YENİLİYƏ AÇILIN - KÖHNƏ HAMAM, KÖHNƏ TAS OLMASIN - Anar Əsədli yazır
Anar Ələkbərova açıq məktub
Tovuz savaşı fonunda siyasi gündəm bir qədər rəngini dəyişdi. Ölkənin nüfuzlu politoloqları və analitikləri bu savaş olayının ciddi fərqləndiyini qeyd edirdilər. Hətta bu 30 ildə Türkiyə diplomatik ifadələrdən kənar çox açıq şəkildə hərbi dəstəyini ifadə etdi. Qərb də bu dəfə şablon xalqlar dostluğundan və sülhdən deyil, birbaşa Ermənistanın işğal siyasətindən danışdı, hətta Amerika Konqresi bildiyimiz qərarı verdi. Ölkədə isə yaşanan bütün olaylar vacib bir boşluğu bir daha üzə çıxardı - bu boşluğun adı hakimiyyətlə ictimaiyyət arasında uzun illərdir düzgün qurula bilməyən münasibətlərdir.
Heç şübhəsiz ki, hakimiyyətin icraedici qolunun başçısı olan Prezident (Konstitusiya, maddə 99) birbaşa özü ictimaiyyətlə işləmir – bu, bütün dünyada belədir. Xalqın aktiv hissəsi olan ictimaiyyət nümayəndələri ilə iş daim komandanın peşəkar üzvləri tərəfindən həyata keçirilməlidir. Eyni zamanda dövlət başçısına ictimai rəy operativ, doğru və düzgün çatdırılmalıdır. Bu işləri kimlər görür? - Prezidentin köməkçiləri, administrasiyanın müvafiq şöbələri. Bəs Azərbaycanda bu proses nə qədər peşəkar şəkildə həyata keçirilir və hansı kriteriyalarla?
Son hadisələrin təhlili göstərir ki, bu suala müsbət cavab vermək olmur. Prezident köməkçisi gənc və yetənəkli kadr kimi tanınan Anar Ələkbərovun ziyalılar və ictimaiyyət nümayəndələri ilə görüşünün formatı xeyli suallar doğurdu. Hörmətli Anar Ələkbərov, elə mən də bu və ya digər məsələləri nəzərə alaraq sizə, bir ictimaiyyət nümayəndəsi kimi, öz fikrlərimi bildirmək istəyirəm.
Görüşə kimlər dəvət olunmuşdu? Millət vəkilləri Qənirə Paşayeva və Erkin Qədirlini kadrda görəndə insanlarda sizcə belə bir sual doğmur ki, bu millət vəkilləri sözlərini demək üçün ali tribunaya malikdirlər, bu formatda görüşdə iştiraklarının anlamı nədir? Millət vəkili statusunu daşıyan şəxslərin prezident köməkçisi ilə xüsusi bir görüşə dəvət olunması yersiz və gülməlidir, cənablar! Məgər millət vəkilləri Prezidentə xalqın fikirlərini çatdırmaq üçün problemmi yaşayırlar?
Açığı, bu görüşdə daim öz obyektiv fikirləri ilə seçilən və xalq arasında nüfuzu olan, tənqidi yanaşması ilə fərqlənən professor Qulu Məhərrəmli istisna olunmaqla, dövlət əhəmiyyətli milli məsələlərdə hər hansı bir konkret mövqe sərgiləməyən, hər hansı bir fikri və əməli ilə seçilməyən “ictimai fəallar”ın bu görüşə dəvət olunması dövlətin hansı ictimaiyyətlə əlaqələr strategiyasına əsaslanır?
Hörmətli Anar Ələkbərov bu şəxsləri Prezidentə necə təqdim edir və bu görüşün xalqda necə bir reaksiya doğuracağının təftişini aparırmı?
Doğrusu, bu görüşlər ona görə tənqidə tuş gəlir ki, Əli Həsənovun komandasının yola salınmasından sonra yeni komandanın trollarla deyil, cəmiyyətin daha aktiv kəsimi ilə sıx əlaqələr quracağını gözləyirdik. Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə, ölkədəki istənilən duruma tənqidi münasibəti ilə seçilən şəxslərlə, ziyalılarla yeni və sağlam münasibətlərin əsasının qoyulacağına ümid edirdik.
