“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”

“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”
 

Kitabdan hissələr- 11

SSRİ-nin dağılması rəsmən elan edildikdən sonra onun varisi olaraq özünü elan etmiş Rusiya federasiyası Boris Yeltsinin liderliyində yeni bir SSRİ qurmaq fikrində idi. B. Yeltsin Baltikyanı dövlətlər- Latviya, Litva və Estoniya xaric, yerdə qalan 11 keçmiş müttəfiq respublikanı bir araya gətirmək istəyirdi. Və buna nail olmaq üçün əlində güclü əsasları vardı, Rusiyanın.
I Pyotrdan qaynaqlanan rus dərin dövlətinin uzaqgörən siyasəti SSRİ dağıldıqdan sonra öz bəhrəsini verməyə başladı.
Rusiyanın ən güclü kozırı onun iqtisadiyyatı idi. SSRİ dövründə Dövlət Plan Komitəsi adlanan qurum Siyasi Büronun göstərişləri ilə elə bir şəbəkə yaratmışdı ki, bütün müttəfiq respublikaların iqtisadi problemlərinin həlli mütləq Moskvadan keçməli idi. Başqa sözlə, heç bir müttəfiq respublika Rusiyasız yaşamaq iqtidarında deyildi. SSRİ Sovet dönəmində Konstitusiyada müttəfiq respublikaların SSRİ-dən ayrılmasını göstərən maddə vardı. Lakin bu ayrılmanın mexanizmi barədə heç bir yerdə bir kəlmə belə yazılmamışdı. Bütün müttəfiq respublikalar əslində Moskvanın müstəmləkəsi idi. Sadəcə, o müstəmləkəçiliyə “xalqlar dostluğu”, “qardaşlıq və bərabərlik” donu geyindirilmişdi. Kreml müttəfiq respublikalar hesabına Rusiyanı çox qüdrətli bir dövlətə çevirməyə nail olmuşdu. İttifaq əhəmiyyətli sənaye müəssisələrinin əksəriyyəti yalnız Rusiya ərazisində qurulmuşdu. Mühüm əhəmiyyət kəsb edən strateji zavodların, fabriklərin böyük bir qismi Rusiyada idi. Elmi-tədqiqat institutları, beynəlxalq strateji mərkəzlər, dünya miqyaslı tibb mərkəzləri ya, Moskvada, ya da, Leninqradda fəaliyyət göstərirdi. Səhiyyədən bir misal göstərməyin faydalı olacağı qənaətindəyəm. Moskvada demək olar ki, müasir tibbin standartlarına cavab verən çoxprofilli xəstəxanalar açılmışdı. Hər il müttəfiq respublikalardan milyonlarla sovet vətəndaşı müalicə üçün Onkoloji, Göz xəstəlikləri və Kardioloji mərkəzlərinə, Ana və uşaqların mühafizə instituna və digər tibb ocaqlarına müraciət edirdi. Gözdən pərdə asmaq üçün bəzi müttəfiq respublikalarda o tibb mərkəzlərinin filialları açılırdı. Lakin müasir tibbi avadanlıqların və ləvazimatların, ən başlıcası peşəkar tibbi kadrların azlığı ucbatından insanlar Moskvaya üz tutmaq zorunda qalırdı.
Ekspertlər qeyd edir ki, SSRİ dağılan zaman Rusiyaya ümumittifaq əhəmiyyət kəsb edən 500-ə qədər iqtisadi və hərbi-sənaye kompleksi, elmi-tədqiqat institutu və tibb mərkəzləri, universitetlər miras qaldı. “Suverenlik paradı”nın eyforiyasını yaşayan müttəfiq respublikalardan Ukrayna xaric biri belə bu mirasdan nəsə ummadı. Məlumdur ki, ümumittifaq əhəmiyyətli o 500 müəssisənin ərsəyə gəlməsində bütün müttəfiq respublikaların payı vardı. Ssenari elə qurulmuşdu ki, müttəfiq respublikalar istəsəydi belə, heç nə əldə edə bilməzdi. Nədən ki, onlar SSRİ-nin varisi olan Rusiya ilə bağladıqları müqavilədə könüllü olaraq bütün paylardan imtina etmişdilər.
