Şəhid ailələri İcra başçısından şikayətçidir
Eyvaz Hüseynov rayonu şəxsi mülki kimi idarə edir
29 il ərzində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan və şəhid ailələrinə münasibətdə ayrı-seçkiliyə yol verən Eyvaz Hüseynovun rəhbərliyinə etiraz edən bir qrup şəhid ailəsi aprelin 5-də Azərbaycan Nəşriyyatında mətbuat konfransı keçirib, ölkə Prezidentinə şikayət etdilər.
Şəhid ailələri nümayəndələrinin dediklərinə görə, icra başçısı Eyvaz Hüseynovun fəaliyyəti kifayət qədər şübhəli məqamlarla zəngindir. Xocavənd RİH-nin başçısından narazı olan şəhid ailələrinin iddialarına görə, Eyvaz Hüseynov 29 ildir vəzifəsindən sui-istifadə edir, əhalinin şikayətinə baxmır, şəhid ailəsi üzvlərinin müraciətinə məhəl qoymur. Buna görə də rayon sakinlərinin Eyvaz Hüseynovdan narazılığı son həddə çatıb.
Mətbuat konfransıda RİH-nin başçısına qarşı kəskin etiraz ifadə edən sakinlər Xocavəndin icra başçısı Eyvaz Hüseynovun qardaşlarının, yaxın qohum-əqrabasının rayonun yüz hektarlarla torpaq sahələrini ələ keçirdiklərini, çoxsaylı obyektlərə, dəyəri yüz minlərlə manat qiymətləndirilən daşınan və daşınmaz əmlaka sahiblənmələrindən şikayətləndilər. Şəhid ailələri icra başçısının qardaşlarını, yaxın qohum-əqrəbasını, dost-tanışını ətrafına yığıb, 1458 km. sahəsi olan bu rayonun əkinə yararlı torpaq sahələrinin çox hissəsini ələ keçirdiyini bildirdilər.
Eyvaz Hüseynov və onun yaxın çevrəsinin özləri üçün sərvət topladıqlarını, şəhid ailələrinin problemləri ilə maraqlanmadığını vurğuladılar. İcra başçısının Xocavənd rayonunu "cəngəllik qanunları" ilə idarə etdiyini ifadə etdilər! Bu rayonda Azərbaycan qanunlarının işləmədiyini bildirdilər.
Mətbuat konfransında çıxış edən Muğanlı kənd sakini, rayon xəstəxanasının təcili yardım şöbəsinin həkimi İmanov Məğrur Kərəm oğlu qeyd etdi ki, mən Xocavənd qəsəbəsindəki xəstəxanada işləyirəm. Haqqımı-hüququmu tələb etdiyimə görə, RİH başçısı tərəfindən mənə və ailə üzvlərimizə mütəmadi təzyiqlər göstərilir. Hətta Eyvaz Hüseynov məni kabinetinə dəvət etdi və mənə hədə-qorxu gəldi. Bu gün çalışdığım səhiyyə müəssisəsində icra başçısına yaxın şəxslər Bakıda yaşayırlar, amma iş yerini tanımırlar. İş saatından artıq müddətdə işləsəm də, əmək haqqımı düzgün ala bilmirəm. Amma, Eyvaz Hüseynova bağlı olan şəxslər işə gəlmədən əmək haqqı alırlar. Baş verən olaylarla bağlı RİH-in başçısına məlumat veririk, o isə, "belə şeylər bütün qurumlarda var"- cavabını verir. İcra başçısından məlum səbəbdən daim dəstək alan Ruhəngiz Bəşirova korrupsiya əməlinə görə, rayon xəstəxanasının baş həkimi vəzifəsindən, uzaqlaşdırılsa da, bir müddətdən sonra o, Eyvaz Hüseynovun dəstəyilə yenidən xəstəxanaya direktor təyin olundu. Ondan edilən şikayətlərə görə, o, vəzifəsində çox qalmadı və dərhal Xocavənd rayonundan qat-qat çox böyük olan Beyləqan Rayon Xəstəxanasına direktor təyin olundu!
Şəhid ailəsinin üzvü, müharibə veteranı, Çernobıl əlili Ruzigar Tohit oğlu Məmmədov mətbuat konfransında bildirdi ki; "Eyvaz Hüseynov 29 il ərzində Qaradağlı kənd sakinlərinə hədsiz zülm edib. Cənab Prezidentin onun bəd əməllərindən xəbəri yoxdur. Qaradağlı kəndinin 84 nəfər şəhidi var, icra başçısı onlara şəhid stasusu verilməsinə imkan vermir, şəhid ailələrini qəbul etmir, onların problemləri ilə maraqlanmır. İcra başçısı, qardaşları, yaxınları təqribən 15 min hektardan çox torpaq sahələrini zəbt ediblər. Bilirik ki, Eyvaz Hüseynovun bu cür yaramaz əməllərindən cənab Prezidentin məlumatı yoxdur. İcra başçısı Qaradağlı şəhidlərinin adlarını hər vasitə ilə gizli saxlamağa çalışır və yalnız qardaşı İbad Hüseynovun "qəhrəmanlığının" təbliğatına üstünlük verir. Qardaşı İbad Hüseynov Milli Qəhrəman adını alsa da, əslində o, saxta milli qəhrəmandır! Çünki, o, "mən Monte Melikumyanın başını kəsmişəm" deyə, təbliğat aparsa da, hər kəs bilir ki, həmin məlumat tam yalandır və bu da qəhrəmanlığa yaraşan hərəkət deyil! Hadisə şahidlərinin dediyindən bəlli oldu ki, atılmış mərminin partlaması nəticəsində kubik parçası Monte Melikumyanın başına dəyib və o, aldığı zərbədən gəbərib!
