Kəbirli kəndinin qədim el adətləri

Kəbirli kəndinin qədim el adətləri
 

Sevil Məmmədəliyeva


Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır. Mərkəzi Beyləqan şəhəridir. El şənlikləri ilə bağlı müsahibə almaq və araşdırma aparmaq məqsədi ilə Beyləqan rayonunun Kəbirli kəndinə yola düşdüm. Onu da qeyd edək ki, kəndin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Bu kənd V-XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri Örənqalaya yaxın bir yerdə yerləşir. Kəbirli  kəndinin camaatından həm dünyagörüşlü,  həm də yaşlı bir adama məni yönəltmələrini istədim.

Kənd sakinləri dedilər ki, bu kənddə Muradov Fərhad Zaman oğlu yaşayırdı.1899-cu ildə anadan olan Fərhad kişi 90 yaş yaşayıb və kəndin ağsaqqalı olub. Camaat dar gündə ona müraciət edib, o da el-obaya həm maddi, həm də mənəvi köməklik göstərib. Fərhad kişinin Cavanşir adında bir oğlu var və hal-hazırda 85 yaşındadır. Mən Cavanşir kişinin evinin yerini soraqladım. Ora gündüz yollanmaq istədim, lakin mənə məsləhət etdilər ki, axşam gedim, çünki kəndin öz qayda-qanunları var. Səhər obaşdan oyanan kənd sakinləri iş-güclə, mal-qara ilə məşğul olurlar. Günorta isə mütləq yatıb dincəlirlər. Axşam saatları isə onların asudə vaxtlarıdır. Mənə bu səbəbdən axşam getməyi məsləhət gördülər. Düzü, kənd yerində qaranlıq küçələrlə hərəkət etməyin bu qədər çətin olduğunu bilməzdim. İşıqsız, qaranlıq küçələr və itlərin hürüşməsi insanı vahiməyə salır. Bir qədər getdikdən sonra Cavanşir babanın evinə çatdıq. Pürrəngi samovar çayından sonra söhbətə başladıq.

cavansir

Cavanşir baba: "Bəzi bölgələrdə Novruz bayramına torba bayramı da deyilir"

 

- Cavanşir baba, sizin uşaq dövrünüzdə keçirilən Novruz bayramları  xatirənizdə necə qalıb? Yəqin ki, uşaq vaxtı çərşənbə axşamı papaq atmısınız?

- Birincisi, bir məsələyə aydınlıq gətirmək istəyirəm. O dövrdə  papaq atmırdılar, papağın mənası çox dəyərlidir. O zamanlar nənələrimiz xüsusi torba tikirdilər, həmin torbanı ya damın bacasından, ya qapıdan evlərə atardıq.

- Yəqin bu səbəbdən bəzi bölgələrdə Novruz bayramına torba bayramı deyilir.

- Bəli, el arasında torba bayramı, məhz bu səbəbdən deyilir.

- O vaxt keçi papaq necə olurdu?

- Bu keçi papaq söhbətinə də bir qədər düzəliş verim. O keçi papaq deyil, keçə papaqdı. Məsələ burasındadır ki, həmin papağı keçə deyilən bir şeydən düzəldirdilər. Keçə qoyun yunundan hazırlanan qalın bir materialdır. Onu ərsəyə gətirmək üçün əvvəlcə qoyun yununu yuyurlar və nəm şəkildə düz bir səth üzərinə eyni bərabərliklə təxmini 5-6 santimetr qalınlığında yayırlar. Toxmaq deyilən xüsusi alətlə döyüb, arabir su səpərək yenidən döyürdülər. Nəticədə həmin keçə dediyimiz material alınırdı. Bu keçədən əsasən yaylağda alaçıxların üstünün örtülməsində və yerə salınan döşənəcək kimi istifadə edilərdi. Novruz bayramında isə həmin keçədən çiyinə qədər düşən papaq düzəldirdilər. Görmək və nəfəs almaq üçün həmin keçədən olan papağa deşik açardılar. Yeriyəndə şaqqıltılı səs çıxması və bayram əhval-ruhiyyəsi yaratmaq üçün üzərinə sapa keçirilmiş çoxlu sayda rəngarəng balıqqulağı və muncuqlar düzürdülər. Bu papağı geyinən şəxsə də, keçə papaq deyərdilər.

-Cavanşir baba, bəs toy adətləri barədə nə deyə bilərsiz?