M. Qorbaçovun başlatdığı Yenidənqurma illərində bəzi satirik yazarlar və parodiyaçılar müttəfiq respublikaları məcazi olaraq “zəhmətkeş” və “zəhmətkeş olmayan” qruplara bölürdü. Zəhmətkeş olmayanlar- Baltikyanı respublikalar, Ermənistan və Gürcüstan hesab olunurdu. “Zəhmətkeş” qrupuna isə Azərbaycan və Orta Asiyanın müttəfiq respublikaları sıranın başında idi.
Məhz “zəhmətkeş” qrupunda cəm olmuş müttəfiq respublikalara Kremlin göndərdiyi orden-medalların, döş nişanlarının miqdarının 1 milyon tondan çox olduğu vurğulanırdı Yenidənqurma illərində. 1 milyon ton orden-medalın və döş nişanının əvəzində Moskvanın nələr qazandığını təxmin edin. Kreml bu orden-medal və nişan əməliyyatından yüz milyonlarla ton neft, pambıq, üzüm, çay, ət-süd və sair əldə edirdi.
Azərbaycan xalqı və Orta Asiya xalqlarına Kremlin verdiyi “zəhmətkeş” titulunun arxasında qeyri-insani şərtlər altında qul kimi çalışan milyonlarla insan dayanırdı. İstirahətini qeyri-iş günlərində alkoqol qəbulu ilə tamamlayanlar halından çox məmnun idi. Ən aşağı maaş alanın belə şənbə və bazar günlərində “istirahət” etməyə pulu büdcəsi yetərli idi.“qeyd edən” Ağır işlərə alışdırılmış sovet qadınları üçün Kreml 1944-cü ilin oktyabr ayının 6-da bir “hədiyyə” etdi. SSRİ Ali Sovetinin qərarı ilə “Qəhrəman Ana” fəxri adı təsis edildi. Və 10 uşaq doğub böyütmüş qadınlarıN bu adla təltif olunmasına başlandı. 1995-ci ildə Sovet İttifaqında 431 min “Qəhrəman Ana” vardı ki, onun da böyük bir hissəsi “zəhmətkeş” Azərbaycan və Orta Asiya xalqlarının payına düşürdü. 51 il müddətində 753 min qadın I dərəcəli “Analıq Şöhrəti”, 1 milyon 503 min qadın isə II dərəcəli “Analıq Şöhrəti” ordeni aldı. Bu faktın tibbi-bioloji və sosioloji aspektdən analizi ilə SSRİ-nin insan faktoruna, xüsusən qadınlara verdiyi anormal dəyəri ortaya qoymaq mümkündür. Təsəvvür edin, normal mənzil şəraitinə malik olmayan, maddi ehtiyac içində yaşayan, istirahətin nə olduğunu bilməyən və səhərdən-axşama qədər pambıq sahələrində, heyvandarlıq fermalarında, üzüm və çay plantasiyalarında çalışan qadın bu ordenləri almaq üçün ruhlandırılırdı. Zavodlarda, fabriklərdə, tarlalarda, plantasiyalarda fiziki təcavüzə sövq edilmiş incə məxluq sayılan qadın orqanizmi bioloji təcavüzə də məruz qalırdı. Ərə getdikdən sonra “uşaqdoğma” dövründə 15-20 dəfə hamiləlik keçirmənin qadın orqanizmi üçün sağlamlıq prizmasından nə qədər ağır zərbə olduğunu Kremldə düşünmürdülər. Kreml üçün qul sayının daha çox olması önəmli idi.
“Qəhrəman Ana”ların böyük əksəriyyəti əslində “Bədbəxt ana”lar idi.” Sovet qadınları SSRİ-dən kənardakı dünyanı tanıdıqdan sonra bu qənaətə gəlirdi...
Rusiyanın ikinci kozırı təbii ki, onun sahib olduğu hərbi-sənaye kompleksi idi. SSRİ-nin dağılma ərəfəsində müttəfiq respublikaların ərazisində sayı gizli saxlanılan hərbi birləşmələri mövcud idi. Baxın görün, Azərbaycanda SSRİ-yə məxsus nə qədər və hansı profilli hərbi hissələr vardı.