Xocavənd RİH-in başçısı yalan təbliğat aparır ki, "müharibə vaxtı kəndimizdən qadınları mən çıxartmışam. Əslində, bu ağ-yalandır. Çünki, Eyvaz Hüseynovun anadan olduğu Muğanlı kəndi ermənilər tərəfindən ələ keçirilərkən Eyvaz Hüseynov və qardaşları həmin kənddə olmayıblar."
Qaradağlı kəndindən olan şəhid ailəsinin üzvü Rasif Məhərrəm oğlu Əliyev çıxışında bildirdi ki, "Eyvaz Hüseynov və onun yaxın çevrəsi əkinə yararlı bütün torpaq sahələrini ələ keçiriblər, biz torpaq üzünə həsrət qalmışıq. Şəhid ailəsi kimi icra başçısından torpaq sahəsi istəsək də, o, bizim tələbimizə əhəmiyyət vermir"!
Qaradağlı kənd sakini, şəhid ailəsinin üzvü Quliyev Rafiq Əlaslan oğlu dedi ki, "Mənim atam və qardaşım şəhid olublar. Bu günə kimi kəndimizdən şəhid olanlara nəinki şəhid adı, heç bir şey verilməyib. Eyvaz Hüseynovun Qaradağlı kənd sakinlərini görməyə gözü yoxdur. Dəfələrlə işlə təmin olunmaq üçün müraciət etmişik, o, heç bir şəhid ailəsinin üzvünə iş verməyib. Bizim kəndin sakinləri 1992-1993-cü illərdə ermənilərdən qaçıb Beyləqana gəldik, burada da "erməni işğalı"na tuş gəlmişik. Yəni, "Nərgiz təpə" deyilən ərazidə rayonun 1550 hektar torpaq sahəsi icra başçısının qardaşları, Eyvaz Hüseynovun yaxın çevrəsi tərəfindən ələ keçirilib.
Rayon əhalisi hələ də bilmir ki, icra başçısının qardaşı İbad Hüseynov hansı igidliyi göstərib ki, o, Milli Qəhrəman olub?! Axı, onun belə yüksək ada sahib olması üçün heç bir xidməti yoxdur!? İbad Hüseynovun M. Melkumyanı öldürməsi barədə uydurduqları hadisə tamamilə ağ-yalandır".
Xocavənd RİH-nin başçısından narazılığını ifadə edənlərdən biri də Qaradağlı kənd sakini Mənfiyət Arazxan oğlu Hüseynovdur. O, verdiyi açıqlamada dedi ki, "Biz hamılıqla icra başçısından narazıyıq. Bu şəxs 29 ildir bizə zülm edir, şəhid ailələrini saya salmır, onların problemləri ilə maraqlanmır. 1992-ci ildə Qaradağlı kənd sakinlərinin bir çoxu ermənilər tərəfindən əsir götürülüb və müxtəlif işgəncələrə məruz qalıb və hamısı qətlə yetirilib. Ona görə də hər il fevralın 17-də Qaradağlı kənd şəhidlərinin anım gününü qeyd edirik.
Xeyli vaxt bundan əvvəl kənd sakinləri rayon ərazisində 84 nəfər şəhidin xatirəsinə abidə ucaltmaq qərarına gəlirlər və bu məqsədlə torpaq sahəsinin ayırılması üçün Xocavənd RİH-nin başçısına müraciət etdilər. Sakinlərin müraciətinə Eyvaz Hüseynov rədd cavabı verdi. Füzuli RİH-nin başçısı Alı Alıyev müraciətə diqqətlə yanaşdı. Füzuli rayonuna məxsus, Beyləqan rayonu ərazisinə yaxın yerdə abidə kompleksinin ucaldılması məqsədilə torpaq sahəsi ayırdı.
Xocavənd RİH-nin başçısı qeyd olunan abidəyə xərclənən vəsaitin icra hakimiyyətinin vəsaiti hesabına ərsəyə gətirilməsi barədə sənədləşmə işlərini həyata keçirməyə çalışdı, amma Qaradağlı kənd sakinləri buna qəti etirazlarını bildirdilər və Eyvaz Hüseynovun pis niyyəti baş tutmadı.