Görünən odur ki, dəyişən şəxslərdir, xətt deyil. Dəsti-xətt tanışdır.
Xatırladım ki, həmin o dəsti-xəttin “fəaliyyəti” nəticəsində bu gün Azərbaycan cəmiyyətində hökumətə doğru və sağlam tənqid “söyüş müxalifəti”nin üzərində cəmləndi. Bu “fəaliyyət”in xidməti nəticəsində vəziyyət o yerə çatıb ki, bu gün obyektiv tənqid cəmiyyətdə reaksiya doğurmur, ölkənin taleyi ilə bağlı ciddi fikr söyləyən aktiv ictimai-siyasi xadimlərin rəyləri etinasızlıqla qarşılanır çünki xalq “söyüşə” alışıb…
Ölkənin demokratik inkişafını arzulayan aydınlar yaxşı bilir ki, hakimiyyətin sağlam tənqidi demokratik institutların formalaşmasına və cəmiyyətdə xalq – hakimiyyət münasibətlərinin normal qurulmasına xidmət edir. Tənqid olmayan cəmiyyətdə bütün neqativlər üzə çıxır və o zaman qorxulu tendensiya olan söyüşə və şiddətə meyillilik pik nöqtəyə çatır.
Bunun isə ən böyük zərbəsi elə hakimiyyətin özünə dəyir. Köhnə dəsti-xətti davam etdirmək həmin o neqativ situasiyanı daha da alovlandırmaqdır. Bu gün Əli Həsənovu söyənlər sabah sizi söyəcəklər.
Bu qaçılmazdır!
Ictimaiyyətlə əlaqələr qurularkən məhz ictimai rəy ciddi şəkildə təhlil edilməlidir. Bu məqamda ən azından son parlament seçkiləri nəzərə alınmalı idi. Həmin dövrdə ən çox rəğbət qazananlar məhz müstəqil namizədlər oldu. Çünki birbaşa xalqla sıx əlaqələr qurdular. Xalqı dinlədilər, DTX-nın artıq həbs etdiyi və ya hələ bundan sonra ola bilsin yenə həbs edəcəyi rüşvətxor, korrupsioner məmurların əməlinə görə illərdir xalqda dövlətə qarşı meydana çıxan aqressiyanın qarşısını aldılar. Amma nəticə nə oldu? - parlamentə buraxılmadılar. Bu sağlam siyasi düşüncəyə malik insanları kənarda saxlamaqla faktiki olaraq “söyüş müxalifəti”nin dilinə güc verildi.
Əli Həsənovların məqsədləri bəlli idi - düşünən, dövlətçilik təfəkkürünə malik olan, obyektiv fikirli insanları ortadan qaldırıb bir tərəfdə yaltaq, xalq arasında heç bir nüfuzu olmayanlar, digər tərəfdə isə aqressiv “söyüş müxalifəti” yaratmaq və bu durumda özlərini sanki prezidenti müdafiə edirmiş kimi təqdim etmək...
Onların aktyorları dəyişməz idi. Bəs siz yenə eyni aktyorlarla formatı necə dəyişmək istəyirsiniz? Hətta öz sahəsində nüfuza malik şəxslərlə belə, bu prosesin yürüdülməsi mümkünsüzdür. Məsələn, Qarabağdan pandemiyaya qədər bütün məsələlərin müzakirəsində hakimiyyətin xalq adamı kimi Fərhad Bədəlbəyliləri görməsi nə qədər məntiqlidir?.. Fərhad Bədəlbəyli sənəti ilə hörmətə layiqdir, amma dövr dəyişib.
Mehdiyevlər və Həsənovlar yola salınarkən yerlərinə 70-cilər nəslinin nümayəndələri təyin olundular - elə sizin özünüz kimi. Biz də bu üzdən formatda yenilənmə gözlədik. Bu gün eyni səhvləri görmək isə yaranmış ümidi azaldır. İdentik səhvlər mətbuat günündə də müşahidə olundu. Hər il bir-iki nəfər istisna olmaqla eyni şəxslər müxtəlif dövlət adlarına layiq görülür. Təltiflər dəyişir, alan simalar eyni. Bu nə vaxta qədər davam edəcək? Ən acınacaqlısı odur ki, mükafat alanların bir çoxunun yuxarıda sadaladığımız kimi, cəmiyyətdə heç bir hörməti yoxdur.