Əvvəla qeyd etmək lazımdır ki, SSRİ dağıldıqdan sonra müttəfiq respublikaların ərazisində dislokasiya olunmuş hərbi birləşmələr suverenliyini elan etmiş dövlətlərin ixtiyarına keçirdi. Və o hərbi birləşmələrin bazasında suveren dövlətlər müdafiə strukturlarını yaratmalıydı. Keçmiş müttəfiq respublikaların özünü SSRİ-nin varisi elan etmiş Rusiya ilə bağladıqları müqavilədə də bu əksini tapırdı. Müqaviləyə görə canlı qüvvələr müttəfiq respublikaları tərk etdikdən sonra orada qalan hərbi texnika suveren dövlətin inventarı hesab olunacaq. Bu müqavilənin bağlanmasından 3 ay keçsə də, Azərbaycan keçmiş SSRİ-nin ərazisində yerləşən hərbi birləşmələrində səlahiyyət sahibi deyildi. Çünki rus ordusu suveren Azərbaycanın ərazisində qalmaqda davam edirdi.
Azərbaycan Sovet İttifaqının müstəmləkəsi olduğu zaman ərazisində SSRİ-nin çox böyük hərbi birləşmələri yerləşirdi və qərargahı Tiblisdə olan Zaqafqaziya Hərbi Dairəsinin tabeçiliyindəydi.
Azərbaycanda SSRİ-nin 4-cü ordusu, 19-cu əlahiddə Hava Hücumlarından Müdafiə ordusu və 34-cü hava qüvvələri yerləşirdi.
4-cü ordu miqyasına görə, SSRİ-nin ən böyük hərbi birləşmələrdən biri sayılırdı. Hərbi birləşmələrinin növləri və yerləşdiyi ərazilərə diqqət yetrdikdə Azərbaycanın SSRİ üçün nə qədər önəmli bir məkan olduğunu görmək olur.
Sovet Ordusunun:
1. Bakıda 295-ci motoatıcı diviziya və bu diviziyanın Raket-Artilleriya qoşunları; 127-ci əlahiddə dəniz briqadası; Hava Hücumundan Müdafiə polku (Hövsanda); Baş qərargahın tabeçiliyindəki QRU-nun (Baş Kəşfiyyat İdarəsinin) 22-ci xüsusi təyinatlı briqadası (Pirəküşküldə); Bakı Hava Hücumundan müdafiə dairəsi
2. Gəncədə birbaşa Moskvaya tabe olan, yəni, Zaqafqaziya Hərbi Dairəsinə daxil olmayan 104-cü Hava Desant Diviziyası (HDD) yerləşirdi. HDD-nın tərkibində 345-ci paraşut-desant alayı var idi. Həm də, diviziyada operativ qrup, əməliyyat şöbəsi və özüyeriyən artilleriya divizionları vardı.
Bundan başqa Gəncədə 23-cü motoatıcı qvardiya diviziyası yerləşirdi.
Diviziyanın tərkibində Xankəndində yerləşən 366-cı alay, Gəncədə yerləşən 368-ci və 370-ci motoatıcı alayı, 131-ci tank alayı, 1071-ci artilleriya alayı, Naxçıvanda 1041-ci zenit raket alayı, Gəncədə 958-ci əlahiddə raket divizyonu, 768-ci kəşfiyyat batalyonu və digər yardımçı hissələr olub.
3. Lənkəranda 60-cı motoatıcı divizya yerləşirdi. Diviziyanıntərkibində::
119-cu əlahiddə tank batalyonu, 1035-ci zenit artilleriya alayı, 337-ci əlahiddə raket diviziyonu, 774-cü əlahiddə artilleriya alayı; Port-İliçdə (indiki Liman) 1073-cü artilleriya alayı və bazası; Astarada 20-ci motoatıcı alay; Cəlilabadda Göytəpə ərazisində 22-ci motoatıcı alay və bu alayın həmin ərazidə bazası; Bankə qəsəbəsində yerləşən 14-cü motoatıcı alay.
