Multikulturalizm Azərbaycanın daxili və
xarici siyasətində mühüm yer tutur
Azərbaycan dünyada etnik, irqi ayrı-seçkiliyin hökm sürdüyü bir dövrdə
multikulturalizm ideyalarını yaşatmaq vəzifəsini öz üzərinə götürüb
Multikulturalizm siyasi ideologiyanın vacib hissəsi olaraq etnik qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə yönəlib. Azərbaycanın sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri də, ölkəmizdə ardıcıl həyata keçirilən multikulturalizm siyasətidir. Ölkəmizdə mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən bu siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycanda etnik zəmində tolerantlığın və multikulturalizmin bərqərar olması, azərbaycanlıların milli xüsusiyyətlərindən irəli gəlir. Bu gün də Azərbaycanda multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi, vacib məsələ kimi qarşıya qoyulur. Bunun nəticəsidir ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib.
Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının açılış mərasimində qeyd edib ki, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir: "Dünyada ilk dəfə 2008-ci ildə, məhz bizim təşəbbüsümüzlə İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranan əməkdaşlıq və daha geniş hərəkat "Bakı prosesi" adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir. Həmin təşəbbüsün irəli sürülməsinə səbəb, yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin ən yaxşı nümunəsidir. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir".
Bu həm də Azərbaycanın müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərinin tənzimlənməsi istiqamətində dünya ölkələrinə böyük töhfədir. Bunu eyni zamanda dünyada mövcud olan müxtəlif xalqların dinc-yanaşı yaşamasına çağırış kimi də qəbul etmək olar. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin nəticəsidir ki, müxtəlif xalqların nümayəndələri multikulturalizm və tolerantlıqla bağı problemlərin çözülə biləcəyi məkan kimi Azərbaycanı seçirlər. Bu mənada ölkəmiz beynəlxalq humanitar tədbirlərin həyata keçirildiyi məkana çevrilib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın multikulturalizm və tolerantlıq nəzəriyyəsi və təcrübəsi getdikcə daha geniş şəkildə öyrənilməkdədir. Ən çətini isə odur ki, Azərbaycan multikulturalizm ideyalarını dünyada etnik, irqi ayrı-seçkiliyin hökm sürdüyü, miqrasiya problemlərinin tüğyan etdiyi bir dövrdə yaşatmaq vəzifəsini öz üzərinə götürüb. Bu gün dünyada etnik və dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə belə bir vəzifənin öhdəsindən layiqincə gəlmək böyük uğurdur.
Qeyd edək ki, Azərbaycanda milli və dini azadlıqların inkişafı üçün hər bir şərait yaradılıb. Ölkəmizdə İslam və digər dini icmalar qanunvericilik çərçivəsində, sərbəst şəkildə qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdirlər. Bəzi Qərbi ölkələrində isə son illər islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradır. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri də, bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir. Son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş verən dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləyir. Bu ölkələrdə, məhz dövlətin bu sahədə buraxdığı səhvlər nəticəsində dini və milli zəmində ekstremizm baş qaldırır.
Azərbaycan isə tarixən tolerantlığı, etnik, mədəni rəngarəngliyi ilə seçilən ölkə kimi tanınıb və bu gün də belədir. Ölkəmizdə tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verilir. Şərqi Avropa və Qərbi Asiyanın qovuşağında, müxtəlif dinlərin və xalqların
birgə yaşadığı coğrafi məkanda yerləşən Azərbaycanda multikulturalizm həm də xarici siyasətin mühüm strateji amilinə çevrilib. Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb.
Sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. Bu mərhələlərin reallaşmasında da əsas rol dövlətə məxsusdur. Multikulturalizmin ölkə vətəndaşların həyat tərzinə çevrilməsi, onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır və bu ideyalar ictimai şüurda möhkəmlənir.
Keçmişdən müasir dövrə qədər multikulturalizmin Azərbaycanda xalqımızın həyat tərzinə çevrilməsi və onun dövlət siyasətinin əsas istiqamətlərindən biri olması, həm də multikultural təhlükəsizliyin yüksək səviyyədə olmasını təmin edir. Multikultural təhlükəsizlik isə milli təhlükəsizlik sisteminin mühüm bir komponenti olaraq etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Antisemitizm, ksenofobiya, islamofobiya, radikalizm meyllərinin artdığı dünyanın əksər dövlətlərindən fərqli olaraq, Azərbaycan öz multikultural təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə müvəffəq olub.
Azərbaycanın multikulturalizm siyasətinin mühüm bir qanunauyğunluğu da mövcuddur. Ölkəmizin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasəti onun xarici siyasətinə də müsbət təsir göstərir. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında mövcud olan münasibətlərdən qaynaqlanır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olmasına zəmin yaradır.
Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici roluna əsaslanaraq, Azərbaycan multikulturalizm siyasətinin onun xarici siyasətinə müsbət təsir göstərməsi nəticəsində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurların səbəblərini anlamaq çətin deyil.
Ölkə daxilində Azərbaycanın multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır.
Bu da multikulturalizmi Azərbaycanın uğurli xarici siyasətinin mühüm amilinə çevirir və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən də etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət təsir edir.
Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki zəngin təcrübəsinin öyrənilməsi və tətbiği, son dövrdə bir sıra inkişaf etmiş ölkələrdə etnik-dini zəmində baş verən bir çox qanlı hadisələrin qarşısını ala bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır: "Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi".
Buna görə də, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri də dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Ölkəmiz bu istiqamətdə də böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi, "Bakı prosesi"ni qeyd etmək olar.
Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şobəsinin müdiri Etibar Nəcəfov qeyd edir ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycanın uğurla apardığı xarici siyasətin, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində nüfuzu artıb. Bunun məntiqi nəticəsi olaraq BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilib: Prezident İlham Əliyevin sözləri ilə desək: ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir".
Beləliklə, Azərbaycanda multikulturalizm üçün əlverişli tarixi və coğrafi şərait mövcuddur. Multikulturalizmin müasir dövrdə dövlət siyasəti olması və xalqın həyat tərzinə çevrilməsi ölkənin daxili və xarici siyasətinə müsbət təsirində, bütün ölkələrlə hərtərəfli əlaqələrinin inkişafında özünü göstərir. Bu məqamın özü də dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub