Onlara hansı “qiymət”i verməli?
Nigar Orucova
Ucuz dəyərin bahalı görüntüsü
Rəqəmlər nə qədər quru olsa da, onlarsız həyatımızı təsəvvür edə bilmərik. Məsələn, istənilən adam ağlı kəsəndən, uşaqlıqdan başlayaraq gör-düyü xırda bir işə də qiymət verilməsini istəyir. Doğrudur, qiymətvermə forması müasir dünyanın tələbinə uyğun bal şəklində olsa da, hamı onu öz klassik adıyla çağırır. Yəni “əla” 5 rəqəmiylə xarakterizə edilir və istənilən bal sözü də etiraf edək, həmin rəqəmin doğurduğu yüksək əhvalı əvəz edə bilməz.
Həmin rəqəmi ona layiq olanların hamısının almasını istərdik. Ümumiyyətlə, həyati, əsas məsələlərdə hamının əla ilə qiymətləndirilməsi ədalətli olardı. Fəqət istisnalar həmişə olur, hamı da eyni qiymətin daşıyıcısı deyil. Amma nədənsə, ona layiq oldu-olmadı, hər kəsin istəyi 5-lə mükafatlandırılmaqdır.
Lakin əhalimizi bu sevincdən məhrum edənlər cəmiyyət üzvlərinə ögey, mənfi münasibətdə öncüllüyü qoruyub saxlamaqdadır. “Öndəgedənlər”in hansı vəzifə, ixtisas, sənət sahibi olmasının əhəmiyyəti də yoxdur cəmiyyətin nəzərində; onların klassik bir damğası var -“pis adam”. Uşaqdan-böyüyədək, hamının nəzərində belə adamlar kimliyindən asılı olmayaraq, ümumi anlamda sadəcə, “pis adam” kimi tanınır.
Yeri gəlmişkən, ölkədə yeni nəsil “pis adam”ların da sayı durmadan artır, vəziyyət belə getsə, artacaq da. Onlar da elə klassik damğası olanların “fəaliyyətinin məhsulu”dur. Belə desək, “yeni nəsil pislər” qovula-qovula namərd edilənlərdir ki, onların sayı, dediyimiz kimi, çoxalmaqdadır. Bu yöndə çoxillik təcrübəsi olanlar da yeni nəslə sözügedən adı yapmaqla, özlərini, klassik damğa daşıyanları kölgədə qoymaq istəyirlər.
Fəaliyyəti pislikdən ibarət olanlar həyatı daha çox sosial maraqlardan ibarət olan binəva əhalini görəsən, niyə hər mövsüm qiymətlərlə imtahana çəkir, onu bu quru rəqəmlərlə girinc edirlər?
İstər yay olsun, istər payız, istərsə də qış. Son illərdə kiminsə qiymətlərdən razı qaldığını “gördüm” deyən olmadı. İstənilən mövsüm, həm də qeyri-mövsüm məhsulları hər kəsin evinə, mətbəxinə, süfrəsinə yalnız imkan daxilində ayaq açdı. Hərçənd, həmin məhsullar “tarladan süfrəyə”, “kənddən şəhərə” adıyla, reklamıyla elan edilirdi və bu kampaniya yenə də davam edir.
Hamı elə bil adət edib, məhsullar bolluca bazar-dükanı, marketləri zəbt etməli, qiymətlər isə onları “yandırmalı”dır. Əlaqədar qurumların sözçüləri hər fəsilbaşı qiymətlərin ucuzluğu barədə yalan danışmalı, fəslin ortasında qiymətin nə vaxtsa düşəcəyi proqnozunu verməli, hər fəsil başa çatanda da real vəziyyətdən bəhs edib “yalan”ın doğru çıxmadığını etiraf etməlidir. Çox təəssüf, bu boşboğazlar əhaliyə yalan satmağı hələ də onları aldatmaq kimi başa düşür. Dəfələrlə heyf.
Süni qiymət artımının qarşısının alınması, mövcud inflyasiya həddi və s. barədə vaxtaşırı lüzumsuz söhbətlər, gərəksiz müzakirələr aparılır. İnsanlara isə mənasız sözlər, boş vədlər deyil, real fakt lazımdır - gündəlik, mütəmadi istifadə edilən, əsas istehlak məhsullarının əlçatan olması. Payızda gözlənilən maaş artımının süni qiymət artımı ilə nəticələnməyəcəyi barədə başladılan nağıllar da öz effektini itirib daha; nağıllarda istədiyini əldə edənlərin xülyasının oğurlanması kimi.
Bununla ağır həyat tərzini, sosial-iqtisadi bərabərsizliyi, orta təbəqənin getdikcə tarixə çevrilməsini xalqa rəva bilənlərin arxasınca danışmırıq. Bunu özümüzə yaraşdırmırıq da. Ictimai vəkil statusundan çıxış edərək, həqiqət, insanların haqqı, doğru bildiklərimiz haqda yazırıq. Yazdıqlarımıza klassik damğası olanların hansı qiymət verməsi də tərəfimizdən başadüşüləndir.
İstənilən zamanda qiymətləri süni şəkildə qaldıranlar ucuz dəyərinin bahalı görüntüsünü yaratmağa, bu obrazda qalmağa çalışanlardır. Amma bu obrazın gerçək üzünün görünməsi, hər oyunun da bir sonu var. Sonu olmayan dünyaya gəlmir, zatən.