Uşaq bağçalarının maliyyələşməsi artmalıdır - Dosİlham Əhmədov 

Uşaq bağçalarının maliyyələşməsi artmalıdır - Dos. İlham Əhmədov 
 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib: uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir.
Bəli, uşaq bağçalarının saxlanması maliyyə tələb edir. Bazar iqtisadiyyatında hər bir sahənin inkişafı maliyyə tələb edir, bunsuz inkişaf ola bilməz. Təhsil məktəbəqədər təhsil müəssisələrindən, yəni uşaq bağçalarından başlayır. Uşağın ilkin inkişafı, formalaşması, dünya görünüşünün yaranması, ilkin bilik, bacarıq və vərdişlərin formalaşması məhz bağçadan başlayıb.
Inkişaf etmiş ölkələrin hamısı uşaq bağçalarına böyük diqqət yetirirlər. Xüsusən Yaponiya və Finlandiyada məktəbəqədər təhsilə böyük önəm verilir. Onu da deyim ki, bu ölkələrdə ən yüksək səviyyəli, hazırlıqlı, magistratura təhsilli olanlar bağçaya işə qəbul olunur. Elm və Təhsil naziri çıxışlarının birində demişdi ki, bizdə təhsil sistemi sanki tərsinə qurulub. O, məhz məktəbəqədər təhsili nəzərdə tuturdu. Yəni, o, demək istəyib ki, uşaq bağçasına biz az əhəmiyyət veririk, amma ora daha çox diqqətimizdə olmalıdır. Başçalarda işləyənlərin əksəriyyəti orta təhsillidir, ali təhsilli tərbiyəçilər azdır. Halbuki bağçada yüksək biliyə malik olan şəxslər çalışmalıdır. Bu səbəbdən də hesab edirəm ki, uşaq bağçaları daim diqqətdə saxlanmalı və bütün xərcləri də yüksək səviyyədə ödənməlidir.
Gələn il təhsil büdcəsi üçün ayrılan vəsait indiyəqədər heç vaxt olmayan səviyyədədir. 5 milyard manat. Bu təhsilin bütün pillələrində olan bütün problemləri həll etməyə kifayət edər, əgər qənaətlə, rasional, təyinatı üzrə xərclənərsə bu pullar. Bu büdcə uşaq bağçalarının da inkişafına kifayət edər. Təbii ki, 1 ilə yox, amma yaxın 2-3 ilə problemlər həll edilə bilər.
İndiyə qədər təəssüf ki, təhsildə israf halları çox olub. Çünki, təhsilin inkişafı üzrə heç bir səmərəli milli strategiyamız olmayıb, prioritetlər dəqiqləşməyib. Çox şey kor-təbii, öz axarı ilə, əksər hallarda da səhv istiqamətdə cərəyan edib.
Məlum olduğu kimi indi dünyada 4-cü sənaye inqilabı baş verir. Hər sənaye inqilabı da öz təhsil sistemini qurur. Bü günün təhsili süni intellektə əsaslanır. Dünənin, yəni 3-cü sənaye inqilabının təhsili isə İnternetə əsaslanır. Amma bizim təhsil nəinki 4-cü, hələ heç 3-cü sənaye inqilabına da çatmayıb. Çünki, bütün ölkələr 20-25 il əvvəldən İnternet üzərindən təhsil sistemini, yəni distant təhsil sistemini qurublar, biz isə bu texnologiyanı ölkəmizə yaxın qoymadıq. Bu geriliyin çox səbəbləri var, əsas səbəblər təhsilin zəif maliyyələşməsi, səhv kadr siyasəti, qeyri peşəkarlıq və israfçılıqdır. Pandemiya vaxtında təhsilimiz bu səbəblərdən çox problemlər yaşadı, amma bundan yenə də nəticə çıxarmadıq.
Uşaq bağçaları inkişaf edərsə orta məktəb və universitetlər də inkişaf edər. Bu gün təhsilin vəziyyətinə baxanda görürük ki, 10 il əvvəl təhsilin büdcəsi 1 milyard manat olanda hansı vəziyyətdə idisə, 5 milyard olanda da eyni həmən vəziyyətdədir, bəlkə də bir az da pisləşib. Təhsil sahəsində illərdir ki, eyni problemlər yaşanır, demək olar ki, heç bir inkişaf yoxdur: beynəlxalq reytinqlərdə yer ala bilmirik, universitetlərə qəbul balı aşağıdır, universitetlərimiz müasir tələblərə cavab vermir v.s. Bu səbəblərdən də dövlət təhsil sferasını, onun problemlərinin həllini ciddi nəzarətdə saxlamalıdır.
“Təhsil millətin gələcəyidir.” (Heydər Əliyev). O gələcəkdə isə uşaq bağçalarından başlayır. Bu səbəbdən də təhsili, xüsusən də onun özəyi olan məktəbəqədər təhsili inkişaf etdirmək lazımdır.

Paralel.az 

0.020678043365479