- Birinci onu deyim ki, həyətdə iki mağar qurulurdu. Biri yemək mağarı, digəri isə musiqi mağarı idi. Yemək yedikdən sonra rəqs etmək üçün musiqi mağarına keçirdilər. Toyun maraqlı keçməsi və idarə olunması üçün ağsaqqal bir adam padşah seçilirdi. Padşah mağarın yuxarı hissəsində xüsusi düzəldilmiş yerdə əyləşirdi. Bu yer padşah taxtına bənzəyirdi, arxasına isə xalça asılırdı. Padşahın sağ və solunda vəzir ilə vəkil otururdu. Bunlardan bir qədər aralıda xəzinədar əyləşirdi. Həmin xəzinədar toya yığılan pullara və cərimələrə nəzarət edirdi. Cərimə məsələsinə gəlincə toyun qaydaların pozan, növbədən kənar rəqs etmək istəyən və yaxud yeməyi yaxşı bişirməyən aşpaz cərimələnirdi. Toyda həmçinin padşahın əmrlərini yerinə yetirən fərrac olurdu. Onun əlində çubuq olurdu və çubuğun başına qırmızı yaylıq bağlanırdı. Bu adət sanki teatr tamaşasını xatırladırdı.

- Kənddə toylar adətən günorta olurdu, ya axşam?

- Səhər başlayıb gecə saat 3-ə, 4-ə qədər davam edirdi. Hətta bəzi toylar üç gün davam edirdi.

- Çox maraqlıdır! Lap nağıllardakı kimi.

- Bu, bir reallıqdır. Mənim toyum da üç gün olub.

- Toylarda adətən hansı musiqi alətlərindən istifadə olunurdu?

- Şəhər toylarında tar, kamança, kənd toylarında isə adətən qara zurna, nağara və saz olurdu. Maraqlı bir məsələyə də toxunum ki, toyun başlamasını bildirmək üçün zurnaçı və nagaraçı hündür bir yerə (adətən evin damına) çıxırdı və orda musiqi ifa edərək bütün kəndə toyun başladığını xəbər verirdi.

- Eşitdiyimə görə, qız evi bəzəkli bir çubuq gətirirdi. Bu haqda nə deyə bilərsiz?

  • Gəlin gələrkən qız evindən oğlan evinə göndərilən bəzəkli ağac olurdu. Bu ağac qalın gövdədən və budağa bənzəyən çıxıntılardan ibarət idi. Bu ağacın üzərinə seçmə meyvələr və konfetlər asılardı. Bu bəzəkli ağac padşahın qarşısında toyun sonuna qədər qalardı. Sonda isə padşah ona qiymət qoyar və oğlan evinin adamlarına satardı.

    cavansire
    İfrat nənə:"Gözəl zəmanə idi" 

Cavanşir babaya maraqlı söhbət üçün təşəkkür edib, ağbirçək İfrat nənə ilə söhbəti davam etdirmək üçün yollandım onun yaşadığı ünvana.

Gözəl vətənimizin hər yerində, hər bölgəsində bir füsunkarlıq var. Aranı da gözəldir, dağı da. XII əsrin böyük şairi Mücirəddin Beyləqaninin vətəni olan Beyləqan rayonunun Kəbirli kəndi də çox maraqlı insanları ilə seçilir. Onlardan biri də 93 yaşlı İfrat nənədir. Onunla görüşüb uşaqlıq və gənclik illərindən yaddaşında qalan xatirələri bizimlə bölüşməyi xahiş etdim. İfrat nənənin gözü görməsə də, səsində gümrahlıq var. Yaşının çox olmasına baxmayaraq, yaddaşı da yerindədir. Verdiyim suallara dəqiq və səlis cavab verir. İfrat nənədən onun cavanlıq dövründəki toylarla, müasir toyların fərqindən danışmağı xahiş etdim. Onu keçmiş günlərə qaytardığıma görə kövrələn İfrat nənə gözünün yaşını silərək söhbətə başladı. İlk dediyi cümlə belə oldu: "Gözəl zəmanə idi". Bunu dedikdə sanki üzündə bir kədər ifadəsini hiss etdim. lakin söhbətə başladıqdan sonra xəyallarında o gözəl gənclik günlərini gördüyü üçün simasında xoşbəxt bir təbəssüm yarandı.

