Ermənistan mina xəritəsini verməkdən imtina etdi
Rusiya Şuşada öz hərbiçiləri üçün kazarma tikmək iştahındadır
Qabil Hüseynli: "Bu məsələdə də Rusiyanın yaxasından tutmalıyıq"
Zərdüşt Əlizadə: "Problem Ermənis-tandakı hakimiyyət uğrunda mübarizə ilə bağlıdır"
10 noyabr bəyanatından sonra Azərbaycanda az qala hər gün ya hərbiçilər, ya da mülki şəxslər azad edilmiş ərazilərimizdə minaya düşür, ağır xəsaratlar alır, şikəst olur və ya dünyasını dəyişir. Beynəlxalq hüququn tələblərinə və hər iki ölkənin qoşulduğu konvensiyalara görə Ermənistan dövləti indiki şəraitdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritəsini bizə təhfil verməlidir.
Lakin Ermənistan artıq rəsmən azad edilmiş ərazilərdə minalanmış sahələrin xəritəsini rəsmi Bakıya təhvil verməkdən imtina etdi. Paşinyan hökuməti şərt irəli sürüb ki, 10 noyabr bəyanatından sonra azad edilmiş ərazilərdə hərbiçilərimiz tərəfindən saxlanılmış 72 nəfər erməni terrorçusunu onlara təhfil verməyənə qədər minalanmış sahələrin xəritəsini Azərbaycana verməyəcək. Belədə isə biz Rusiyanın təkidi ilə rus sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərlə Ermənistanın əlaqə saxlaması üçün Laçın dəhlizinin açılmasına razılaşmışıq, Xankəndinə elektrik enerjisi veririk, SOCAR çox həvəslə Ermənistana təbii qaz verməyə hazırlaşır (əlbəttə, bunu SOCAR siyasi hakimiyyətin qərarı ilə icra edir) və s. Bütün bunları biz sözsüz ki, Rusiyanın tələbi, bəlkə də təkidi ilə edirik, yoxsa bizə nə Xankəndi ilə əlaqə üçün Laçın dəhlizi vermək, rusların nəzarəti altında olan əraziyə elektrik enerjisi və ya Ermənistana "mavi yanacaq" vermək xoş deyil. Belə görünür ki, bu addımlar Rusiya və Ermənistan tərəfindən Azərbaycanın güzəştləri kimi qiymətləndirilmir. Elə isə nə baş verir, yəni Azərbaycan hökuməti etdiyi bu qədər güzəştlərlə Ermənistana birbaşa və ya Rusiya vasitəsi ilə təzyiq edə bilməzmi? Məsələ aydındır ki, erməni xislətinin bizim üçün bu iki yüz ildə qaranlıq olan heç bir məqamı qalmayıb, Ermənistan onsuz da minalanmış sahələrin tam xəritəsini bizə verməyəcək, lakin rəsmən bu xəritənin İravandan alınması, heç olmasa qeydiyyat üçün həm də qalib tərəf kimi ölkəmizin nüfuz məsələsidir. Necə qalib ölkəyik ki, minalanmış sahələrin xəritəsini məğlub ölkədən ala bilmirik?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirdi ki, bu məsələdə də biz Rusiyanın yaxasından tutmalıyıq: "Rusiya Ermənistanda seçkilərə qarışa bilir, iqtisadiyyatı rus şirkətlərinin monopoliyası altına sala bilir, bir xəritəni alıb Azərbaycana verə bilmir? Əlbəttə, bu Rusiyanın əlində su içmək kimi asan bir məsələdir, amma görünür ki, Kreml Azərbaycandan daha nələrisə umur. Biz həm Rusiyaya, həm də Ermənistana təzyiq etməliyik, məsələni beynəlxalq aləmdə ictimailəşdirməliyik. Minaya düşərək həyatını itirmiş insanların varisləri, şikəst olmuş vətəndaşlarımızın özləri Ermənistanı Haaqa məhkəməsinə verməli, həm təzminat istəməli, həm də şikəstliyin, ölümün səbəb olduğu məsələyə,minaların tapılıb zərərsizləşdirilməsini tələb etməlidir. Bunun üçün isə ilk növbədə Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməlidir".
Son günlər Rusiya hökumətinin kluarlarında və mediasında dolaşan xəbərlərə görə rəsmi Moskva hansı ehtiyacdansa işğaldan azad edilmiş Şuşa şəhərində öz əsgərləri üçün kazarma tikmək istəyir. Politoloq bunun qətiyən yolverilməz olduğunu bildirdi və qeyd etdi ki, bununla heç bizim müttəfiqlərimiz (Pakistan və Türkiyə) belə razılaşmaz, nəyinki biz...
Bu xüsusda bizimlə söhbət edən politoloq Zərdüşt Əlizadənin fikrincə problem Ermənistandakı hakimiyyət uğrunda mübarizə ilə bağlıdır: "Hazırda Ermənistanda daxili siyasi mübarizə gedir, xalqa müraciət edən hər bir siyasi qüvvə özünü "düşmən" azərbaycanlılara və türklərə qarşı yenilməz, qətiyyətli bir tərəf kimi təqdim etmək istəyir. Bu zaman hakimiyyət tərəfindən hər hansı bir güzəştə getmək, tutaq ki, minalanmış sahələrin xəritəsini qarşı tərəfə vermək zəiflik əlaməti sayıla bilər. Əgər Ermənistan iqtidarı bu addımı atsa, müxalif qüvvələr bağıracaq ki, Nikol Paşinyan torpaaqları satdı, indi də düşmən ölkənin vətəndaşlarının qayğısına qalmaq üçün minalanmış sahələrin xəritəsini təhfil verir, amma bizim əsirlikdə olan övladlarımızı xilas etmək istəmir. Yəni bbu daxili siyasi mübarizənin məntiqi ilə izah edilə bilər. O ki qaldı minalanmış ərazilərin xəritəsinə, mən əminəm ki, bir çox minalanmış sahələrin heç xəritəsi də yoxdur. Əvvəlcədən tikilmiş beton istehkamların qarşısında olan minalanmış sahələrin xəritəsi ola bilsin ki var, lakin belə ərazilərin minalı olmasını müəyyənləşdirmək üçün heç xəritəyə də ciddi ehtiyac yoxdur. Amma Ermənistan ordusu geri çəkildikcə, dəyişən döyüş şəraitində salınan minalanmış sahələrin xəritəsi böyük ehtimalla yoxdur. Ermənistan xəritələri versə də, o xəritələrə inam yoxdur. Çıxış yolu ondan ibarətdir ki, minalardan təmizlənmə əməliyyatını Azərbaycan tərəfi özü aparmalıdır. Bunun üçün xarici ölkələrin - Türkiyə, İran, Rusiya və Qərb dövlətlərinin mütəxəssisləri dəvət oluna bilər. Məmurlar oğurladıqları pulların bir hissəsini də vətən torpaqlarının azad edilməsinə ayırsalar çanları çıxar? Məsələn, məndə olan məlumata görə İran İslam Respublikasının 60 mina təmizləyən şirkəti var, dəvət eləsinlər, gəlib təmizləsin, məsələ bu qədər bəsitdir".
A.Nəsirli