. Bilmək olmaz bu bəla hələ nə qədər davam edəcək. İnsanların anlayacağı şəkildə maarifləndirmə işi aparılmalıdır ki, toy da edin, yas mərasimlərini də keçirin, amma ehtiyatı da əldən verməyin və özünüzü qoruyun. Bu qədər bəsit!
P.S. Bu günlərdə daha bir qadağanın tətbiq olunacağı haqqında məlumatlar dövriy-yəyə buraxılb. Yəni avtomobilin ön şüşəsinin yuxarı hissəsinə rəngli lent yapışdırmaq qadağan olunur. Bununla yanaşı, həm də şəhərdə tıxacların qarşısının alınması üçün tək, cüt nömrləli maşınların müxtəlif vaxtlarda şəhərə buraxılması müzakirə mövzusudur. Bu təklifi verənlər yaddan çıxarırlar ki, Azərbaycan heç də YAPkra-tiyanın təbliğ etdiyi kimi inkişaf etmiş Avropa ölkəsi deyil. Bu təklifin tətbiqi üçün elə bir ictimai nəqliyyat sistemi yaradılmalıdır ki, insanlar şəxsi avtomobillərindən istifadə etmədən belə, öz tələbatlarını ödəyə bilsinlər. Azərbaycanda isə belə bir sistem 50-100 ildən sonra da yaranmayacaq. Bunu həmin təklifi verənlər də, məndən on qat artıq bilirlər. Sürücülər isə belə düşünür, pandemiya polisləri də kasıblayıb, bilmirlər daha hansı yollarla sürücülərdən pul qoparsınlar. Mən isə belə düşünürəm, polisin nə günahı, qanunu ki, polis yaratmır.