Tramp Avropa Birliyinin "kabus"una çevrilir: "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir
Avropa Birliyi iqtisadiyyatının zəifləməsi onun rəqabət potensialını sarsıdır və bu dünya nəhənginin mövcudluğunu ciddi təhlükə qarşısında buraxır... Əgər, Avropa Birliyi ABŞ və Çin ilə iqtisadi rəqabətdə mövqelərini qoruya bilməzsə, mərkəzdənqaçma, parçalanma və son nəticədə isə çöküş prosesinə məruz qala bilər...
Qərb dövlətləri arasında narahatlığın mövcudluğu müşahidə edilir. Xüsusilə də, Avropa məkanında olduqca ciddi təlaş hökm sürür. Belə ki, Qərb siyasi dairələri qeyri-müəyyən mərhələnin başlanmaq üzrə olduğuna əmindirlər. Bu mərhələnin inkişaf istiqamətləri barədə isə hələlik elə bir ciddi aydın təsəvvürlərə malik deyillər. Və bu baxımdan, Qərb siyasi dairələrində yeni situasiyanın arzuolunmaz nəticələrinə indidən hazırlaşmaq istiqamətində müəyyən addımların atılmasına cəhdlərin göstərildiyi də nəzərə çarpır.
Onu da qeyd etmək lazımdır ki, Qərbdə, xüsusilə də, Avropa məkanında yaşanan siyasi-iqtisadi dalğalanmanın əsas səbəbi ABŞ-da keçirilmiş növbəti prezident seçkilərində Donald Trampın yenidən qalıb gəlməsi hesab olunur. Çünki Ağ Evin yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq yeni sahibi seçkiqabağı Avropa Birliyi üçün olduqca təhlükəli vədlər vermişdi. Üstəlik, Qərb siyasi dairələri hesab edirlər ki, Ağ Evin yeni sahibi öz vədlərinin mütləq əksəriyyətinə sadiq qalmaqda israrlı mövqe tuta bilər. Və xüsusilə də, Avropa Birliyi ABŞ-ın Tramp administrasiyası tərəfindən vəd edilən yeni xarici siyasət kursuna qətiyyən hazır deyil.
Məsələ ondadır ki, yeni prezident Donald Tramp Avropa Birliyi ölkələrinin
təhlükəsizlik maraqlarının təmin olunmasına ABŞ-ın dövlət büdcəsindən fantastik məbləğlərin sərf olunmasını yolverilməz hesab edir. Onun fikrincə, hər bir dövlət öz milli təhlükəsizlik maraqlarına yetərincə maliyyə vəsaiti xərcləməlidir. ABŞ bunu onların əvəzinə etməyə qətiyyən borclu deyil. Və bu, o deməkdir ki, Tramp administrasiyası Avropa Birliyinin təhlükəsizliyinə xərclənən maliyyə vəsaitlərini maksimum səviyyədə məhdudlaşdırmağa, hətta ümumiyyətlə, kəsməyə hazırlaşır.
Ona görə də, indi Avropa Birliyi ölkələri milli təhlükəsizlik problemlərini həll etmək üçün əlavə maliyyə qaynaqları yaratmaq məcburiyyətində qalıblar. Son illərə qədər ABŞ-ın Avropadakı hərbi bazaları və NATO-nun "təhlükəsizlik çətiri" sayəsində hərbi xərclərini minimuma endirmiş bu ölkələr indi
qeyri-adi situasiya ilə üzləşiblər. Hər halda, Avropa Birliyi ölkələri hazırda "təhlükəsizlik vakuumu"nda qala biləcəklərini anlamağa başlayıblar. Və bu, Qərb ölkələri üçün ən arzuolunmaz yeni hərbi-siyasi çağırışların sırasına daxildir.
Mövcud situasiyanın təhlükə səviyyəsini Ukrayna savaşında qeyri-müəyyən vəziyyətin yaranması daha da artırır. Çünki Avropa Birliyi Rusiyaya qarşı artıq bumeranq effekti verməyə başlamış ağır iqtisadi sanksiyalar tətbiq etsələr də, Ukrayna ordusunun silah-sursatla təchiz olunmasına külli miqdarda maliyyə vəsaiti xərcləsələr də, yekun nəticələr hələlik ümidverici deyil. Tramp administrasiyasının Avropa ölkələri üçün bufet zona rolunu oynayan Ukraynanı qurban verərək, Rusiya ilə sülh anlaşmasına cəhd göstərməsi situasiyanı daha da qəlizləşdirir. Və "qoca qitə"yə qarşı Rusiya təhlükəsini yenidən aktuallaşdırır.
