10 il fəaliyyətdə olan SABAH qrupları haqda “Təhsil Qanunu”nda niyə heç bir maddə yoxdur?

10 il fəaliyyətdə olan SABAH qrupları haqda “Təhsil Qanunu”nda niyə heç bir maddə yoxdur?
 

Təcrübəli təhsil işçilərinin yəqin yadındadır, 24 il əvvəl "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərman olmuşdu. Bu təhsil tariximizdə ən uğursuz fərman idi. Fərmanın hazırlanması prosesində çoxlu səhvlərə yol verilmişdi. Sonralar bu səhvlərin düzəldilməsi məqsədiilə Prezident fərmanda dəfələrlə düzəlişlər edildi, hər əlavə yeni fərmanda da 1-2 düzəliş edilirdi. Ümumən düzəlişlərin və əlavə fərmanların sayı 10-15 dəfə oldu. Bu fərman və ona düzəlişlər barədəki sonrakı fərmanlar İnterdə var, maraqlananlar baxa bilər. Sonralar təhsil sistemində belə ciddi səhvlərə az rast gəlinirdi, hərçənd təhsilə dair hazırlanan bir çox dövlət proqramları və strategiyalar zəif olub, icraları da keyfiyyətsiz.
Bu ərəfədə “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Ali təhsilə dair fərmanlar az olur, bu səbəbdən belə fərmanları hazırlayanda ali təhsilin bütün problemləri nəzərə alınmalı və onların həllinə yönəli sanballı sənəd formalaşdırılmalıdır. Fərmanda 1-2 məsələni əhatə etməklə ali təhsili inkişaf etdirmək mümkün deyil.
Ölkədə reallaşan məlum strategiyanın müddətinin bitməyinə az vaxt qalıb, amma ali təhsilə dair orada verilən hədəflərdən hələ uzaqdayıq, universitetlərdəki problemlər hələ də öz həllini gözləyir. Sonuncu fərman isə “SABAH” proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə (2028-ci ilədək) genişləndirilməsini nəzərdə tutur.
ETN saytında qeyd edilir ki, SABAH qrupları 2014-cü ildə 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 33 ixtisas üzrə Respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 688 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdirirlər.
Hal hazırda 16 universitetdə 47 ixtisas üzrə Sabah qrupları fəaliyyət göstərir.
ETN bildirir ki, SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Maraqlıdır, bu layihənin fəaliyyətdə olduğu 10 il müddətində tətbiq edilən 47 ixtisasdan neçəsi üzrə yeni məzmunlu proqramlar hazırlanıb, kim hazırlayıb, nə vaxt ərzində hazırlanıb, hansı layihələr buna sərf edilib, neçəsi beynəlxalq akkreditasiyadan keçə bilib? Bu proqramlar haqqında niyə saytda məlumatlar yoxdur? Yoxsa, SABAH proqramında dərs deyən müəllimin tələsik 1-2 həftə ərzində, fərdi qaydada, ictimai əsaslarla hazırladığı proqram yeni məzmun hesab edilir? Bu proqramların hazırlanmasına nəzarət varmı, onların monitorinqi olubmu,proqramların keyfiyyəti yoxlanılıbmı? Harda, nə vaxt?
Azərbaycanda təhsilə dair bütün fərmanlar, sərəncamlar, əsasnamələr, təlimatlar v.s. hüquqi-normativ sənədlər “Təhsil Qanunu”na əsaslanmalıdır. 10 il fəaliyyətdə olan SABAH qrupları barədə niyə bu günə kimi “Təhsil Qanunu”nda bir cümlə belə yoxdur? Bilinmir bu təhsil formasıdır, təhsil texnologiyasıdır, təhsil metodudur, fakultədir, nədir bunun hüquqi bazası, məzmunu?
“ Təhsil Qanunu”nda adı olmayan qrupların adı bu fərmana necə daxil edilə bilərdi? Bu gün ETN əvvəllər heç vaxt olmadığı qədər hüquqşünas işləyir, bu 10 ildə onlar niyə bu hüquqi boşluğu görməyiblər, bu məsələni gündəmə gətirməyiblər, “Təhsil Qanunu”na əlavə etməyiblər.
Niyə bu sərəncamı hazırlayanlar belə mühüm məsələlərə diqqət etməyiblər. Belə görünür ki, bu fərman da 2000-ci ildəki fərman kimi natamam hazırlanıb və elə də təsdiqə verilib.

Dosent İlham Əhmədov

Paralel.az 

0.079632997512817