4. Naxçıvanda 75-ci mexanikləşdirilmiş motoatıcı diviziyası və 41-ci sərhəd dəstəsi yerləşirdi.
Bunlardan əlavə 4-cü ordunun tabeliyində 136-cı raket briqadası, 117-ci zenit-raket briqadası, 215-ci artelleriya alayı, 941-ci reaktiv artilleriya alayı, 381-ci vertalyot eskadriliyası, 121-ci əlahiddə qarışıq aviasiya eskadriliyası və digər hissələr olub.
Azərbaycan ərazisində SSRİ-nin Sərhəd Qoşunlarının çox böyük hissəsi yerləşirdi. Belə ki, 41-ci sərhəd dəstəsi Naxçıvanda; 42-ci sərhəd dəstəsi indiki Xocavənd rayonunda; 43-cü sərhəd dəstəsi Cəlilabadda; 44-cü sərhəd dəstəsi Lənkəranda dislokasiya olmuşdu.
Sovet ordusunun Azərbaycanda iri sursat anbarları -Giləzidəki strateji sursat anbarı, Ağdam və Nasosnıda dairə anbarları, Naxçıvan, Lənkəran və Gəncədə divizon anbarları mövcud idi.
Goran qəsəbəsinin yaxınlığındakı poliqon və Şəmkirdə Seyfəli təlim mərkəzi qərar tutmuşdu.
Azərbaycanın müxtəlif ərazilərində Nasosnı, Qala, Dəllər, Kürdəmir, Gəncə və Sitalçayda aviabazalar və aerodromlar var idi.
Azərbaycanda eyni zamanda Sovet ordusunun Hərbi Sənaye Kompleksinə məxsus 20 hərbi sənaye müəssisəsi fəaliyyət göstərirdi. Onlardan xüsusi strateji əhəmiyyətə malik olan Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında yerləşən cəbhə aviasiyasının təmir və bərpa müəssisəsini, “Klimat” Sənaye Birliyini, OZON Elmi Sənaye Birliyini, tərkibində bir neçə cihazqayırma müəssisəsini birləşdirən Bakı Kosmik Tədqiqat Sənaye Birliyini göstərmək olar.
SSRİ-nin Azərbaycandakı ən böyük hərbi obyektlərindən biri də təbii ki, Qəbələ RLS (Radiolokasiya stansiyası) idi. Bu RLS, başqa sözlə "Daryal" tipli stasionar radiolokasiya stansiyası, 1985-2012-ci illərdə SSRİ-nin və Rusiyanın Raketdən Müdafiə Kompleksinin ən əhəmiyyətli bir elementi olmuşdur. RLS bir birindən 1,2 km məsafədə yerləşən iki ədəd AFAR-a (aktiv fazalı anten barmaqlığı) sahib olan qurğudan ibarət idi. Ölçüləri 100x100 metr olan qəbuledici AFAR üzərində təxminən 4000 vibratordan, 40×40 metr ölçüsü olan ötürücü mərkəz isə hər biri çıxışda 300 kVt impuls gücünə malik 1260 ədəd əvəz edilə bilən modullardan yığılmışdı. Metrlik dalğa diapazonunda (VHF) çalışan stansiya eyni zamanda təxminən 100-ə qədər hədəfi 6000 km məsafədən və azimut üzrə 90 dərəcə görüntü bucağı altında izləməyə və müşayiət etməyə imkan verirdi. Bu isə Hind okeanından raket buraxılışlarını tamamını izləmək və müşayət etmək demək idi. Afrikanın, Yaxın Şərqin və Cənub-Qərbi Asiyanın bir çox ölkələri, eləcə də Pakistan, Hindistan, Çin və Avstraliya ərazisi tamamilə Qəbələ RLS-in əhatə dairəsinə daxil olurdu. Erkən xəbərdarlıq stansiyası yalnız raketlərin buraxılış yerini deyil, həm də trayektoriyasını izləməyə imkan verirdi. Nəticədə raket əleyhinə sursatları əvvəlcədən lazımi istiqamətlərə tuşlamağa şərait yaradırdı. Texniki göstəricilərinə və əlverişli ərazidə yerləşməsinə görə Qəbələ RLS-in dünyada analoqu yox idi. Hərbi mütəxəssislər bu RLS-i SSRİ-nin "gözü və qulağı" adlandırırdı.