Belə vəziyyətdə Avropa Birliyi ölkələri üçün dərhal hərbi xərcləri maksimum səviyyədə artırmaqdan başqa çıxış yolu qalmır. Halbuki, Avropa Birliyi ölkələrdə mövcud olan həyat şərtləri şəraitində bunu etmək o qədər də asan məsələ deyil. Belə ki, Avropa məkanında əhali yüksək həyat standartlarına vərdişlidir. Avropa Birliyi ölkələrinin hərbi xərcləri artırması üçün isə hazırda sosial təminat paketlərini arxa plana keçirməkdən başqa maliyyə qaynağı tapmaq çox çətindir. Və bu, Avropa ölkələri üçün həm də daxili sosial-siyasi təlatümlər vəd edir.
Məsələ ondadır ki, sosial xarakterli xərclərin azaldılmasının Avropa ölkələrində əhalinin ciddi narazılığına səbəb olacağı qətiyyən şübhə doğurmur. Üstəlik, bunun ilkin əlamətləri artıq müşahidə olunmağa başlayıb. Belə ki, Almaniya, Fransa, Hollandiya və s. kimi ölkələrdə sosial xarakterli maliyyə ayırmalarının hərbi təhlükəsizlik maraqlarına yönəldilməsi ciddi ölkədaxili etirazlara yol almaqdadır. Və Avropa dövlətləri bütün daxili müqavimətə baxmayaraq, bu prosesi davam etdirməyə məcburdur.
Göründüyü kimi, Avropa məkanında situasiya qəlizləşməyə başlayıb. Prezident Donald Trampın hələ səlahiyyətlərinin icrasına başlamadan ABŞ üçün müəyyən etdiyi yeni siyasi prioritetlər bu məkanı artıq qarışdırmaq üzrədir. Bəzi məlumatlara görə, hazırda Avropa məkanında sosial-iqtisadi böhran yaranmağa, siyasi təlatümlər ön plana keçməyə başlayıb. Avropa Birliyi ölkələrinin ortaq valyuta vahidi olan avro ABŞ dollarına münasibətdə dəyər itirir. "Qoca qitə"nin önəmli nəhəng şirkətləri isə müflis olmaq təhlükəsinə sürətlə yaxınlaşır. Və bu, Avropa Birliyinin çöküşünə belə, yol aça biləcək təhlükəli prosesin yalnız başlanğıcı hesab olunur.
Məsələ ondadır ki, sosial-iqtisadi böhranın ilkin əlamətləri Avropa məkanında radikalizmi və ultramillətçi siyasi cərəyanların güclənməsinə də münbit şərait yaradır. Belə situasiya yaxın gələcəkdə bu məkanda kütləvi iğtişaşlarla yanaşı, siyasi-ideoloji xarakterli hakimiyyət dəyişikliklər də vəd edir. Yəni, Qərb siyasi dairələrinin bütün dünyaya "dərs keçməyə" vərdiş etdikləri dəyərlər arxa plana keçmək üzrədir. Və bu, Avropa Birliyi məkanını tezliklə adətən, başqa ölkələri ittiham etdikləri avtoritarizmə doğru sürükləyə də bilər.
Digər tərəfdən, Avropa Birliyi iqtisadiyyatının zəifləməsi daha böyük problemlər də vəd edir. Belə ki, indiki situasiyanı dəyişmək mümkün olmazsa, Avropa Birliyinin mövcudluğu da böyük təhlükələr qarşısında qala bilər. Çünki iqtisadi daralma növbəti mərhələdə Avropa Birliyinin rəqabət potensialına sarsıdıcı zərbələr vəd edən əsas neqativ faktorların sırasına daxildir. Xüsusilə də, Avropa Birliyi ABŞ və Çin ilə iqtisadi rəqabətdə mövqelərini qorumaq məcburiyyətindədir. Və buna nail olunmazsa, Avropa Birliyində mərkəzdən qaçma prosesi, daha sonrakı mərhələdə isə ümumiyyətlə, parçalanma, çöküş reallığa çevrilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"