Bundan əlavə, "Nərgiz təpə" ərazisində 20-dən çox artezian quyusu var, bu gün həmin quyulardan yalnız icra başçısı və onun yaxın ətrafı istifadə edir. İcra başçısı bizə əkinə yararsız, gedib-gəlmək mümkün olmayan çətin ərazilərdən torpaq sahəsi təklif edir. Amma ərazidəki 8 min hektar torpaq sahəsinin 250 hektarını icra başçısı Eyvaz Hüseynov yeznəsinə verib.
İcra başçısı şəhid adına, şəhid ruhuna uyğun qiymət vermir, şəhid ailəsi üzvlərinə olduqca biganə yanaşır. Eyvaz Hüseynovun bu cür idarəçiliyi ilə bağlı biz aidiyyatı orqanlara ərizə yazıb, teleqramma vuranda da, icra başçısı həmin günün səhəri bizi RİH-ə çağırır, bizdən izahat tələb edir.
Çox dəhşətli haldır ki, icra başçısının yaxınları rayonda Zərifə Əliyeva adına parkdakı oturacaqları, avadanlıqları, daş üzlükləri söküb, özlərinə aid obyektlərə daşıyıblar. Eyvaz Hüseynovun "xeyir-duası" ilə ona bağlı olan şəxslər, vaxtilə büdcə pulları hesabına ərsəyə gətirilmiş Zərifə Əliyeva adına parkı elə bərbad hala salıblar ki, bu gün həmin parkdan əsər-əlamət qalmayıb. Hətta onlar parkın yaxınlığında mal-qara saxlatdırır. Bu problemləri həll etmək üçün deputat, fəaliyyətini görmədiyimiz Elman Məmmədovu axtarsaq da, tapa bilmirik. Bu şəxsin sifətini yalnız televiziya ekranında görürük. Elman Məmmədov 44 gün davam edən Vətən Müharibəsində rayonda şəhid olanlardan heç birinin yas mərasimində iştirak etmədi və maraqlanmadı.
Belə deputat bizim nəyimizə lazımdır?!
E. Məmmədov efirdə vətənpərvərlikdən, torpağa bağlılıqdan, şəhid adına hörmətdən danışır. Amma deputat fəaliyyətində dediklərinə zərrəcə əməl etmir. Sanki MM-ə "propiska" olub, 27 ildir deputatdır və hər seçkidə də bizə millət vəkili "seçilir"! Rayon əhalisi onunla görüşə bilmirsə, bəs o, kimi təmsil edir?!
Qaradağlı kənd sakini Xaliq Rüstəmov da icra başçısı Eyvaz Hüseynovdan narazılığını bildirdi: "RİH-nin başçısı heç bir şəhid ailəsini saymır, onların problemlərini həll etmir. Başçının fəaliyyətindən şikayət edən hər kəsin özünü və qohum-əqrəbasını incidirlər. Əhali bu şəxsin yarıtmaz idarəçiliyindən cana doyub"!
Şəhid ailələri üzvlərinin dediklərindən aydın olur ki, Xocavənd RİH-nin başçısının şəhid ailəsi üzvlərinə qarşı pis münasibətinin kökündə xoşagəlməz hal dayanır. İcra başçısı heç olmasa, ölkə Prezidenti cənab İlham Əliyevdən şəxsi nümunə götürməlidir: "Hər bir məmur xalqın xidmətçisidir"!
Görünür, Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynov ölkə rəhbərinin xəbərdarlıq və tapşırıqlarından düz nəticə çıxarmır və doymayan nəfsinə hakim deyil. Qaradağlı kəndinin Şəhid ailələrinin ifadə etdikləri narazılıq həm də təsdiqləyir ki, icra başçısı tərəfindən 84 şəhid ailəsinə edilən haqsızlıq rayonda böyük gərginlik yaradıb.
Atalar yerində deyib ki, "su bir yerdə çox qalanda iylənir"
Röyal Əsədli
Qarşı tərəf nə deyir?
P.S əvəzi:
Xocavənd rayonunun Qaradağlı kəndindən olan şəhid ailələrinin mətbuat üçün keçirdikləri konfransda icra başçısı
Eyvaz Hüseynovun ünvanına söylədikləri tənqidlə bağlı əməkdaşımız RİH-ə müraciət edib.
Hakimiyyətə yaxın mənbədən bildirilib ki, şəhid ailələrinin mətbuat kofransında icra başçısı barədə bildirdikləri tənqidi fikirlər bir neçə rəsmi qurum tərəfindən yoxlanılıb, faktlar təsdiqini tapmayıb. RİH şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və onların ehtiyacları ilk növbədə nəzərə alınır. Hər il fevralın 17-də Qaradağlı faciəsinn ildönümü qeyd edilir, faciə qurbanlarının xatirəsi yad olunur.
Mətbuat kofransında şəhid ailəlrinin icra başçısı və qohum-əqrabası tərəfindən torpaqların mənimsənilməsilə əlaqədar söylədikləri həqiqiəti əks etdirmir və doğru deyil. Onların haqqında danışdıqları torpaqlar isə, rayona aid deyil, şirkətə məxsusdur..