Qəbələdəki RLS haqqında bir az ətraflı yazmaq fikrindəyəm. Belə ki, 2002-ci ildə bir neçə ziyalı ilə birgə “RLS-siz Azərbaycan” İctimai birliyinin yaradılmasını qərar aldıq. O dönəm bu ictimai təşkilatı rəsmən dövlət qeydiyyatından keçirmək mümkün olmadı. Nədən ki, Rusiya ilə münasibətlərdə problem yaşanacağını anlayırdıq. Dövlət qeydiyyatı olmasa da, həm yerli, həm də Rusiya mətbuatında birliyin məqsədləri barədə məlumatların yayılmasına nail olduq. Rusiyanın bu giqant hərbi obyektinin RLS-in radiusunda yerləşən əhali üçün nə qədər təhlükəli olduğunu, təbiətə vurduğu zərəri ictimaiyyətin diqqətinə çatdırdıq. Və iki dəfə də Qəbələyə gedib RLS-in qarşısında etiraz mitinqi düzənlədik. 2012-ci ildə Rusiya hökuməti Qəbələ RLS-in istismarının dayandığını bəyan etdikdən sonra “RLS-siz Azərbaycan” da ictimai birlik kimi fəaliyyətini dayandırdı...
Göründüyü kimi Rusiyanın Azərbaycanda çox güclü hərbi obyektləri vardı. SSRİ dağıldıqdan sonra Baltikyanı müttəfiq respublikalar, Ukrayna, Belarus, Ermənistan və Gürcüstan fürsətdən yararlanaraq Sovet Ordusunun hərbi bazaları əsasında öz dövlətlərinin müdafiə sistemini qurmağa nail oldu. Azərbaycanda isə vəziyyət bambaşqa idi. Bizdə iqtidarın və müxalifətin hakimiyyət uğrunda savaşı bu işin görülməsinə mane oldu. Yanvar faciəsindən sonra hakimiyyətə gələn A. Mütəllibovun qarşısında dayanan ən müqəddəs vəzifə xalqın təhlükəsizliyini deyil, hakimiyyətini qorumaq olduğundan Azərbaycan ordu quruculuğunda 90-cı illərdə pozitiv addımlar ata bilmədi. 1991-ci ildən başlayaraq SSRİ ərazisində dislokasiya olunmuş hərbi hissələrin əksəriyyətində komandirlər əvvəl gizli sonra da açıq-aşkar silah alverinə qurşanmışdı. Dövlətin təhlükəsizliyi naminə ölkəyə rəhbərlik edənlər düşünülmüş addımlar atsaydı, Azərbaycandakı hərbi hissələrin silah-sursatının belə əhəmiyyətli bir hissəsini əldə edə bilərdi. Dövlət üçün bu işin gerçəkləşməsinə görə müəyyən miqdar vəsait ayırması elə bir problem yaratmazdı. Bu addım dövlət səviyyəsində atılmadı.
Çünki bundan da “önəmli işlər” vardı.
Diqqət edin, "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra 1991-ci il sentyabrın 8-də Azərbaycanda ilk prezident seşkiləri keçirildi.
Seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, da eynən sovet dövründə keçirilən digər seçkiilərdə olduğu kimi səslərin 98,5 %-ni topladı və Azərbaycan Prezidenti seçildi.
Ayaz Mütəllibov Prezident seçkilərinə sıravi bir kommunist kimi qatılmadı. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi sifətində seçkilərdə iştirak edirdi.
Lütfən, elə buradaca, iki fakta da qiymət verin: 1. Azərbaycanda keçirilən Prezident seçkisindən 15 gün əvvəl Rusiya Sovet Federativ Sosialist Respublikasında (RSFSR) 23 avqust 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırılmış, əmlakı müsadirə edilmiş və partiya təşkilatlarının binaları möhürlənmişdi. 6 noyabr 1991-ci ildə isə Kommunist Partiyasının fəaliyyəti RSFSR Prezidenti Boris Yeltsinin fərmanı ilə Rusiya ərazisində qadağan edilmişdi.
