Fürsət düşkünləri...
İndi də Cıdırda at çapmaq istəyirlər
Ölkədə baş verənlərin iki müəllifi var - zaman və ölkə prezidenti. 2018-ci ildən başlayan struktur və kadr islahatları da bu iki gücün iradəsinə tabedir. Hadisələrin məhz zamanın hökmü ilə baş verdiyini anında anlayan insanlar çoxdur. Lakin elələri də var ki, “taxtabaşdır”, heç nəyi hesaba almır, amma elə ki, əlinə fürsət düşdü, deyir «burda mənəm, Bağdadda kor xəlifə»... Bir növ məmləkətimizdə uzun illər dövlət kürsüsünü ələ keçirib, rüşvət və korrupsiya bataqlığına salıb, ömrünü parazit həyat tərzilə başa vurmağa vərdiş edən sayı bəlli olmayan məmur ordusu kimi. Unutduqları bir şey var - zamanın hər şeyi dəyişmək gücün... Uzun zaman pisliklərlə doldurduqları o iyrənc kürsünü qorumağın yeganə qarantını oğurluq yollarla topladıqları çirkli paralarda görən bu “tazılar” əsla düşünməzlər həlledici gücə qadir zamanın bir gün gələcəyini.
Ölkə prezidentinin üç gün öncə televiziyaya verdiyi müsahibədə heç nədən gözü doymayan məmurların indi də Şuşaya göz dikdiklərini eşitdim. Sən demə, bunlar indi də Azərbaycanın “döyünən ürəyində filiallarını açmaq yarışı”na çıxıblarmış. Xəyal ediblər ki, dünən Xəzərin sahillərini hasarladığımız kimi, bu gün də istədiyimiz yerdə “tazı qalası” yapa bilərik. Məgər bunu yapmaq öz əlimizdə deyil?
Amma nə yazıqlar ki, saqqızları .... düşüb. Bakının və ölkənın gəzməli, görməli, səfalı yerlərini zəbt edən, indi də Şuşanı ələ keçirib hasarlamaq, şəxsi qəsr tikmək sevdasına düşən bu haramxorlara yaxşı bələd olan prezident İlham Əliyev acgözlərin planlarını pozub. Onların adlarını ayrı-ayrılıqda, birbaşa çəkməsə də, rəhbərlik etdikləri dövlət orqanlarını - Milli Bank, "Azəravtoyol", "AZAL", FHN, DGK, DSX və digərlərini nişan verərək “filiallarını” Şuşada açmaq barədə təşəbbüsdə bulunduqlarını açıqcasına söylədi.
Ölkədə at oynadanların indi də gedib Cıdır düzündə at çapmaq arzusunda olmaları bir yana, hələ durub bunu utanmadan prezidentə də bildirdilər. Prezident “tazıların” çirkin niyyətlərinə sərt reaksiya verərək dedi: "Mərkəzi Bankın sədri Şuşada nümayəndəlik açmaq, DGK, FHN və “Azəravtoyol” regional mərkəz, AZAL ofis, DSX isə zastava açmaq istəyir. Adamların beyninə nə gəlir tələffüz edirlər. Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!
Bunlar istəyirlər ki, gedib o torpaqları da zəbt edib orada özləri üçün şərait yaratsınlar, iqamətgah tikib, hasara alıb, bir qarovulçu da qoysun ki, ora gedəndə oturub təbiəti necə deyərlər, seyr etsin. Hamıya deyirəm, bərpa işləri ilə bağlı görüləcək bütün işlərə mütləq ictimai nəzarət olmalıdır! Olmasa, bax, bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq ora müəyyən gözlər dikilib. İndi sanki ora hücum gözlənilir - zəbtetmə hücumu. Bu torpaq mənim, o torpaq sənin, buranı mənə, oranı sənə... Amma mən onların hamısını cəzalandıracam, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun". Bəli, ölkə rəhbərinin yüksək vəzifəli şəxslərə “qalanı ələ keçirmək” istəklərinə qarşı sərt reaksiya verməsi heç də təsadüfi deyil. Bunlar həmin məmurlardır ki, dövlət və xalq çirkin əməllərindən cana doyub, məhvolma həddinə çatıb. “Tazı sürüsü” hədlərini o qədər aşıblar ki, əllərinə bir balaca fürsət düşən kimi, onu dərhal ələ keçirmək üçün hərəkətə keçirlər. Lakin göz dikdikləri həmin qalanı işğaldan azad etmək və qorumaq üçün döyüşə, müharibəyə ehtiyac yarananda isə, qış gələndə yoxa çıxan milçək kimi, övladlarını da götürüb cəhənnəmin dibinə qeybə çəkilirlər. Çətinliklərdən cana doymuş qonşum, ağbirçək Gülnisə xala da hər gün qarşılaşdığımız doqqazda 20 ildir eyni sözü - ölkədə baş verən bütün çətinliklərin, problemlərin - yanacağın, suyun Tarif Şurası tərəfindən gecəykən qalxan qiymətinin, limiti keçməmək üçün hər gün sayğaca boylanan yorğun, üzgün, küskün baxışlarının, onsuz da ağır olan durumunun daha da pisləşməsini məhz birbaşa yüksək çinlilərin çirkin əməllərinin bəhrəsi olduğunu deyir. Bu fikirləri düz 20 ildir Gülnisə xala deyir, mən isə təsəllini onu sonadək dinləməklə verib, ayrılırıq, hərəmiz öz səmtimizə... Ölkədə real vəziyyət gərgindir! Bir parça çörəyə möhtac olanların sayı çoxdur! Yuxarıda adları çəkilən dövlət orqanlarına rəhbərlik edənlər heç vaxt xalqı düşünməmişlər, daim öz qazanclarını artırmaq üçün çaba göstəriblər. Bu müdhiş varlanmaq sevgisiylə yaşayanlar bu gün xalqın və dövlətin pulunu mənimsəmək hesabına milyardlara sahibdirlər, düşmən üzərində zəfər qazanan şəhid Məhəbbət Mirzəyevin anası Pəri xanım isə yalnız qovrulan ürəyinin oduna isinir, başqa köməyi yoxdur. Budurmu ədalət?
Müharibə və “COVİD-19” pandemiyasının yaratdığı çətinlikdən sui-istifadə edənlər əllərinə düşən fürsətdən maksimum yararlanaraq, insanlara qarşı zalımcasına çirkin üsullar tətbiq edirlər! Yenə də, necə deyərlər, ümid sonda ölür. Prezidentin köhnə düşüncə və təfəkkürə malik olan məmurların Şuşanın guya dirçəldilməsi bəhanəsilə atdıqları yanlış addıma qarşı sərt reaksiyası xalqda müsbət emosiya yaratdı, təsəlli verdi, az da olsa sabaha ümidləndirdi. Ömrü-müzü ehtiyac içində keçirməyə səbəbkar olanların ciddi cəzalanmasını tələb etməyimizə görə bizi qınamayın!
Şahnaz Salehqızı