- Müqaisə olunmaz dərəcədə fərq var. Əlbəttə, toydan danışarkən ilk növbədə toya dəvət haqqında söyləyim. El təlifi deyirdik o vaxt. Bizim kənddə Əhliman adında bir orta yaşlı kişi var idi. O, kəndin " canlı dəvətnaməsi" idi. Atın belinə minərək kəndin camaatına dili ilə filankəsin evində toy məclisi olacağını xəbər verirdi. Evində deyəndə ki, həyətdə mağar qururdular. Bu şad xəbəri eşidənlərin arasında xələt kimi atın boğazına yaylıq bağlayanlar da olurdu. İndi cürbəcür kağızdan dəvətnamələr var, ancaq o dövrdə şifahi şəkildə elin xoş günündə, toy günündə xüsusi bu iş üçün təyin olunmuş insan atın belində kəndin hər bir evinin çəpərindən ev yiyəsini çağırıb el təlifi edirdi.

- İfrat nənə, mənim eşitdiyimə görə, siz tərəkəmə həyatı yaşamısınız. Dağlarda olanda, yəni köçlə dağlara gedəndə olubmu ki, orada qız bəyənib toy edənlər olsun.

- Hə bala, tərəkəmə olmuşuq. 14-15 gün yol gedərək Kəlbəcər dağlarına çatardıq. Tatarlar çayının yanında yaylağımız olurdu. Sürü ilə keçimiz, qoyunumuz var idi. Atın, dəvənin belində yaylaqlara qalxardıq. Toy məsələsinə gəldikdə isə həm dağda, həm aranda toylar olurdu. Bəzən elə olurdu ki, gəlini dağdan arana gətirirdilər. O vaxt gəlini indiki kimi dəbdəbəli maşınlarda gətirmirdilər, atın belində, ya da öküz arabasında gəlin bəy evinə gəlirdi. O vaxtlar bəy gəlinin arxasınca getməzdi. Bəyin qohum-əqrəbası, bir də cavanlar, yəni bəyin dostları gedib gəlini gətirərdilər. Onlar atla gələrdi və yarışaraq gəlinin qadın qohumlarında olan gərdək üçün pərdəni götürüb qaçmağa çalışardılar. Bu cıdır yarışına bənzəyirdi. Kim fiziki cəhətdən daha güclü və atı daha bacarıqla idarə edə bilirdisə, o da gərdək pərdəsini bəyə verib ondan xələt istəyərdi. Bəzən elə də olurdu ki, bəyin yanına çatana yaxın başqa bir atlı bu gərdək pərdəsini alıb qaçırdı və bəyə özü çatdırırdı. Bu, cür at belində yarışlar bir qədər fərqli şəkildə Novruz və digər bayramlarda da olurdu. Toyda olan bu gərdək pərdəsini bəyə çatdırmaq və sonda xələt adlanan pul və yaxud hədiyyə almaq toya xüsusi şuxluq qatırdı.

- Qeyd etdiniz ki, gəlini öküz arabasında, ya da at  belində gətirirdilər. Bu haqda bir qədər danışardınız.

- Gəlinin öküz arabasında gətirilməsini mən lap uşaq olanda görmüşəm, daha sonra isə adətən gəlini at belində ər evinə köçürürdülər. Gəlini atın belinə mindirirdilər, atın yüyənini orta yaşlarında oğlan evindən olan bir adam çəkirdi. Gəlini bəy evinə aparan atı isə xüsusi bəzəyərdilər. Yəhərin üstünə qırmızı məxmər parça salardılar. İpək parça sürüşkən olduğu üçün münasib sayılmırdı. Atın boğazına qırmızı yaylıq bağlanırdı.

Gəlin isə qırmızı ipək paltar geyinərdi, başına isə qızıl papaq deyilən xüsusi çalma bağlanırdı. O vaxtın zərgərləri gəlin üçün uzun, pərəkli sırqa düzəldirdi. Boyunbağı da xüsusi toy üçün hazırlanırdı. Mirvariyə bənzər qızıl muncuqlar və bu muncuqların arasında babaxanı deyilən medalyonlar var idi. Bu cür əşyaları düzəldən zərgərlər Qarabağda, əsasən də Ağdamda yaşayırdı. Gəlini qapıdan çıxardanda başına duvaq adlanan qırmızı saçaqlı şal salardılar.

- Toyla bağlı başqa hansı adətlər yadınızdadır?

- Belə bir adət var idi ki, oğlan evinin astanasında gəlinin başına nabat və noğul tökərdilər ki, həyatı şirin olsun. Belə bir adət də var idi ki, oğlan evi qız evindən nəysə bir şey oğurlamalı idi, bu, ev əşyası və yaxud toyuq-cücə də ola bilərdi.

- Bu şirin söhbət üçün təşəkkür edirəm, ay nənə, Allah səni qorusun!

0.050241947174072