Prosesin bu şəkildə davam etməsi “söyüş müxalifəti”nin əl-qolunu daha da açır… Bu isə çox qorxulu tendensiyadır.
Bəllidir ki, təyinatlar sizdən asılı deyil, amma təqdimatları siz və prezidentin digər komanda üzvləri verir. Yeni Xarici İşlər nazirinin təyinatı ictimaiyyətdə nə qədər suallar doğurdu bilirsinizmi? Məsələn, İllərdir həm təcrübə, həm də peşəkarlıq baxımından kifayət qədər yetişmiş diplomatlar var, lakin bunun əvəzinə vergidən təhsilə, təhsildən diplomatiyaya transfer alan yeni nazirin keçidi hansı kriteriyalara əsaslanırdı? O, gülüş obyektinə çevrilmiş diplomat sələfindən diplomat olmayaraq nə fərqli siyasət yürüdəcək? Azərbaycan kimi həm hərbi, həm də diplomatik savaşda olan, Rusiya-Ermənistan cütlüyü ilə qeyri-bərabər müharibə aparan bir ölkənin heç bir xüsusi uğuru ilə yadda qalmayan bir təhsil nazirini yenə də öz sahəsindən uzaq olan diplomatiya başçısı qoymaq nə qədər düzgündür.
Mənə maraqlıdır, bu məsələdə sizin mövqeyiniz necə idi? Qəbul edirik ki, son günlər DTX-nın apardığı əməliyyatlardan sonra dövlət məmurlarının təyinatı zamanı həm də şəxsi sədaqət önə çıxarılır. Bu başa düşüləndir.
O zaman Hafiz Paşayev kimi peşəkar, uzun illərin diplomatı, həm də səfir məqamına qohumları hakimiyyətə gəlməmiş yüksələn bir şəxs kimi, həm ana dilini, həm də bir çox xarici dili sərbəst bilən, dövlətə sadiqliyinə heç bir şübhə olmayan kadrın nazir təyin olunması daha məqsədəuyğun deyildimi? Elə sahələr var ki, orada təcrubə daha çox öz sözünü deyir. Bu çətin dönəmin təcrubəli kadra ehtiyacı vardır - dövlətin birinci və ya ikinci şəxsinin əmisi və ya dayısı olmasından asılı olmayaraq… İnanın ki, xalqda bunu təqdir edərdi...
Diplomatların buraxdığı səhvlərin nə ilə nəticələndiyini Amerikada, Avropada soydaşlarımızın ermənilər tərəfindən döyüldüyü zaman bir daha gördük. Konsulun birbaşa səhvi ucbatından baş verən hadisə cəmiyyətdə yenə də neqativ hissləri qabartdı. Doğrusu, bu hadisə ondan yararlanmağa çalışan və əslində vətənə heç bir sevgisi olmayan “söyüş müxalifəti”nin iç üzünü də açdı.
Baş verənlər düşündürməyə bilməz. Bu günlər torpaqlarımızın bir hissəsi olan Ağdamın da işğal günüdür. Düşünməliyik! Sələflərin səhvi üzərində xələflər daha düzgün taktika qurmalıdır.
Siz həqiqətən xalqla hakimiyyət arasında körpü rolu oynamaq istəyirsinizsə, köhnə üsullarla deyil, yeni insanlarla işləməyi, təmas qurmağı bacarmalısınız, ictimai fikri nəzərə almalısınız, çünki köhnə taktikanın limiti bitib.
Xalq bivec və rüşvətxor məmurlardan yorulub, radikal dəyişikliklər istəyir. Dövlətimizin düşmənləridə bu istəyi görürlər, onlara aman verməyək ki, xalqı şiddətin və söyüşün arxasınca sürükləsinlər. Bunu təhlil edib yazmaq və fikr bildirmək bizim, nəticə çıxarmaq sizin işinizdir.
Yeniliyə açılın - yenə köhnə hamam, köhnə tas olmasın. Və unutmayın ki, cəmiyyətin bütün təbəqələrində - istər hakimiyyətdə, istər müxalifətdə yeni nəslin nümayəndələri söz sahibinə çevrilirlər. Bunu əsla unutmayın!
ANAR ƏSƏDLİ
QHT rəhbəri, Altıncı çağırış MM-ə seçkidə Qubadlı-Laçın dairəsində namizəd olub