2. A. Mütəllibovun Prezident seçildiyi 8 sentyab 1991-ci ildən 2 ay 18 gün sonra SSRİ adlı dövlət dəfn olundu.
Azərbaycan respublikasının başında dayanan bir şəxsin siyasi səriştəsinə, peşəkarlığına və uzaqgörənliyinə bu iki fakta görə qiymət vermək, fikrimcə, heç bir çətinlik törətməz. Canbəsər vəziyyətində olan bir partiyanın rəhbəri kimi prezident seçkisində iştirak etməyi və 2 ay 18 gündən sonra tarixdən silinəcək bir dövlətin Azərbaycan filialının başına keçməyi normal məntiqə sığışdırmaq mümkün deyil.
Ayaz Mütəllibov ağılsız adam deyildi, şüurlu həyatı boyu yüksək vəzifələrdə olmuşdu. Sadəcə, vəzifə hərisliyi onu bu addımları atmağa vadar edirdi. Çünki o, müstəqil Azərbaycanın hökmdarı olmaq istəyirdi.
Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov təxminən 4 il (1988-1992) Azərbaycan respublikasının rəhbəri oldu. Bu dörd ildə Azərbaycan xalqı çox ağır faciələrlə üzləşdi. Qərbi Azərbaycan ərazisindən 350 min nəfər soydaşımız cinayətkarcasına deportasiya olundu, Qanlı Yanvar faciəsi baş verdi, Dağlıq Qarabağın əzəli sakinləri və sahibləri olan azərbaycanlıların yaşadığı evlər yandırıldı, özləri vilayətdən çıxarıldı, və nəhayət, Xocalıda soyqırım gerçəkləşdi.
Bu faciələr dörd il ərzində bizim başımıza gəldi. Və o dörd ildə Azərbaycanın başında Ə. Vəzirovla Ayaz Mütəllibov dayanırdı. Elə buradaca, sizə sual edirəm, dəyərli oxucu. Ə. Vəzirov və A. Mütəllibov bu faciələrin hansını önləmək üçün bir azərbaycanlı kimi sinəsini irəli verdi?
Daha bir sualım var. Bu dörd ildə ermənilərin separatçı hərəkətlərinin qarşısını almaq yerinə vətəndaşları tam müdafiəsiz qoyan, Dağlıq Qarabağın əsl sahibi olan azərbaycanlılardan ov tüfənglərin belə rəsmi qərarla yığdıran, azərbaycanlı əhalini silahsızlaşdırmaqla ermənilərin yaşayış məntəqələrimizdə vəhşilik törətməsinə münbit şərait yaradan kimlər idi?
Həm, Ə. Vəzirov və həm də, A. Mütəllibov Azərbaycanın SSRİ-nin müstəmləkəsi olmaqda davam etməsi üçün var gücü ilə mübarizə aparırdı. Azərbaycan xalqının milli oyanışı və özünüdərki gerçəkləşdiyi bir zamanda bu iki şəxs rəhbər olaraq xalqın önündə dayansaydı, tam əminliklə və məsuliyyətlə deyirəm ki, xalqımız bu qədər vəhşiliklə üz-üzə qalmazdı.
Qanlı 20 Yanvar faciəsinə diqqət edək. Bu barədə minlərlə kitab-məqalə yazılıb, ancaq qaranlıq məqamlar qalmaqdadır. Onlardan biri barədə düşüncələrimi yazmaq fikrindəyəm. İlk olaraq, onu qeyd etmək lazımdır ki, bu faciə milli oyanışımızda və mill kimliyimizin dərkində, başımızda Vətən və Dövlət dəyərlərinin formalaşmasında fövqəladə rol oynadı. Bu barədə bir az sonra oxuyacaqsınız. İndi maraq edilən o ordunun kim(lər) tərəfindən Azərbaycana-Bakıya “dəvət” edilməsidir. İstintaq təhqiqatı aparmaq iddiasında deyiləm, sadəcə, bu “dəvətin” mənəvi tərəfinin xalqımız üçün əhəmiyyət kəsb etdiyi qənaətindəyəm. Dövlətin başında dayanan şəxsdən başqa heç bir vəzifə sahibi Kremlə müraciət edərək Bakıda sabitliyin bərqərar olunması üçün yardım istəyə bilməzdi. İdarəetmənin əlifbasını anlayanlar belə təsdiq edər ki, birinci şəxsin xəbəri olmadan kimsə cəsarət edib bu addımı atmağa risq etməzdi.
20 yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar bunun əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdur. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdür. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdır. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Ən başlıcası isə Kremlin erməni mafiyasın məkrli siyasətini dərk etməkdə çətinlik çəkən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur.
Öz xalqının qırğını üçün ordu çağırmaq və sonra bunun altından çıxmaq cəhdi ilə beş-on nəfəri aldatmaq olar, hətta, bir xalqı belə bir müddət yanıltmaq mümkündür. Ancaq tarix müəyyən zaman kəsimindən sonra gerçəkləri öz yerinə qoyur.
Ümidvaram ki, Azərbaycanda qan yaddaşımıza, genlərimizə hopması üçün nə vaxtsa, bir “ Qara siyahı” tərtib olunacaq. Və o siyahıya Millətə və Dövlətə qarşı cinayət etmiş vəzifə sahiblərinin adları salınacaq.
Gələcək nəsillər üçün bu siyahı böyük önəm daşıyar. Və ən əsası dövləti idarə edənlər belə bir siyahının varlığında özündə məsuliyyət hiss edər...
SSRİ-i kimi nəhəng bir dövlət 1991-ci ilin dekabr ayının 26-da tarixin arxivinə atıldı. SSRİ-ni quran kommunistlər idi və bu o demək idi ki, SSRİ ilə bərabər Sovet İttifaqı Kommunist Partiyası da ölmüşdü. RSFSR-in başında dayanan B. Yeltsin Kommunist Partiyasını rəsmən Rusiya ərazisində dəfn etsə də, Azərbaycanda Kommunist Partiyası yaşamaqda davam edirdi və o kommunistlərin də lideri A. Mütəllibov idi.
Xatırlatdıq ki, əgər Ə. Vəzirov hakimiyyətini qorumaq üçün daxildə yalnız Azərbaycan Xalq Cəbhəsi ilə mübarizə edirdisə, A. Mütəllibov həm, Azərbaycan Xalq Cəbhəsi və həm də, Heydər Əliyevlə savaşırdı.
Etiraf edək, biz azərbaycanlıların vəzifə kreslosuna olan “aşiqliyi” bəlkə də dünyanın heç bir xalqında yoxdur. Bu “aşiqlik” sovet dövründə yaranmadı. Orta əsrləri, xanlıqlar dövrünün Azərbycanını yadınıza salın. “Liderlik” xəstəliyinə tutulanların sayəsində yüz illərlə dövlət qura bilmədik. O xəstəliyə mübtəla olanlar xalqa min məşəqqət yaşatdı. Hikkə, təkəbbür, sərvət və qadın düşkünlüyü imkan vermədi qüdrətli Azərbaycan dövlətinin yaranmasına. Məhz o “liderlik” xəstələiyinə yoluxanlara rəğmən birləşə bilmədi xalq. İtirə-itirə yaşamaq zorunda qaldıq. Diqqət edin, əcdadlarımızn qurduğu Səfəvilər dövlətinin 1512-ci ildə ərazisi 3.500.000 km² idi. Bu günkü dövlətimizin- Azərbaycan Respublikasının ərazisi - 86,6 min km². Fərqi görürsünüzmü? 400 ildə 4 dəfə kiçildi torpaqlarımız. O torpaqların bir metrini belə xalq itirmədi. İtirənlər burnunun ucundan uzağı görməyən rəhbərlərimiz idi...
Ayaz Mütəllibovun başı AXC və Heydər Əliyevlə apardığı müharibəyə qarışdığından ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinin daha geniş vüsət aldığının fərqində deyildi. O, hər zaman olduğu kimi yenə də Kremlin Dağlıq Qarabağdakı münaqişəni yoluna qoyacağına ümid bəsləyirdi. Və məhz buna görə də bütün gücünü daxildəki “siyasi müharibələrə” sərf edirdi. Bilavasitə dəstəyi ilə yaradılmış bəzi cəmiyyətlər ( “Qardaşlıq”, “Tövbə”) açıq-aşkar Ayaz Mütəllibovun müdafiəsinə qalxıb ona qarşı çıxanlarala zor müstəvisində danışırdı...
1992-ci ilin əvvəlində-yanvar ayının 8-də erməni terrorçuları Krasnovodskdan Bakıya gələn sərnişin bərəsini partlatdılar. 25 nəfər öldü, 88 nəfər yaralandı. Yanvarın 15-də Kərkicahan qəsəbəsi işğal edildi. Yanvarın 26-da isə Şuşa yaxınlığındakı Daşaltı kəndində özünümüdfiə dəstəsindəki əsgərlərimiz ermənilərin pusqusuna düşdü, qeyri-bərabər döyüşdə 33 nəfər döyüşçümüz həlak oldu, 36 nəfər yaralandı və 34 nəfər itkin düşdü. Yanvarın 28-də Ağdam-Şuşa marşurutu ilə uçan mülki vertolyot erməni terrorçuları tərəfindən vuruldu. Əsasən qadın və uşaqlardan ibarət olan 41 nəfər sərnişin və 3 nəfər ekipaj üzvü həlak oldu.
Bu terrorlar ermənilərin daha ada azğınlaşdığını göstərirdi. 10 fevral 1992-ci ildə Quşçular və Malıbəyli kəndləri işğal edildi. 13–17 fevral 1992-ci il tarixlərdə Dağlıq Qarabağın Xocavənd rayonu Qaradağlı kəndində qanlı döyüşlər getdi. Avtomat silahlara sahib olan erməni dəstələri kəndin 92 nəfər müdafiəçisini və 54 nəfər sakinini öldürdü. Ermənilər silahsız kənd camaatından 117 nəfəri girov götürdü, onlardan 77 nəfərini qətlə yetirildi, kəndin yaxınlığındakı fermada 6 nəfər diri-diri yandırıldı. Bütün bu terrorlar düçar olacağamız daha ağır faciədən xəbər verirdi. Elə də oldu.
25–26 fevral 1992-ci ildə erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə Xocalı şəhərini darmadağın edərək, dəhşətli soyqırım törətdi. Soyqırım nəticəsində 613 nəfər, o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürüldü. 487 nəfər, o cümlədən, 76 uşaq şikəst edildi. 1275 nəfər girov götürüldü və 150 nəfər itkin düşdü.
Xocalı soyqırımının törədilməsində SSRİ dağıldıqdan sonra Azərbaycan ərazisində qalmaqda davam edən 4-cü ordunun 366-cı polkunun 3-cü batolyonu xüsusi rol oynadı. Batolyonda xidmət edən erməni əsilli zabitlər və batolyonun rus əsilli komandiri bilavasitə Xocalı soyqırımına rəhbərlik edirdi.
Bu soyqırımdan qeyzlənən Azərbaycan xalqı şaşqın duruma düşmüşdü. Sayca bizdən 3 dəfə az olan ermənilərin vəhşiliklərini əhali ürək ağrısı ilə seyr etməkdəydi.
Ayaz Mütəllibovun Heydər Əliyev və AXC ilə apardığı “müharibə” bütün faciələrimizi arxa plana çəkmişdi. Xalq soydaşlarımızın deportasiyasına, Dağlıq Qarabağdakı etnik təmizliyə, Xocalı soyqırımına rəğmən ağır yara almışdı. Bu yaraları sağaltmaq üçün hakimiyyətin başında dayananların xalqla birləşməsi lazım idi. Azərbaycandakı siyasi böhran buna imkan vermirdi. Azərbaycan Xalq Cəbhəsi ilə Ayaz Mütəllibov bir araya gəlib xalqın problemlərini çözmək üçün, gündən-günə artan erməni vəhşiliyinin qarşısını almaq üçün müzakirələr edə bilmirdi. Xalq ehtiyac içində yaşasa da, “qarın davası” etmirdi. O, yaralanmış qürurunu bərpa etmək üçün düşmənlə savaş istəyirdi.
Nədən Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsi ilə bir araya gələ bilmirdi və nədən onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevlə münasibətləri həddən ziyadə gərgin idi?
Öncə A. Mütəllibov Azərbaycan Xalq Cəbhəsi arasındakı münasibətə nəzər yetirək...

"TƏŞƏBBÜS" VƏTƏNDAŞ PLATFORMASI

Səxavət Əıisoy

0.013569116592407